Rusiya Xarici İşlər Nazirliyi iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutmasına münasibət bildirib. Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı müzakirələrin təxirə salınmasını nəzərdə tutan hesabatı qəbul edib. ABŞ prezidenti Donald Tramp Rusiyanı Şərqi Avropada destabilizasiya yaratmaqda ittiham edib. Donald Tramp Moskvanı Suriya və İrana dəstək verməkdən imtina etməyə çağırıb. Vaşinqton Pxenyanı növbəti dəfə hərbi müdaxilə ilə hədələyib.Rusiya Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Mariya Zaxarova münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırıb. “ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin dayandırılması və danışıqların bərpa olunması ilə bağlı bəyanatını dəstəkləyirik", - deyə o qeyd edib.
XİN sözçüsü vurğulayıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni hər zaman xüsusi nəzarətdə saxlayır. Onun sözlərinə görə, Rusiya çalışır ki, vəziyyətin eskalasiyası zamanı onu yenidən nizamlama prosesinə qaytarsın: “Bu belə də davam edəcək".
Erməni hərbi birləşmələri Füzulinin Alxanlı kəndinə hücumu nəticəsində 50 yaşlı Sahibə Quliyeva və iki yaşlı Zəhra Quliyeva həlak oldu. Rusiyalı jurnalist Mixael Belyayev Azərbaycan Ordusunun cavabının ağır olacağını hesab edir və o, bunu “aprel müharibəsi” təcrübəsinə əsaslanaraq söylədiyini vurğulayır.
Erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndində mülki azərbaycanlılara hücumundan sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın “Twitter”də yazdıqları diqqət çəkdi. T.Balayan “Qarabağda eskalasiyanın davam etməməsi və itkilərin olmaması üçün Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsi lazımdır”, - deyə bildirib.
Bu, ilk baxışdan Ermənistanın şərti kimi görünür, lakin Vyana və Sankt-Peterburq razılaşmalarının nədən ibarət olduğuna nəzər saldıqda, İrəvanın Azərbaycanın cavab zərbələrindən qorxaraq geri çəkildiyi təəssüratı yaranır.
Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı müzakirələrin təxirə salınmasını nəzərdə tutan hesabatı qəbul edib. 477 deputatın dəstəklədiyi hesabat Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri tərəfindən hazırlanıb.
Ankaranın qərara reaksiyası gecikməyib. Avropa İttifaqı naziri Ömər Çelik bildirib ki, Türkiyə bu hesabatı əsla qəbul etməyəcək: “Təəssüf ki, bu qərar obyektiv deyil, siyasi xarakter daşıyır. Bu sadəcə Aİ Komissiyasının yayımladığı hesabatın Avropa Parlamenti tərəfindən dəyərləndirilməsidir.”
Türkiyənin Adana vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatın gedişatında tutulan 7 kamikadzenin dəhşətli planı ortaya çıxıb. Terrorçular ölkədə fərqli dini qruplara hücuma hazırlaşırdılar.
Kamikadzelərin M.Ö. adlı terrorçunun təlimatı əsasında hücumlara hazırlaşdığı müəyyən edilib. Onlar polisə verdiyi ilk ifadələrində ölkənin müxtəlif vilayətlərində fərqli dini qruplar və camaatlara hücumu planlaşdırdığını etiraf ediblər.
Rusiya PYD terror təşkilatına (PKK terror təşkilatının Suriya qolu - red.) “Afrini dərhal tərk edin!” şəklində ultimatum verib. Bu haqda “Haber7” saytının yazarı Taha Dağlı bildirib.
Ultimatumun Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iyunun 2-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verildiyi deyilir. Taha Dağlının sözlərinə görə, Moskva PYD-dən Afrini tərk etməyi tələb edib, əks halda Türkiyənin Afrinə müdaxiləsinə səssiz qalacağını bildirib.
Rusiyanın diplomatik mənbələrin verdiyi məlumata görə, Afrin əməliyyatdan sonra təhlükəsiz bölgə olacaq.
Polşa və ABŞ Müdafiə Nazirlikləri arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin Polşaya çatdırılması barədə müqavilə imzalanıb. Bu haqda Varşavada keçirilən brifinqdə Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib.
“Patriot” sistemləri ən yeni IBCS atəş sistemi ilə təchiz ediləcək. Polşa 8 “Patriot” batareyasının alınmasına təxminən 7,5 milyard dollar xərcləməyi nəzərdə tutur.
Qeyd edək ki, Polşa Rusiyanın Kalininqrad vilayəti və Moskvanın əsas müttəfiqi, həmçinin “Putinin NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının (KTMT) üzvüdür. “Patriot”ların Polşaya çatdırılması həm də NATO-nun şərq cinahının gücləndirilməsi planı çərçivəsində qiymətləndirilir.
