Yəhudi əsilli deputat Yevda Abramov növbəti dəfə həyəcan doğuran açıqlamalar verib; Millət vəkili 2018-ci il prezident seçkilərinin asan olmayacağını söyləyib...
Hətta YAP-ın buna hazırlaşdığını qeyd edib. Onun sözlərinə görə, müxtəlif qüvvələr ölkədə təxribat yarada bilər. Ulus.Az-ın Analitik Şöbəsi yazır ki, Y.Abramov daha əvvəl də buna bənzər açıqlamalarla çıxış etmişdi. O, xüsusən Rusiyanı nəzərdə tutaraq Kremlin Azərbaycanda seçilər üçün namizəd axtarışına çıxdığını bildirmişdi. İndisə deyir ki, Azərbaycanda da seçkinin nəticələrindən narazı qalanlar olacaq:
“Ona görə də seçki ərəfəsində də, seçkidən sonra da müəyyən qüvvələr aranı qatmaq istəyəcək. İndi dünya başqa dünyadır. Səmadan yerə nəzarət etmək olur, dindirilmə-dinləmə vasitələri çox güclüdür.
Bizi istəməyən qüvvələr hələ də qalır. Ətrafımız sakit deyil. Həll edilməmiş problemlərimiz var. Amma Azərbaycan dövləti o qədər güclüdür ki, istənilən təxribatın qarşısını almağa qadirdir.
Mən desəm ki, Azərbaycanda seçki çox rahat keçəcək, bu yalan olar. Heç də rahat keçməyəcək. Amma bu, xalqı qorxutmamalıdır. Yeni Azərbaycan Partiyası artıq buna hazırlaşır”.
Ulus.Az-ın Analitik Şöbəsi yazır ki, deputatın YAP hazırlaşdığını deyərkən artıq prezidentliyə namizədini müəyyənləşdirdiyini söyləməyə çalışıb.
Ancaq ola bilsin ki, seçkilərdə başqa bir namizəd irəli sürülsün. İndiki halda isə prezident İlham Əliyevin nüfuzu çox yüksəkdir və onun qalib gəlmək şansları 95 faizdir.
Bununla belə, deputat deməyə çalışıb ki, hakimiyyət təxribatlar barədə siqnallar almaqdadır. İqtidar təhlükənin hardan gəldiyini çox güman ki, təyin edib.
Hətta Daxili İşlər naziri Ramil Usubov da çıxışında demişdi ki, Azərbaycan heç bir qüvvə xaos yarada bilməz. Bu mesajlar hakimiyyətin seçkiqabağı hansı dairələrin Azərbaycana qarşı ssenarisi olduğuna soyuqqanlı cavabdır.
Əslində, Azərbaycan hakimiyyəti Qərbdən özünə qarşı bütün təhdid və təzyiq kampaniyalarını zərərsizləşdirib.
Kəsəsi, Avropa Parlamenti istisna olmaqla Azərbaycan hakimiyyəti ilə Qərb təsisatları arasında heç bir qüvvənin problemi yoxdur. Hakimiyyət İran təhlükəsini də geridə qoymaqdadır.
Tehran mollaları vaxtaşırı Azərbaycana qarşı təxribatlar yaratsalar da, Bakı ilə əlaqələri korlamaq da istəmirlər. Suriya problemi, Qərb və ABŞ faktoru, dini amillər və s. Azərbaycanı siyasətini bu şəkildə yürütməyə imkan verir.
O baxımdan İran və Qərb təhlükəsi sovuşmasına baxmayaraq, Rusiya şimşəklərini üzərimizdən çəkməyib. 2018-ci il seçkilərində də hakimiyyətə ən böyük kataklizmlər yarada biləcək tərəf Rusiyadır. Rusiya Azərbaycanı açıq şəkildə təhdid etməkdədir.
Bunu deputatlar – Yevda Abramov, Qüdrət Həsənquliyev və başqaları dilə gətirirlər. Son zamanlar Azərbaycanda rus dili ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Millət vəkilləri və alimlər rus dilinin vacibliyini vurğulayırlar.
Bundan ilhamlananlar isə daha da irəli gedərək rus dilinin Azərbaycanda ikinci rəsmi dil olmasını təklif edirlər. Bu ssenarilərin hansı siyasi “mətbəx”lərdə hazırlandığı gün kimi aydındır.
Ölkədə xərçəng kimi yayılıb hər nöqtədə mənzillənmiş ruspərəst qüvvələr 5-ci kolonun fikirlərini sətiraltından yeridirlər. O baxımdan Moskvanın yeni nəbz yoxlamaları davam etməkdədir.
Tarix: 3-07-2017, 21:18