Bu savaş necə bitər?..
Səadət Cahangir
İnsanın körpə balası düşmən gülləsinə gələndən sonra onu işlə təmin etmək ikiüzlülükdür. İnsanın əsgər övladı şəhid olandan sonra onun cibinə pul qoymaq ikiüzlülükdür. İnsanın borc içində üzən qazi övladı özünü yandırandan sonra onun borcunu ödəmək ikiüzlülükdür. Bu ölkədə nə qədər ikiüzlülük, yalan və hiyləgərlik var, ilahi! Nə qədər qrimli, maskalı, boyalı adamlar var! Nə qədər haram və günah, nə qədər haramxorlar və günahkarlar var! İnsanların faciəsi üzərində mələklik göstərməyə qalxan nə qədər ifritə var bu ölkədə! Nə qədər mənəviyyatı pozulmuş məxluq var! Yazıq, vallah, yazıq…Aylardır Bakıya erməni axını var. Biriləri “sülh və şərab diplomatiyası” oyununa girişib. Qoca-qoca erməniləri gətirib paytaxtı gəzdirib, millətə gözdağı verirlər. Sabah bu qocalar evimizə sahib çıxıb, bizi bayıra atsa, heç təəccüblənməyin də. Arxaları möhkəmdir. Onları bura gətirdən gətirdir, özbaşlarına Bakı eşqinə düşməyiblər. Böyük “projelər” var ortada. “Şərab diplomatiyası” da ölkənin gələcəyi ilə bağlı böyük siyasi oyunlardan xəbər verir. Bu oyunlara qarşı çıxan bizim kimi adamları daşqalaq etməyə hazır olan komanda formalaşır, sanki bir yerlərdə. Yaxın günlərdə bunun bir daha şahidi olduq hamımız. Bizim də başımıza hava gəlməyib amma. Biz də müharibə, qan dəlisi deyilik. Biz də yaxınlarımızın, doğmalarımızın müharibə qurbanı olmasını istəmirik. Biz heç bir məsumun burnunun qanmasını belə istəmirik. Amma bu işlər biz istəməməklə olsaydı, keşkə. Keşkə, on illərdir pırtlaşıq kələf kimi açılması imkansız olan Qarabağ məsələsi yalnız bizim istəyimizlə olsaydı. Keşkə, bu günahsız qanların, itkilərin, yanğınların içində ikiüzlülüklər olmasaydı! Komik “şərab diplomatiyası”na qarşı çıxanları “müharibə aşiqləri” elan edənlər, az da olsa, utandılarmı heç? Cəbhə xəttində iki yaşlı körpəni nişan alan düşməndən mədəd umursunuz? O məsum körpənin ölümü ilə bağlı sosial şəbəkələrdə erməni və rus şovinistlərinin nələr yazdıqlarına da baxın. Baxın, bəlkə vicdanınız gerçəyi görməkdə bir az köməkçi oldu sizə…
Qarabağ savaşı on illərdir boşuna uzanmır. Bu yanğının içində böyük güclərin fitili var, xüsusən Rusiyanın. Yanğını körükləyən və benzinini tökən də, əsasən, odur. Bu savaşın bitməsi uzun sürə bilər, bəli. Amma yenə də yol yalnız ölkənin demokratikləşməsindən, hərbi gücünün artırılmasından və beynəlxalq dəstəkdən keçəcək. Çünki bütün bunların qarşısında böyük əngəl olan güc məhz Rusiyadır. Demokratikləşməyə imkan vermir, erməniləri silahlandırır və beynəlxalq aləmi də dolayısı ilə məsələnin həllindən kənarda saxlayır. İnsan dəyərlərinə hörmətlə yanaşan hökumətlərin iradəsinə bağlıdır bu savaşı bitirməyin sirri. Beynəlxalq hüquqla əsaslanmış “sərhədlərin toxunulmazlığı” prinsipini rəhbər tutaraq, savaşa qadir güclü ordu qurmağa bağlıdır bu çözümün sirri. Özünəgüvən hissində və dünyəvi dəyərlərə sayğı göstərərək, beynəlxalq aləmin dəstəyini qazanmağa bağlıdır sülh masasından uğurla qalxmağın sirri. Başqa çıxış yolu varmı? Olsaydı, ortaya çıxardı indiyə kimi…
Qarabağ tərəflərdə axan qanların durması üçün ilk növbədə hər iki ölkədə hüquqa və insanlığa xidmət edən hökumətlər formalaşmalıdır. Yalan danışmayan, qanunu ayaqları altına atmayan, millətin qanı hesabına milyarder olmayan adamların təmsil olunduğu hökumətlər. Kef-damağını, komfortunu, əyləncəsini insan faciələri üzərində qurub, müharibələrdən sui-istifadə etməyən hökumətlər. İkiüzlüləri, yaltaqları və simasızları başa çıxarıb, dəyərli insanları onlara əzdirməyən hökumətlər…
Tarix: 7-07-2017, 14:37