“Nəyi bölüşürlər, anlaya bilmirəm”ə, “Xədicə xanım, siz İlham Əliyevdən müsahibə ala bilirsizmi?” cavabı...
Müstəqil jurnalist, keçmiş məhbus Xədicə İsmayıl sosial şəbəkə vasitəsilə müxalifəti sərt tənqid edib. Musavat.com xəbər verir ki, xanım jurnalistin ard-arda yazdığı iki status Müsavat və AXCP, eləcə də REAL üzvləri tərəfindən etirazla qarşılanıb. Müzakirə və qarşılıqlı ittihamlar hazırda da davam edir.Musavat.com X.İsmayılın yazdığı statusları təqdim edir. Xanım jurnalist öncə bu tənqidi yazıb: “Yəqin onu da hərdən yada salmaq lazımdır ki, nə qədər ki, ölkədə avtoritar, oğru rejim hökm sürür, müxalifət qurumlarının hamısı uğursuzların siyahısındadır. Əslində, elə bütün cəmiyyət "looser" sayıla bilər. Bu looserlər də özünü öyüb, mən daha yaxşı müxalifətçiyəm deyəndə bir az qəribə çıxır yəni...”
X.İsmayıl digər statusunda isə konkret hədəf göstərib: “Siyasətçiləri gün vurub. Havalanıblar. AXCP və ReAl dəyiblər bir birinə boş yerə. Nəyi bölüşürlər, anlaya bilmirəm. Müsavatçılar da Gürcüstana gedib gəlməyini elə qəhrəmanlıq kimi sırıyırlar ki, deməyə söz tapmıram. Yəni bunu da (başqaları etmədi, biz etdik) kontekstində deyirlər, dava düşəcək arada”.
Statusların ard-arda yazılması ilə müzakirələr və cavab atəşləri də verilməyə başlanıb. Ən ciddi cavab ReAl üzvü Altay Göyüşov tərəfindən verilib. O, aşağıdakıları yazıb: “Sən düz yazmırsan. Birincisi, konkret halda AXCP və ReAl yox, Altay Göyüşov və AXCP mübahisəsi var. İkincisi, özünü Minsk həmsədri kimi balanslaşdırılmış aparırsan. Ortada mübahisə predmeti var. AXCP nümayəndəsi olan jurnalist yazıb ki, siz niyə Mehriban Əliyevanın "ermənilərə nifrət aşılanmasına imkan vermərəm", "keçmişdə şərab içmişik" sözlərinə etiraz etmirsiniz? Etmirsinizsə, müxalifət deyilsiniz. Bəndəniz də yazıb ki, orada mahiyyəti etibarilə etiraz etməli heç nə yoxdur. Dağlıq Qarabağ ermənilərini bu ölkənin vətəndaşlığını qəbul etməyə çağıran və ksenofobiyasını cilovlaya biləcək istənilən siyasətçi, diplomat bu cür danşar. Deməz ki, nifrət etmişik, edirik və əbədi olaraq edəcəyik. Budur məsələ. Bu cür vay-şüvən yanaşma Kluni sənin müdafiənə qoşulanda da olmuşdu. Sadəcə, onda qaldıranlar YAP tərəfi idi. Amma onda da cavablarını vermişik. Nə qədər bu erməni məsələsindən daxili siyasi mübarizə üçün populizmlə, məsuliyyətsizcəsinə ksenofobiyanı qızışdıra-qızışdıra istifadə etmək olar?”
Müxalifətçilər eyni zamanda X.İsmayılı ədalətsiz tənqiddə ittiham ediblər. Cavablara diqqət edək: “Bizim başqa mübarizə metodumuz nədir ki... silah götürəsi deyilik ki. Guya biz bərabər rəqabət şəraitində uduzuruq ki? Ən qəddar şərtlər altında savaş gedir. Bütün sivil mübarizə yolları sıradan çıxarılıbsa, biz günahkarıq buna?”
“Xədicə xanım, bir kərə müxalifəti uğursuzluqda qınayan jurnalistlərdən birinə yazmışdım. Müxalifəti bildik, zəifdir, hakimiyyətə gələ bilmir və.s. Amma siz hesab edirsiz ki, jurnalistlər öz işini görürlər? Məsələn, siz İlhamdan müsahibə ala bilirsizmi? Yox. Bunun səbəbi nədirsə, müxalifətin uğursuzluğu ilə eynilik təşkil edən səbəbdir”.
Amma xanım jurnalistə dəstək verənlər də az olmayıb. Şərh müəlliflərindən biri yazıb ki, “Azərbaycan muxalifəti gəncləri tırkaya verməkdən başqa bir işə yaramır, işləri, gücləri xaricdən qrant alıb 5-3 nəfəri “Məhsul” stadionuna cıxartmaq, ya da hansısa bığı təzə cıxmış gənc insanın muxalif ideologiyası ilə beyinlərini doldurub onları güdaza verməkdir, başqa bir işə yaramırlar”.
Müsavat partiyasından Səxavət Soltanlı isə X.İsmayılı daha sərt tənqid edib: “Hörmətli Xədicə İsmayıl yenə də ehtiyac olmadığı halda əsas siyasi təşkilatları aşağılayıb, ehtiyac olmadığı halda Müsavat Partiyasından təbliğat işi qurduğu üçün inciyib. Gürcüstan səfərimizi, görüşlərimizi, bizə olan diqqəti zəif formada işıqlandırmamız xoşuna gəlməyib. Canı sağ olsun.
Xədicə xanım o səfərə əhəmiyyət verməyə bilər. Digər tərəfdən, Gürcüstan vətəndaş cəmiyyətinin və media orqanlarının bizim səfərə verdiyi əhəmiyyətin 1/10-ni təqdim etməmişik. Xədicə İsmayıl söylədiyi kontekstdə heç etməmişik..”
X.İsmayıl isə bu tənqidlərin böyük əksəriyyətinə cavab verməyərək, ironik tərzdə “yenə başladılar” xarakterli cavablar verib.
Musavat.com
Tarix: 3-07-2017, 16:21