Bahəddin Həziyev
İki yaşlı qızı özünə düşmən görən terror dövləti ilə barışmaq mümkündürmü?
Hələ 90-cı illərdə Bakıdan Füzuliyə – döyüş bölgəsinə gedib, ordan da kəndimizə dönüb anama baş çəkirdim. Hər dəfə ora gedəndə və qayıdanda o dəmir lövhəni görürdüm. Artıq paslanmağa başlasa da, hələ ki yazılan o mürəkkəb cümləni oxumaq olurdu: “Torpağı qorumadın, əkib-becərməyə dəyməz, əkib becərmədin, qorumağa dəyməz”. Bunu məşhur kinorejissor Tofiq Tağızadənin Anarın ssenarisinə çəkdiyi “Dədə Qorqud” filmindən götürmüşdülər. O da maraqlıdır ki, 1993-cü il iyunundan sonra bu filmi daha çox göstərirdilər. Qəribə olan o idi ki, artq həmin 93-cü ilin avqustunda Füzulinin əksər ərazisini nə qorumağa ehtiyac qalmışdı, nə əkib becərməyə – düşmən işğal etmişdi.
O lövhə Qaraxanbəyli ilə Yuxarı Alxanlının arasında bir yerdəydi. Sonuncu dəfə Füzulidən qayıdanda yazdığım reportajda da bu lövhədən bəhs etmişdim. “Bu torpağı nə düz-əməlli əkə bilirik, nə qoruya bilirik”. Bu reportaj o zamanlar yazılmışdı ki, rus qoşunu Azərbaycandan çıxanda Surət Hüsynova verdiyi hərbi təyyarələr öz şəhərimizi, öz postlarımızı bombalamışdı, sonra da çox məşhur bir partiya sədrinin könüllü batolyonu Qacar kəndini tərk edib erməni silahlı dəstələrinin Füzuli şəhərini işğal etməsini asanlaşdırmışdı. O zaman idi ki, camaata öz yaşadğı kənddə humanitar yardım verməyə başlamışdılar, adamları öz torpağından ayırıb ələbaxım öyrətməyə girişmişdilər. Və o zaman idi ki, dağın başında postda dayanan əsgərə böyük məbləğlərdə maaş verirdilər, o da maaşı harasa xərcləməli idi. Hansısa bilinən-bilinməyən qüvvələr Füzuli camaatını öz torpağından və öz səngərindən qoparmaq üçün əlindən gələni də edirdi, gəlməyəni də. Bu anlamda yazmışdım ki, nə əkirik, nə qoruyuruq. Bu, insanları qəsdən bu torpaqdan qoparmaq istəyənlərə mesaj idi. Çox açıq-açığına yazmaq da olmurdu; savaşdasansa, savaşdakı kimi davranmalısan. Ancaq o cümlənin tam açılışını da uyğun yerlərə çatdırmışdım. Rayonun öz uşaqları 93-cü ilə qədər torpağımızı qorudular, camaatımız da sona qədər əkib becərdi. Bəlli paytaxtlarda “becərilən” başqa planlar olmasaydı, sona qədər də qoruyacaqdılar; bunu 2 mindən çox şəhidin qanı ilə isbatlamışdılar. Bu gün də əsgərimizin o torpaqlarda qanı tökülür. Tək əsgərimizin yox, uşağımızın da.
…Bu yaxınlarda gündəmi bir deyim zəbt eləmişdi; erməni sevgisi ilə ad çıxarmış rusiyalı “yazıçı” Bakıdakı görüşlərindən sonra ortaya belə bir deyim atmışdı ki, guya biz ermənilərlə bir süfrə ətrafında oturub şərab içməkdən ötrü qəribsəmişik. Mən bunu Proxanovun öz təxəyyülünün məhsulu kimi qəbul etdim; Azərbaycanın siyasi rəhbərliyinə daxil olan istənilən bir şəxsin belə bir ifadə işlətdiyinə inanmaq istəmirəm, inana bilmərəm. Son olay da göstərir ki, İŞİD-in “xristian” variantı və terror dövləti olan qonşumuz təkcə əsgərimizi deyil, bütövlükdə millətimizi özünə düşmən bilir. Onun şüurunda hətta Alxanlı kəndindəki 2 yaşlı qız uşağı da düşmən obrazındadır.Çox ünlü portuqal yazıçısı Joze Saramaqonun “Korluq” romanında bütöv bir ölkənin əhalisi qəflətən kor olmuşdu, gözünün qarşısında ağ tor əmələ gəlmişdi, hara baxırdı, ağ rəng görüdü, heç nə görmürdü. Ermənistan da ətrafa, bizə, qardaşımız Türkiyə tərəfə baxanda avtomatik kor olur, ancaq qara rəng görür, yalnız düşmən görür. Ən dəhşətlisi də odur ki, onun görmə qabiliyyətini də, bütün başqa hissiyat orqanlarını da Rusiya idarə edir. Ermənistan Rusiyanın N saylı hərbi hissəsidir. Ermənistan əhalisi isə həmin hərbi hissənin xidmət personalıdır – döşəməni yuyur, tualeti təmizləyir, rus generallarının ayaqqabılarını silir, rus əsgərlərinin kirli mələfələrini yığışdırır… Daha doğrusu, buna məcbur edilir.
