Etibar Məmmədovun böyük siyasətə dönüş müəmması

Etibar Məmmədovun böyük siyasətə dönüş müəmması AMİP rəhbərliyindən liderləri haqda açıqlamalar

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov ölkədə gələn il keçiriləcək prezident seçkiləri ərəfəsi vəziyyəti qiymətləndirib. E.Məmmədov ölkə.az-a açıqlamasında deyib ki, hazırda ölkədə siyasi vəziyyət qaynar deyil.

Son vaxtlar Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin artması məsələsinə də toxunan E.Məmmədov bunun ənənəvi hal olduğunu bildirib: “Rusiyadan Azərbaycana qarşı təzyiqlər hər zaman olub və bundan sonra da olacaq. Nə qədər ki, qonşuluqda Rusiya var və Azərbaycan onun maraq dairəsinə daxildir, ölkəmizə qarşı hər zaman bu cür təzyiqlər davam edəcək. Rusiyanın "beşinci kolon"u isə hər zaman Azərbaycanda hərəkətdədir".



AMİP lideri qeyd edib ki, Azərbaycana qarşı təzyiqlər təkcə Rusiyadan deyil, digər dövlətlərdən də olur: “Hansı dövlətlərin Azərbaycanda maraqları varsa, həmin dövlətlər tərəfindən təzyiqlər olunur. Azərbaycanda ”beşinci kolon"ların olmaması üçün daxildə monolitlik, güclü birlik olmalıdır. Azərbaycanın daxilindəki bütün qüvvələr bir-birini qəbul etməlidir. Bu olan təqdirdə heç bir “beşinci kolon” ölkədə çaxnaşma yarada bilməz. Əgər daxildə siyasi sabitlik olsa, daxili gərginlik olmasa, heç bir xarici dövlət Azərbaycanda öz komandasını işə sala bilməz. Şəxsən mən hər zaman Azərbaycan daxilində birliyin tərəfdarı olmuşam".


E.Məmmədov Azərbaycanda siyasətə qayıdıb-qayıtmaması ilə bağlı sualı isə belə cavablandırıb:


“İndi mənim siyasətə qayıdıb-qayıtmamağım barədə məsələni hər kəs müzakirə edə bilər. Ancaq mən bu barədə heç yerdə fikir bildirməmişəm. Siyasətə qayıtmağımla bağlı suala isə cavab vermək istəmirəm”.



2004-cü ilə qədər Azərbaycan müxalifətinin əsas simalarından sayılan AMİP lideri Etibar Məmmədovun zaman-zaman siyasətlə vidalaşdığı, daha çox biznes fəaliyyətinə önəm verməsi ilə bağlı mətbuatda çoxsaylı xəbərlər gedib. 2003-cü il prezident seçkilərindən sonra partiya sədrliyindən istefa verəndən, AMİP-in lideri olandan sonra artıq onun siyasi fəaliyyətinin sona çatması barədə çox fikirlər səsləndi. Bu adın sanki siyasətdən birdəfəlik getdiyi təəssüratı da yaranmışdı.
İndi isə AMİP liderinin siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı suala konkret cavab verməməyini onun siyasətə geri dönmək planının olması ilə kimi izah edənlər var.


Bəs Etibar Məmmədovun “siyasətə qayıtmaq fikrim yoxdur” deməməsi onu söyləməyə əsas verirmi ki, o, məqam yaranan kimi aktiv siyasətə dönəcək?


AMİP-in baş katibi, sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Etibar Məmmədov Azərbaycanın yenidən müstəqillik əldə etməsində müstəsna xidmətləri olmaqla yanaşı, ölkənin siyasi həyatına təsir etmək imkanlarına malik olmuş siyasətçidir. Bu ranqlı şəxsiyyətləri siyasətdən kənar təsəvvür etmək mümkün olmadığı üçün vaxtaşırı olaraq cəmiyyətdə Etibar Məmmədovla bağlı, eləcə də tərəfdarlarının onun aktiv siyasi fəaliyyətə qayıtması ilə bağlı fikirlər səsləndirməsi təbiidir: “Lakin özünün də dediyi kimi, istər aktiv siyasi fəaliyyətə qayıtması, istərsə də ölkədə keçirilən parlament və ya prezident seçkilərində iştirakla bağlı məsələ şəxsən Etibar Məmmədovun öz qərarına bağlı olduğu üçün bu barədə yalnız özü hər hansı bir açıqlama verə bilər. Partiya ilə əlaqələrə gəldikdə isə Etibar Məmmədov AMİP-in sədri postundan 2004-cü ildə istefa verdikdən sonra ardıcıl olaraq keçirilən qurultayların qərarlarına əsasən AMİP lideri elan olunub və bu gün də həmin yüksək statusla Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini olaraq sağ-mərkəz yönümlü partiyaların bu nüfuzlu beynəlxalq təşkilatında partiyamızı təmsil edir. Bununla yanaşı, xüsusi olaraq qeyd edirəm ki, Etibar Məmmədov AMİP-in cari fəaliyyətinə müdaxilə etmir. Yalnız ehtiyac yarandığı dönəmlərdə partiya rəhbərliyi bu və ya digər məsələ ilə əlaqədar onunla məsləhətləşməyi və təcrübəsindən yararlanmağı vacib hesab edir”.


Etibar Məmmədovun köməkçisi, AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov isə “Yeni Müsavat”a açıqlamasında Etibar Məmmədovun əslində heç zaman siyasətdən tamam getmədiyini bildirdi: “Etibar bəyin siyasətdən getməsi ilə bağlı fikirlərlə razı deyiləm. O, siyasətdən heç vaxt kənarda qala bilməyib. AMİP sədrliyindən getdikdən sonrakı illər ərzində ölkənin taleyi ilə bağlı və digər bir çox məsələlərlə əlaqədar Etibar bəy öz mövqeyini bildirib. O, Azərbaycan vətəndaşı kimi ölkədəki durumu yaxşı bilir. Prosesləri daim izləyir və öz narahatçılığını da dilə gətirir, təkliflərini verir. Cəmiyyətin ona böyük ehtiyacı var. Gələcəkdə ölkədə davam edən iqtisadi böhran vəziyyəti bu zərurəti daha da artıracaq. Buna qətiyyən şübhəm yoxdur. Etibar bəyin son açıqlaması böyük siyasətə qayıdış kimi qəbul olunmamalıdır. Etibar Məmmədov bu gün böyük bir partiyanın lideridir. Onun və partiyasının mövqeyi ölkədə sükutla qarşılanmır, böyük əks-səda doğurur. Etibar bəy bu gün mətbuatda və aktiv siyasətdə görünməsə də, ölkə siyasətinin ən ağır çəkili lideridir. Hər kəs görür ki, onun istənilən bir açıqlamasına cəmiyyət necə diqqətlə yanaşır. Əminəm ki, gələcəkdə Etibar bəyin böyük siyasətə qayıtmasını cəmiyyətin özü qəti şəkildə tələb edəcək. O gün uzaqda deyil”.


Ə.Orucov AMİP liderinin yenidən təşkilata sədr kimi gəlmə ehtimalının olmadığını da qeyd etdi: “Çünki o, daha yüksək statusdadır, yəni liderdir”.


Etibar SEYİDAĞA
Tarix: 1-07-2017, 08:17
Xəbəri paylaş





Xəbər lenti