Deputatın Azərbaycanda yaltaqlığı qadağan etmək çağırışı MDB-də rezonans doğurdu

Deputatın Azərbaycanda yaltaqlığı qadağan etmək çağırışı MDB-də rezonans doğurdu Bu gün Azərbaycanda Milli Məclisin iclası zamanı deputatlardan Qüdrət Həsənquliyev maraqlı təkliflə çıxış edib və bildirib ki, deputatlara, habelə məmurlara yaltaqlığı qadağan edən hansısa qanun qəbul etmək lazımdır. Və bu qanun pozanlar cəzalandırılmalıdır. Deputat Həsənquliyev bu təkliflə çıxış edərkən Özbəkistanın təcrübəsindən çıxış etdiyini deyib, bildirib ki, bu günlərdə Özbəkistanda yaltaqlığa “dövlət səviyyəsində qadağa qoyulduğunu” eşidib.



Spiker Oqtay Əsədov isə deputatın “ürəyinin dolu olduğuna” (Həsənquliyevin ürəyinin niyə dolu olduğu barədə heç nə deyilmir) eyham vurub, onun təklifinin həyata keçirilməsinin çətinliyinə işarə edərək deyib ki, gərək əvvəlcə yaltaqlığın səviyyəsini müəyyən edəsən. Sonra buna qadağa qoymaq haqda fikirləşmək olar.


Bəs deputat Həsənquliyevin ilham aldığı Özbəkistan nümunəsi nədən ibarətdir?

Virtualaz.org bir neçə gün əvvəl bu haqda xəbər dərc etmişdi və orada “Azadlıq” radiosunun özbək xidmətinə istinadən deyilirdi ki, Öbəkistanda hakimiyyət orqanları rəsmiləri mədh edən mahnıları oxuyanları və onları yazanları cərimələyəcək. Hətta belələrinin lisenziyaları əllərindən alınacaq.

Bu barədə bəyanat Özbəkistanın əyləncə sənayesinə rəhbərlik edən "Özbəkkonsert" trestinin iyunun əvvəllərində keçirilmiş iclasında verilib. Təşkilatın rəhbəri Azamat Haydarov internetlə yayılan müraciətində deyib: "Ayrı-ayrı fərdlərə, dövlət başçılarının fəaliyyətinə kliplər qoşmaq etikasızlıqdır".



Bu bəyanatdan az əvvəl bir özbək müğənni qadın yeni prezident Şavkat Mirziyoyevə həsr olunmuş mahnını oxuyandan sonra tənqid olunmuşdu. 49 yaşlı müğənni və aktrisa Dilfuza İsmoilovanın musiqi videosunda belə sözlər səslənirdi: "Qoy bu torpağın sultanı şərəflənsin". Mahnı Youtube-da mayın 21-də yerləşdirilmişdi, lakin sonradan onu siliblər. Mahnının sözlərində Mirziyoyev "gözəl sultan", "Allahın yerdəki kölgəsi" və "sevilən məxluq" adlandırılır. Videoda prezident Kərimovun vaxtında 13 il baş nazir olmuş Mirziyoyevin özü də görünür.

Lakin müğənni deyib ki, mahnı onun vicdanı ilə ürəyindən gəlib. Buna baxmayaraq mahnı Özbəkistanda sosial media istifadəçilərinin kəskin tənqidi ilə üzləşmişdi. Bir çoxları narahat idilər ki, onların da ölkəsi qonşu Türkmənistanın gününə düşər. Bu yaxınlarda Türkmənistan televiziyasında prezident Berdımuxammedovun anasını mədh edən mahnı səslənib. Qadını "dünyaya belə bir insanı gətirdiyinə görə" mədh edirdilər.

Özbəkistan müğənnilərinin həmin xəbərdarlıqdan sonra rəhbəri mədh etmək şakərindən əl çəkdiklərinə dair məlumat yoxdur. Ancaq məlum olanı budur ki, deputat Həsənquliyevin Özbəkistan nümunəsindən çıxış edərək Azərbaycanda da yaltaqlığı qadağan etmək çağırışı MDB KİV-lərində maraqla qarşılanıb, günün maraqlı xəbərlərindən birinə çevrilib. Rusiyanın aparıcı xəbər agentlikləri, Qazaxıstan, Özbəkistan KİV-ləri Q.Həsənquliyevin təklifi barədə xəbərləri gün ərzində tirajlayıblar.
Tarix: 1-07-2017, 06:11
Xəbəri paylaş





Xəbər lenti