Sonuncu dəfə Azərbaycanda kabinet dəyişikliklərindən yazmağımızın üstündən bir neçə həftə ancaq keçər. Daha doğrusunu desək, agentliklər tez bir zamanda yeni hökumət kabineti yaradılacağını xəbərləmişdilər və biz də bu məsələni təhlil etməyə çalışmışdıq.
Amma hələki bu xüsusda elə bir yenilik yoxdur. Yeni yaranmış vitse – prezidentlik institutu köhnə kabinetlə paralel fəaliyyət göstərir. Əslində isə hökumət strukturlarında ciddi və köklü islahatlar aparılmalı idi.
Oxucuda belə təsəvvür yarana bilər ki, biz kabinet islahatlarının səmərəsinə lazım olandan çox ümid bəsləyirik. Yox, belə deyil. Sadəcə, elə olur ki, istənilən yenilik hətta məhdud dərəcədə olsa da prosesə bir dinamizm gətirir.
Bu baxımdan hökumətin işinə də iki aspektdən yanaşmaq olar. Birincisi hökumətin ümumi fəaliyyətidir, ikincisi isə onun böhrana qarşı apardığı siyasət və gördüyü tədbirlərdir.
Ümumi fəaliyyət hamıya bəllidir. Avtoritar idarəçilik modeli çərçivəsində nə qədər iqtisadi effekt əldə etmək mümkündürsə, o, edilib. Hərçənd, böyük çatışmazlıqlar və qüsurlar da yox deyildir.
Çox təəssüf ki, ən böyük və ən əsas maneə hesab edilən korrupsiya və monopoliya qalmaqdadır. Bəzi məmurların məhkəmə işlərinə baxanda, daha doğrusu, orada səslənən faktlara nəzərə salanda adam dəhşətə gəlir – düşünürsən ki, əcaba, heç bu qədər də özbaşnalıq olarmı?..
Bir tərəfdən həmin məmurların hakimiyyətin özü tərəfindən cəzalandırılması ona müsbət xallar gətirir. Digər tərəfdən isə təbii sual yaranır: belə halların bir daha təkrarlanmayacağına təminat varmı?.. Elə məsələ də bundadır ki, yoxdur, çünki ölkədə sistem xarakterli islahatlara ehtiyac var, onların haqqında isə heç kim düşünmür.
Əski iqtisadiyyat elmində bir bazis və üstqurum anlayışları vardı. Bunlardan hansının əsas faktor kimi götürüldüyü indi bir o qədər də yadımda deyil. Amma intiutiv olaraq düşünürəm ki, əsl azad iqtisadiyyat daha çevik və demokratik siyasi model tələb edərdi.
Bu isə açığını demək lazımdır ki, kimsənin marağına cavab vermir – böyük məmur ordusu imtiyazlarını və ən əsası da böyük hakimiyyətini saxlamaqda maraqlıdır.
Elə bu səbəbdən də bizim iqtisadiyyatımız xroniki xəstəliyi olan xəstə kimi aparmalıdır özünü və buna təəccüblənmək lazım deyil. Bəli, istəsək də, istəməsək də belədir, ən azı ona görə ki, hər bir siyasi münasibətlər məcmusu özünün istehsal və ya iqtisadi münasibətlər toplusunu yaradır.
Ölkə iqtisadiyyatı daha çox iri neft və qaz layihələri hesabına nəfəs alır – düşünürük ki, hamıya bəlli olan bu məsələni xüsusi şəkildə xırdalamağa ele bir ehtiyac yoxdur – necə deyərlər, görünən dağa nə bələdçi?..
Amma kabinet islahatlarını zəruri edən başqa səbəb də var. Bizim hökumətimiz bəlkə də ən qoca hökumətdir. Onun ən azı yaş baxımından yenilənməsinə ehtiyac var.
Bunun effektinə böyük ümidlər bəsləməsək də, düşünürük ki, kabinetin cavanlaşması onun işinə kiçik də olsa, canlanma gətirə bilərdi.
O ki qaldı böhranla bağlı məqamlara, bu məsələ də göz önündədir. Bəli, manatın total ucuzlaşması baş vermədi və bunun özü təqdirəlayiq faktdı. Gəl, manatın dollara nisbətdə məzənnəsi sabitləşsə də onun alıcılıq gücü haqda bunu demək olmur, dükan-bazarda qiymətlər od tutub yanır...
Bilirsiniz, Azərbaycan iqtisadiyyatı çox maraqlı və bir az da məzəli məsələdir. Məsələn, fermerlər deyirlər ki, məhsulumuz zay olub gedir, alan yoxdur. Amma bazarlarda meyvə-tərəvəz, necə deyər, od qiymətinə satılır. Niyə belə olur? Səbəbi nədir? Təəssüf ki, ağlabatan bir söz deyə bilmirik. Böyük ehtimalla səbəbi ölkənin iqtisadi modelinin mərəzlərilə izah etmək lazımdır.
Düşünürsən ki, bütün bu amillər nə vaxtsa aradan qaldırılmalıdır. Amma nə vaxt? Bəlkə də bu sualın cavabını heç nazirlərin özləri də bilmirlər və yaxud da ona cavab verməyi özləri üçün izafi bir əziyyət hesab edirlər.
Özü də bu yeganə detaldırmı? Təəssüf ki, yox. Məsələn, adamın diqqətini başqa bir detal cəlb edir. Hər gün xəbər proqramlarında bütün strateji məhsullar kimi pambığın da dünya bazarındakı qiyməti deyilir və hər dəfə bu xəbərlərə qulaq asanda adamın yadına ötən il bəzi rayonlarda insanlara “ağ qızıl”ın qəpik-quruşa, su qiymətinə yığdırılması düşür...
Belə detallar olduqca çoxdur. Onlar bir deyil, iki deyildir. Görünür, burada məsələ ya inzibati qaydada tənzimlənməli, yaxud da biri-birilə rəqabət aparan tədarükçülər şəbəkəsi yaradılmalıdır.
Qərəz, problemlər olduqca çoxdur və onlar sistemli, konseptual şəkildə həll edilməlidir. Di gəl, kim bunu həll edəcək? Fiziki cəhətdən qocalmış kabinet, yoxsa daha cavan kadrlar? Elə biz də bu sualın cavabını bilmək istıyirik. Cavab isə yubanır...
Hüseynbala Səlimov,
istiqlal.az
Tarix: 5-07-2017, 19:31