Ölkədə rus dili qovğası böyüyür – kim haqlıdır?

Ölkədə rus dili qovğası böyüyür – kim haqlıdır? Hikmət Hacızadə: “Bizə inkişaf üçün nəinki rus dili, yadplanetlilər də lazımdır”; Mehriban Vəzir: “Bu cür danışanlar Rusiyanın Azərbaycandakı nökərləridir”

Uzun müddətdir ki, ölkənin bir çox ictimai şəxsləri tərəfindən Azərbaycanda rus dilinin işlədilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri hesab edirlər ki, rus dili ikinci dövlət dilimiz olmalıdır. Tanınmış iqtisadçı professor, Elçibəy iqtidarının maliyyə naziri Saleh Məmmədov da rus dilinin ikinci dövlət dili olması ilə bağlı çıxış edib. Bu müzakirələrə jurnalist Qulu Məhərrəmli və başqaları qoşulublar.

S.Məmmədov yazıb ki, hələ 25-26 il əvvəl bu təşəbbüslə çıxış edib: “Hələ 25 il qabaq irəli sürdüyüm və təklif etdiyim mühüm tezislərdən biri və ən başlıcası türk (Azərbaycan ləhcəsi), ingilis və rus dillərinin rəsmi dövlət və ya ünsiyyət dili elan olunması idi. Bu gün də gec deyil, bu ideyanı həyata keçirmək olar. Hər bir məmur üç dilin üçünü də bilməlidir, bütün vətəndaşları öz dilində qəbul etməyi və rəsmi cavab verməyi bacarmalıdır”, - deyə o bildirib. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 1991-1995-ci illərdə mətbuat və informasiya naziri olmuş Sabir Rüstəmxanlı isə bu fikirlərə qarşı çıxan yazı yazıb.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, rus dili dövlət dili kimi bizə lazım deyil: “Lakin Rusiyadan gələn Avropa və dünya mədəniyyəti bizim üçün lazımlıdır. Bax, mənim dediyim də elə budur. Rus dili vasitəsilə dünyadan məlumat alırıq. Bunu da ləğv edərsək, qaranlıqda qalacağıq. Bizə rus dilində ədəbiyyat, tərcümələr lazımdır. İngilis tərcümələri, jurnalları, amerikan elmi məqalələri bunlar hamısı rus dilinə tərcümə olunub. Çünki onların bunu etmək imkanları var. Bizim isə yoxdur. Ona görə də nəzərə alsaq ki, ölkədə ingilis dilini bilənlərin sayı çox azdır, rus dilini də ləğv edərsək, özümüz yazıb, özümüz də oxuyacağıq. Bundan əlavə, rus dilini bilmək başqa şeydir, rus məktəbində oxumaq isə tamamilə fərqlidir. Rus məktəbində oxuyan şəxs dildən başqa dünya mədəniyyətinə də yaxınlaşır. Orada qadına, insana münasibət başqadır və avtoritarizim yoxdur. Nə üçün belə olduğunu bilməsəm də, fakt odur ki, bu, belədir. Orada böyük kiçiyin başından basmır, camaatın hamısı farağatda durmur. Az da olsa, o məktəblərdən bizə dünya azadlığı gəlir. Orada sən başqa millətlərlə görüşüb, onların yaxşı tərəflərini götürürsən. Bu məktəblər də olmasa, bizdə orta əsr mədəniyyətindən, dədə-baba qaydasından kənar heç nə olmayacaq”.

H.Hacızadəyə görə, rus məktəblərində dil öyrənməkdən başqa çox müsbət nüanslar var: “Kimsə deyə bilər ki, mən dili özüm də öyrənə bilərəm. Bəli, öyrənə bilərsən. Ancaq əsas məsələ dil deyil. Bu məktəblər adamı müsbətə doğru çox dəyişir, gələcəyə hazırlaşdırır. Bəli, savad da əldə edirsən. Ancaq savaddan başqa orada dünyanın, Avropanın, Amerikanın davranış mədəniyyətləri var ki, onlarla tanış olursan. Öyrədilir ki, böyük gələndə sən rahat dur, sual verməyə, danışmağa qorxma, gözlərini yerə dikmə, adamın gözünün içinə bax. Orada mənasız utancaqlıq demək olar ki, yoxdur. Mənim qabartmaq istədiyim də budur. Əsas məsələ kitabı oxumaq deyil. Salam verməyin özünün də demokratik və avtoritar qaydası var. Davranış qaydaları, şəxsi azadlıq məsələnin əsas qayəsidir”.