“Patriot” dünyanın ən müasir hava hücumundan müdafiə sistemlərindən biri hesab edilir. Vaşinton və Varşava arasında hərbi müqavilənin ABŞ prezidenti Donald Trampın Polşaya səfəri zamanı imzalanması isə diqqət çəkir.
ABŞ prezidenti dünən Polşaya səfərə gəlib. Tramp Mərkəzi Avropa, Baltikyanı və Balkan ölkələrinin başçılarının qatılacağı “Üç dəniz ölkələri” sammitində iştirak edəcək.
Rusiya Şərqi Avropada destabilizasiya yaradır. Bunu Varşava səfəri zamanı jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp söyləyib.
“ABŞ burada Rusiyanın qeyri-stabillik yaradan fəaliyyətlərinə cavab verir”, - deyə o bildirib.
Varşavada səfərdə olan ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Andjey Duda ilə görüşdən sonra keçirilən mətbuat konfransında Pxenyanı növbəti dəfə hədələyib. Ağ Ev başçısı Şimali Koreya təhdidinə qarşı sərt addımlar atılacağını deyib.
Tramp qarşıdakı həftələr və aylarda Şimali Koreyaya qarşı hansı addımların atılacağına dair qərar veriləcəyini bildirib.
ABŞ prezidenti Donald Tramp Moskvanı Suriya və İrana dəstək verməkdən imtina etməyə çağırıb. Tramp bu haqda Polşa paytaxtının Krasinski meydanında “Varşava Üsyanı” abidəsinin önündə çıxışında deyib. ABŞ prezidenti həmçinin Rusiyanı Ukraynanın daxili işlərinə müdaxiləyə son qoymağa çağırıb.
“Biz Rusiyanı Ukraynada stabilliyi pozan fəaliyyətə son qoymağa çağırırıq. Qərb bu gün iradəmizi və qətiyyətimizi yoxlamağa, maraqlarımıza zərər verməyə çalışan güclərlə qarşılaşır. Təbliğat, maliyyə cinayətləri və kiberməkanda döyüş hərəkətlərinin də aparılması daxil olmaqla, təcavüzün yeni formalarına qarşı ittifaqımızı yeni metodların köməyi ilə daha effektiv qurmalıyıq”, - prezident vurğulayıb.
ABŞ Şimali Koreyaya təzyiq məqsədi ilə bütün imkanlardan, o cümlədən hərbi gücdən istifadə etməyə hazırdır. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bəyan edib.
“ABŞ özünü və müttəfiqlərini müdafiə etmək üçün bütün imkanlara əl atmağa hazırdır. Lüzum olsa, bu məqsədlə ordudan istifadə edəcəyik. Ümumilikdə hərbi istiqamətə üstünlük verməsək belə”, deyə N.Heyli bildirib.
Separatçılar, həmçinin Rusiya qoşunları Ukraynanın şərqində işğal edilmiş ərazilərdə, xüsusi halda Donetskdə təxliyyə üzrə təlimlər keçirirlər. Bu haqda “5 kanal”ın efirində Ukrayna Müdafiə Nazirliyinin anti-terror məsələləri üzrə nümayəndəsi Andrey Lısenko bildirdi.
“Donetskdə döyüşçülərin komanda heyəti avtobuslarla təxliyyə üzrə təlimlər keçirirlər. Artıq separatçıların başçıları, həmçinin rusların ailələrinin təxliyyəsi üzrə marşrutlar hazırlanıb”, - o deyib.
Lısenko vurğulayıb ki, beləliklə, döyüşçülər Donbasdan tezliklər qaçacaqlar və işğal edilmiş ərazilər Ukrayna ordusunun müdaxiləsi olmadan azad ediləcək.
“Ümid edirəm ki, Krım Ukraynanın tərkibinə qayıdacaq. Ancaq qəti qərarı krımlılar verməlidir”. Bunu Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Moskvada keçirdiyi mətbuat konfransında deyib.
“Mən istəyərdim ki, Krım Ukraynanın tərkibinə qayıtsın, amma bu, Krım sakinlərindən asılı olacaq. Bu, onların qərarı idi, onlar özünü və ailələrini müdafiə edirdilər. Mən 23 fevral 2014-cü ildə Krım sakinlərinin qətiyyətini gördüm. Onlar “Maydan”ın Krıma gələcəyindən qorxurdular”, - sabiq prezidenti vurğulayıb.
Ömər Dağlı
Tarix: 6-07-2017, 23:40