Bakı kritik qərarlar ərəfəsində – “G 20” sammitindən sonra gerisayım başlayır

Bakı kritik qərarlar ərəfəsində – “G 20” sammitindən sonra gerisayım başlayır Qarabağ düyünü: 4 iyuldan öncə və sonra; Ermənistanın “qırmızı xətti” keçməsi, sülh danışıqlarının “dəfn edilməsi” Azərbaycana tək bir seçim saxlayıb; Bakı Minsk Qrupundan imtina edə bilər; ekspertlərdən “Müharibə qapıda!” xəbərdarlıqları...


Erməni işğalçı qüvvələrinin Azərbaycana qarşı 4 iyul terror hücumu Qarabağ münaqişəsi ətrafında yeni və daha təhlükəli durum yaradıb. Erməni tərəfi nə qədər özünü sığortalayıb günahı öz üstündən atmağa çalışsa da, beynəlxalq reaksiyalardan göründüyü kimi, düşmənin əks-təbliğatı nəticəsiz qalmaqdadır. Çünki canlı itkilər, özü də mülki canlı itkilər məhz Azərbaycana aiddir və biri körpə olmaqla, 2 dinc sakinin məhz öz həyətlərində qətlə yetirilməsi özlüyündə hər şeyi deyir.



Bu, 4 iyul təxribatının da işğalçı qüvvələr tərəfindən törədildiyinə heç bir şübhə yeri saxlamır və Azərbaycana təcavüzkara qarşı artıq ən sərt addım atmağa əsas verir. Əfsus ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu dəfə də şablon bəyanatlar verməklə öz işlərini bitmiş hesab elədilər. Onların 2-ci bəyanatı da əslində duruma adekvat sayıla bilməz, çünki işğalçı yenə barmaqla göstərilməyib.




Halbuki budəfəki insident əvvəlkilərə bənzəməz. 4 iyul insidenti müşahidəçilərin də vurğuladıqları kimi, xeyli dərəcədə ötənilki aprel müharibəsinə səbəb olmuş erməni təxribatlarının oxşarıdır. O vaxt da azərbaycanlı mülki əhali arasında itki olmuşdu - biri uşaq olmaqla, 6 nəfər öldürülmüşdü.


Siyasi və hərbi ekspertlər məhz bu oxşarlığa diqqət yönəldərək, müharibə riskinin kəskin artdığını bəyan edirlər. Təəssüf ki, vasitəçi dövlətlər bu mühüm detalı görməzlikdən gəlirlər. Hərçənd təkrar edirik, artıq münaqişə ətrafında situasiya 4 iyuldan əvvəlki deyil. Söhbət Azərbaycanın ən radikal yola əl atıb təcavüzkarı cəzalandırmaq üçün unikal fürsət əldə eləməsindən gedir. Buna müəyyən mənada artıq beynəlxalq birlik də indi hazır kimi görünür.


***


“Bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi növbəti hərbi cinayətdir. Dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu hərbi cinayətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”. Bu sözləri məlum faciə ilə bağlı prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib və işğalçı tərəfi sonuclara görə xəbərdar edib.




Siyasi icmalçı Tofiq Abbasov isə hesab edir ki, Ermənistan “qırmızı xətti” artıq keçib və bundan sonra nə olacaqsa, məsuliyyət bilavasitə Ermənistan tərəfinin üzərinə düşəcək (axar.az). Onun sözlərinə görə, son dərəcə narahatlıq doğuran hazırkı vəziyyət Ermənistanın hərbi rəhbərliyinin başıpozuq siyasətinin bariz nəticəsidir.


“Artıq Azərbaycan ordusu siyasi rəhbərlik tərəfindən təlimatlar alıb ki, cəbhədə bu kimi təxribatlar olduqda düşmənə layiq olduğundan da artıq cavab zərbəsi endirsin. Baş vermiş hadisə zamanı Azərbaycanın bütün siyasi elitası, başda prezident İlham Əliyev olmaqla, dünya birliyinə müraciət edib. ATƏT və BMT hadisə ilə bağlı məlumatlandırılıb. Azərbaycan öz torpağındadır, bizim ön cəbhədə yerləşən ordu nümayəndələrimizin arxasında yerli əhali yaşayır. Bu insanlar həmin ərazidə yaşayan mülki vətəndaşlardır və köçəsi başqa yeri yoxdur”, - deyə o qeyd edib.




Politoloq baş verən hadisələrə görə Azərbaycanın Minsk Qrupunun fəaliyyətindən tamamilə imtina edə biləcəyini də deyib: “Çünki ATƏT öz fəaliyyətsizliyi ilə məşhurluq qazanıb - baxmayaraq ki, onlar Qarabağ məsələsində İrəvana təzyiq göstərmək iqtidarındadırlar. Lakin onların Qarabağda baş verən hadisələrə birbaşa veto verə bilmədiyini müşahidə edirik. Bunun nəticəsidir ki, problem ağır olaraq qalmaqdadır. Ona görə bizim diplomatiya, başda prezident İlham Əliyev olmaqla, Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatlarında da bildirir ki, faktiki olaraq Ermənistan tərəfinin üzündən danışıqlar dalana dirənib. Belə olduğu halda ATƏT-in yeritdiyi diplomatiyanın hər hansı uğurundan danışmaq əbəsdir”.



