Ordumuzun hücumundan qorxan İrəvan YENİ HİYLƏYƏ ƏL ATDI: buna hazırıq...
Erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndində mülki azərbaycanlılara hücumundan sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın “Twitter”də yazdıqları diqqət çəkdi.
Publika.az xəbər verir ki, T.Balayan “Qarabağda eskalasiyanın davam etməməsi və itkilərin olmaması üçün Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsi lazımdır”, - deyə bildirib.
Bu, ilk baxışdan Ermənistanın şərti kimi görünür, lakin Vyana və Sankt-Peterburq razılaşmalarının nədən ibarət olduğuna nəzər saldıqda, İrəvanın Azərbaycanın cavab zərbələrindən qorxaraq geri çəkildiyi təəssüratı yaranır.
Ötən il baş verən “aprel müharibəsi”ndən sonra mayın 16-da prezidentlər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərlərinin də iştirakı ilə Vyanada görüşdü. Qapalı keçirilən görüşdən sonra verilən bəyanat təmas xəttində atəşkəsə nəzarət mexanizminin yaradılması ilə bağlı idi. İrəvan bunu erməni cəmiyyətinə öz qələbəsi kimi təqdim etsə də, bağlı qapılar arxasında ərazilərin qaytarılması ilə bağlı məsələnin müzakirə edildiyinə dair informasiyalar var idi. İyunun 20-də keçirilən Sankt-Peterburq görüşündə isə ərazilərin qaytarılması məsələsi bir az da konkretləşdi. Görüşdən sonra Bakının rəsmi açıqlamasından da məlum oldu ki, tərəflər ilkin mərhələdə 5 rayonun qaytarılması, daha sonra 2 rayonun azad edilməsi, qaçqınların evlərinə qayıtması və Qarabağın statusunun müzakirə edilməsi haqda razılaşıblar. Sankt-Peterburq görüşünü təşkil edən Rusiyada da münaqişənin “Kazan düsturu” çərçivəsində həlli üçün razılığın olduğu haqda danışılırdı. Ancaq sonrakı mərhələdə bu məsələ dalana dirəndi.
İndi Ermənistanın Vyana və Sankt-Peterburq razılaşmaları deyəndə nəyi nəzərdə tutduğu maraqlıdır:
- Məlumdur ki, Alxanlı hücumu Ermənistanın substantiv danışıqlardan yayınmaq və “nəzarət mexanizmi”ni yenidən gündəmə gətirmək məqsədi daşıyır. Hesab etmək olar ki, bu hücumdan sonra İrəvan Vyana və Sankt-Peterburq razılaşmalarını gündəmə gətirməklə “nəzarət mexanizmlərinə” işarə vurur. Təbii ki, hücumun məqsədi və baş verən proseslər erməni tərəfinin mövcud status-kvonun saxlanılması üçün əlindən gələn hər şeyi etdiyini göstərir. Lakin burada bir məqam xüsusilə diqqət çəkir: Axı Vyana və Sankt-Peterburq razılaşmalarının böyük hissəsi ərazilərin qaytarılması ilə bağlıdır və rəsmi Bakı yalnız bu şərtlə “nəzarət mexanizmi”nə razı ola bilər. Mümkündürmü ki, İrəvan bu razılaşmaları gündəmə gətirməklə, özünü Azərbaycan Ordusunun cavab zərbəsindən sığortalayır?- Baş verən hadisədən sonra bir sıra ekspert Azərbaycanın cavabının ağır olacağı haqda danışır. Əslində “aprel müharibəsi”nin təcrübəsi də bunu deməyə əsas verir: ötən il erməni hərbi birləşmələri cəbhəboyu kəndlərə hücuma keçərək, mülki azərbaycanlıları qətlə yetirdi. Ardınca başlanan “aprel müharibəsi”ndə Ordumuz düşmənə son 20 ildə ən ağır zərbəni endirdi və işğal altındakı ərazilərin bir qismini azad etdi.
Analoji hal indi də yaşana bilər: erməni hərbi birləşmələri ötən il olduğu kimi, iyulun 4-də aralarında iki yaşlı körpə uşaq olmaqla Azərbaycan vətəndaşlarını qətlə yetirdi. Azərbaycanın bunu cavabsız qoymayacağı şübhəsizdir. Bu kontekstdə rusiyalı jurnalist Mixael Belyayevin sözləri diqqət çəkir. Belyayev hesab edir ki, Azərbaycan “yumaq” ssenaridə snayperlərlə erməni hərbiçilərini bir-bir dənləyəcək, “sərt” ssenaridə ağır artilleriya erməni hərbi birləşmələrinin mövqelərini darmadağın edəcək.
Hesab etmək olar ki, İrəvan Azərbaycan Ordusunun cavab zərbələrindən qorxduğu üçün Vyana və Sankt-Peterburq razılaşmalarını gündəmə gətirir. Bu, bir tərəfdən, düşmənin özünü sığortalamaq və vaxt qazanmasıdır, digər tərəfdən isə Ermənistanın geri çəkildiyini və substantiv danışıqlara razılaşmağa hazır olduğunu göstərir. Hər iki halda düşmən geri çəkilir, lakin bunun əsasən vaxt qazanmağa hesablanmış hiylə olduğu da məlumdur. Burada erməni siyasi şərhçi Akop Badalyanın Tiqran Balayanın açıqlamasına münasibəti də diqqət çəkir: “Görünür, erməni tərəfi “güzəştə” (ərazilərin qaytarılması nəzərdə tutulur – red.) razılaşır”.Hər halda nazirlərin iyulun 11-də nəzərdə tutduğu görüşün atmosferi çox şeyə aydınlıq gətirəcək.
Siam.az
Tarix: 6-07-2017, 14:35