Bəli, bu gün yəhudi, rus, xoxol… almanla, hindu onun soyunu kəsməyə çalışmı ispanla, əlcəzairli fransızla, liviyalı bədəvi ərəb italyanla, amerikalı atom bombasına qonaq etdiyi yaponla, vyetnamlı ilə, ingilis yüzillərlə əzdiyi indusla, … bir süfrədə oturur da, şərab da içir. Ancaq bu savaşlardan uzun zaman keçib, sülh əldə olunub, nəsillər dəyişib, savaşın sonuclarına görə hər kəs payına düşəni alıb – işğalçı əksər hallarda tarixi, hərbi-siyasi, maddi, cinayət və mənəvi kimi növlərdə məsuliyyət daşıyıb. Almaniya İkinci Cahan Savaşına görə nə cəza almadı ki?! ABŞ Vyetnamdan necə əzilərək çıxdı… Bizim babalarımız ermənilərlə onsuz da şərab içirdi. Bu süfrədən onlar qalxıb getdi, biz deyil. Ortaq süfrəni onlar dartıb çevirib, yedikləri çörəyi ayaqlar altına onlar atıb, biz yox. Onlar şərabın əvəzinə bizim qanımızı içməyi seçib, biz seçməmişik. Onlar bizim evimizi əlimizdən alıb yandırıb, yağmalayıb, biz Ermənistanın ərazisində bir kəsin burnunu qanatmamışıq. Onlar bizim torpaqlarımızda bir dövlət qurmuşdu, birini də qurmağa çalışır. Biz neyləmişik ki, ermənilərin könlünü almağa çalışaq?! Biz 2 yaşlı uşağımızın qanını içənləri niyə süfrəmizə şərab içməyə dəvət edək ki?! O menyüsünü dəyişib, şərabı özününkülərlə, ruslarla, fransızlarla, belçikalı vallonlarla, tutaq ki, argentinalı portuqallarla-filan içməyi seçib. O bizim qanımızla bəslənir. Hansı şərabdan danışırsınız, cənab Proxanov?! Mənim erməni ilə şərab içmək kimi bir ehtiyacım varmı?! Mən şəxsən bir fərd olaraq belə bir ehtiyacı görmürəm. Tək ona görə yox ki, spirtli içkilərlə elə aram yoxdur, həm də ona görə ki, bizimlə eyni masa arxasında yeyib-içəndən sonra süfrəmizi murdarlamaq fikrinə düşənlə nədən oturum yenə? O öz əməllərindən əl çəkibmi? Yox. Öz niyyətini, xislətini dəyişibmi? Xeyr! O mənə düşmənçilk hissindən qurtulubmu? Torpağımdan çıxıb gedibmi?! Getməyib. Getmədiyi bir yana, mənim 2 yaşlı balamı qanına qəltan edir. Siz nədən danışırsınız?! Belə bir düşmənə dost deyib bağrıma basmağımı gözləməyin.
Bəli, deyəcəksiniz ki, söhbət erməni xalqından gedir. Xalqın günahı yoxdur-filan. Razıyam ki, ordakı rejimi də xalq seçməyib. Xalqın iradəsi zorlanıb və Xocalıda qanımızı tökən adamlar Ermənistanın hakimiyyətini zəbt edib. Bəli, zaman-zaman erməni anaları uşaqlarının Qarabağda qırılmasına etiraz edir, mitinqə çıxır. Ancaq bu xalq elliklə rejimin Qarabağ avantürasına qalxıbmı? Bəli, indiki rejimə səs verməyib, devirmək üçün küçələrdə savaş da aparıb. Qurban da verib. Ancaq Qarabağın Azərbaycan torpağı olduğunu deyən, onun qaytarmağı tələb edən, türk düşmənçiliyindən imtina eləyən nə qədər erməni tanıyırsınız? O “hakimiyyət – Qriqoryan kilsəsi-erməni diasporu-erməni lobbisi” formasında nəhəng qlobal və bölgəsəl terror kvartetinə erməni xalqı nə vaxt “dur” dedi, biz eşitmədik?! Onlar bizimlə barışmağa can atırsa, bunun şərti var – torpaqlarımızdan çıxsınlar, Qarabağın erməni əhalisini də, bizim Ernənistan türmələrində çürüyən dinc insanlarımızı da
Azərbaycana qaytarsınlar, ondan sonra şərab içərsiniz, kabab yeyərsiniz, o başqa məsələ. Razıyam ki, biz onlara bənzəməyək. Bənzəmirik də zatən. Torpağı zəbt olunan biz, 30 mindən çox canı birinci cavaşda, minlərlə əsgəri və dinc vətəndaşı atəşkəs dövründə qətlə yetirilən biz, evi dağıdılan, uşaqları öldürülən biz. O halda barışıq üçün xahiş-minnəti niyə biz edək?! Əgər erməni bizim düşmənimiz deyilsə, nəyimizdir?! Erməninin bizə qarşı düşmənçiliyi yoxdursa, Alxanlıda olanlar nədir?! Erməni bizim dostumuzdursa, bəs o səngərdə əsgərlərimiz niyə gecə-gündüz atəş altındadır?!
Əvvəlcə, içdikləri qanımızın hesabını ödəsinlər, 2 yaşlı Zəhranın qətlinə görə cavab versinlər də…
Tarix: 7-07-2017, 17:24