Politoloq onu da vurğulayıb ki, iyulun 7-8-i tarixlərində Hamburq şəhərində keçiriləcək G20 sammiti sonrası Azərbaycanın siyasi rəhbərliyi çox kritik qərar verəcək: “Ya Minsk Qrupu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib təcavüzkar ölkəni məsuliyyətə cəlb etsin, təcavüzkar ilə təcavüzə məruz qalanları dünya ictimaiyyətinin diqqətinə düzgün çatdırsın, ya da Azərbaycanla bağlı formatı dəyişərək ölkəni tərk etsin”.


***


“Alxanlıda baş verən son hadisələr göstərdi ki, Dağlıq Qarabağ konflikti yenidən alovlanmağa başlayır”. Bu fikri “Moskva-Baku” portalına açıqlamasında “Yeni Rusiya” ictimai-siyasi hərəkatının lideri Nikita İsayev söyləyib.


“Dinc sakinlər arasında olan itki bu konfliktin daha təhlükəli mərhələyə keçdiyini göstərir. Biz yaxşı anlayırıq ki, bu, elan edilməmiş müharibədir. Vasitəçi qrupun aktiv fəaliyyəti ilə bu konflikt bitməyəcək. Alxanlı hadisələri konflikt üçün barıt çəlləyi ola bilər. Bunun nəticəsində bölgədəki situasiya yekun şəkildə pozulacaq, aprel hadisələrindən daha ciddi olan müharibə başlayacaq”, - deyə o qeyd edib.



Onun qənaətincə, baş verənlərin əsas səbəbi Dağlıq Qarabağ üzrə əsas vasitəçi olan Rusiya və ABŞ-ın bu konfliktin həllinə xüsusi diqqət ayırmamasıdır: “Buna görə də konflikt tərəfləri, özəlliklə də İrəvan millitarist siyasət yeridir. Ermənistanda bu siyasət parlament seçkisinin nəticələri ilə əlaqədardır. ABŞ və digər dövlətlər Qarabağdakı situasiyaya müdaxilə etməyənə qədər müharibə bitməyəcək. Beynəlxalq ictimaiyyət hazırda qlobal siyasi sistemin qurulması ilə məşğuldur. Qarabağ konflikti nə ABŞ, nə Fransa, nə də Rusiyanın gündəmində ilk yerdə dayanır. Onların hansı bəyanat verməsindən asılı olmayaraq, konfliktin həlli üçün heç bir iş görməyəcəklər. Beynəlxalq ictimaiyyət yalnız bu konfliktin onlar üçün həll edilməsi vacib olan problem kimi görünəcəyi zaman Qarabağ üçün irəliyə addım atılacaq”.


***


“Azərbaycan cəbhədə fəallığını daha da gücləndirəcək. Ölən qadın və uşağın qisasının alınması üçün Bakı diversiya qruplarını da hərəkətə keçirəcək”. Bu barədə isə “Vesti-Kavkaza” saytında yayımlanan analitik-məqalədə bildirilir (axar.az). Qeyd edilir ki, bir müddət Azərbaycan-Ermənistan cəbhə xəttində nisbi sakitlik olmayacaq.


“Keçən ilin aprel döyüşlərindəki təcrübə əyani göstərdi ki, öz mülki vətəndaşlarının qətlinə Azərbaycan sərt cavab vermək gücündədir. 2016-cı ilin aprelində ermənilərin atəşkəsi pozması nəticəsində bir neçə dinc sakin həlak oldu, 1994-cü ilin barışığından sonra da münaqişənin güclü eskalasiyası oldu, nəticədə Azərbaycan ordusu ermənilərə ağır zərbə endirdi. Görünən budur ki, erməni hərbi qulluqçuları indi maksimal döyüş hazırlığı vəziyyətindədir, çünki uğursuzluğun riski böyükdür” - məqalədə bildirilir.


“Əgər hadisələr yumşaq ssenari üzrə davam etsə, bütün cəbhə xətti boyu ermənilərə snayperlərdən zərbələr vurulacaq, ən sərt ssenari isə erməni ordusunun mövqelərinə artilleriya zərbələrinin endirilməsi, həmçinin mümkün hücum tədbirlərinin görülməsindən ibarət olacaq”, - deyə müəlliflər sonda qeyd edirlər.


***


Beləcə, Dağlıq Qarabağ konfliktinin həllində kardinal dönüşə səbəb olmaq üçün Azərbaycan, faktiki, kritik qərarlar vermək ərəfəsinə gəlib. “G 20" sammitindın sonra və ekspertlərin ”müharibə qapıda" xəbərdarlıqları fonunda Qarabağla bağlı gerisayım başlaya bilər.


Siyasət şöbəsi
Tarix: 8-07-2017, 12:25
Xəbəri paylaş





Xəbər lenti