H. Hacızadə mövzumuz kontekstində rus dilinə qarşı çıxanlara da münasibət bildirib: “Çətinliyə düşəndə hər kəs nə isə bir bəhanə axtarır. Ən asan məsələ də yad nəsə tapmaq və onu kənarlaşdırmaqdır. Ancaq əksinə olmalıdır. Bəlkə bizə inkişaf etmək üçün elə yad məlumat, yad mədəniyyət kömək edəcək. Yox, ulu, böyük, elçi, öndər, müəllim deyə-deyə qalmışıq. Çətinliyə düşəndə adətən hirsli adamlar nə isə səbəb axtarırlar. Burada da səbəb yad adam, qərib ideya və sairədir. Guya biz özümüzə bəsik və kənar şeylər lazım deyil. Bu, böyük bir səhvdir. Bizə inkişaf üçün yad planetlilər də lazımdır”.
Ölkədə rus dili qovğası böyüyür – kim haqlıdır?


Yazıçı-publisist Mehriban Vəzir səslənən fikirlərə sərt münasibət bildirdi: “Rus dilinin ikinci dövlət dili olması və ya digər bu kimi fikirlər səsləndirənlərin istəkləri SSRİ-nin bərpasıdır. Bu cür danışanlar Rusiyanın Azərbaycandakı nökərləridir. Müstəqil ölkədə qətiyyən belə məsələləri müzakirəyə çıxarmaq olmaz. Bunu deyənlər Monqolustana, Gürcüstana baxıb utansınlar. Dövlət dili birmənalı olaraq Azərbaycan dili olmalıdır və bu dili inkişaf etdirməliyik. Azərbaycan dilinin inkişafı haqqında dövlət proqramı var. Ancaq təəssüf ki, o proqramın bir bəndi belə yerinə yetirilməyib. Təəssüf edirəm ki, Azərbaycanda bu cür strateji məsələlər Rusiyanın xidmətçilərinə tapşırılıb. Dünyaya, informasiyaya çıxış vasitəsi kimi ingilis dili öyrənilməlidir. Rusdilli məktəblər onları ya Rusiyanın, ya da bu məktəbləri açmaq istəyənlərin pulu hesabına olmalıdır.

Dövlət büdcəsindən başqa dildə məktəb açmaq olmaz. Yalnız koloniyalar belə fəaliyyət göstərir. Rus dili Azərbaycana işğal dili kimi gəlib və belə də olmaqda davam edir. İmperiya hər zaman mübarizə aparıb ki, Azərbaycanda ikinci bir xarici dil inkişaf etməsin və dünyaya çıxış dili yalnız rus dili olsun. Gürcüstanda, Baltika ölkələrində kimsə bu cür fikirləri dilinə gətirə bilməz. İctimai qınaq həmin adamı rüsvay edər. Baş nazir bir kəlmə rus dilində söz işlətdiyi üçün onu istefaya məcbur etdilər və bu adam istefa verdi. Toplum o qədər zəifləyib ki, artıq bu kimi fikirlər səslənir. Dünyaya çıxış üçün ingilis dili öyrənilməlidir. Azərbaycan insanı əsasən Avropa şəhərlərinə gedir. Orada rus dili kimə lazımdır? Artıq rus dilinin imkanları zəifləyir. Buna görə də ölüm-dirim savaşına çıxıb, respublikalara təsir etməyə çalışırlar. Bununla da çox tarixi səhv edirlər. Rus dilini dövlət dilinə çevirmək, bir ananın öz övladı ilə başqa dildə danışması mədəniyyət əskikliyidir”.


Əli RAİS
Tarix: 1-07-2017, 08:51
Xəbəri paylaş





Xəbər lenti