Zəhranın qatili: Sərkisyan yoxsa Kreml? - gözlənilən cinayətin xronologiyası...

Zəhranın qatili: Sərkisyan yoxsa Kreml? - gözlənilən cinayətin xronologiyası... Hə, bəyanatlar verildi, etiraz püskürüldü, ah-vay edildi, məsum körpə Zəhranı qətlə yetirən erməni terrorçuları lənətləndi, 1-2 düşmən hərbçisi öldürüldü, dünya mediası yazdı və s.
Ancaq günahsız körpənin qətlinin kədərindən göz yaşı tökənlər soyuq başla analiz etmək istəmədilər ki, nə baş verib, niyə bu hadisə oldu, hansı mesajlar verildi.



AnaXeber.az yazır ki, əvvəla, erməni postlarından Azərbaycan kəndlərini vurmaq, mülki əhalinin bombardman etmək çox asandır.
Yəni, istərsə Tapqarqoyunludan, istərsə də Əlibəylidən dinc sakini qətlə yetirmək mümkündür. Eləcə də erməni kəndlərini atəşə tutmaq və mülki erməni öldürmək imkanı var.
Cəbhəyanı ərazilərdə olanlar da şahiddir ki, ermənilər vaxtaşırı kəndlərdə evlərin darvazalarını, qapı-pəncərələrini nişan alır, qorxu yaradırlar. Düzdür, buna qədər də balaca körpələr erməni terrorunun qurbanı olmuşdular.

Sadəcə, tərəflər arasındakı saziş dinc əhaliyə toxunmamaqdır. Heç bir erməni əsgəri komandirin əmri olmadan atəş aça bilməz.
Hətta belə bir özbaşınalıq etsə, işlədiyi güllənin pulunu maaşından dövlətə ödəməlidir. Ona görə də Ermənistan-Azərbaycan müharibəsində atəşkəsdən sonra bu qırmızı xətt hardasa gözlənirdi ki, dinc sakinlər öldürülməsin.
Qaydaları istisna hallarda pozan tərəf də erməni silahlı qüvvələri olurdu. Bəs, nə oldu ki azərbaycanlıların Cocuq Mərcanlıya köç etdiyi gün bir cocuq nənəsi ilə birlikdə öldürüldü?
Bu suala aydın şəkildə cavab verilmədi. Analitiklərin də körpənin qətlinin dünyaya çatdırılmasi istiqamətində iş görülməsinə başları qarışdı, hadisələrin pərdəarxası kənarda qaldı.
Əslində, bu ilin fevralında Cocuq Mərcanlıya çəkilən yolda 120 ədəd qəlpə aşkar edilmişdi. Bu il mayda mina və əl qumbarası tapıldı. Mayda yenidən tank əleyhinə mina aşkarlandı.


Yəni, erməni tərəfinin təxribatları dayanmırdı və azərbaycanlıların Cəbrayılın Cocuq Mərcanlı kəndinə köçməsinə imkan verməməyə çalışırdılar.
Azərbaycan dövlətu bu kəndə köçlə bağlı çox ciddi kampaniya qurmuşdu və düşmənə güc göstərirdi. Erməni ictimaiyyəti mat qalmışdı. Prezident İlham Əliyevin Cocuq Mərcanlıya büdcədən pul ayırması, tezliklə qəsəbənin salınması, infrastruktur yaradılması erməni cəmiyyətində bir çaşqınlıq yaradırdı.


AnaXeber.az yazır ki, onlar düşünməyə başlamışdılar : Azərbaycanın pulu var, torpaqları azad edərsə üç ay ərzində hər yeri gülüstana çevirə bilər, Ermənistanın maliyyə imkanları yoxdur, bu illər ərzində nə Şuşaya, nə Xankəndiyə ciddi investisiya qoyulub, buna maraq da göstərilməyib, çünki düşmən Qarabağın onun nəzarətində müvəqqəti olduğunu dərk edir və perspektivsiz bir layihəni gerçəkləşdirmək istəmirdi, Azərbaycan isə C.Mərcanlını öz yurdu sayır və dərhal kəndi abadlaşdırır.
Bu ictimai rəy Ermənistanda var idi və vətəndaş cəmiyyəti Sərkisyan hökumətini sərt şəkildə tənqid edirdi - bax, azərbaycanlılar Qarabağı tam azad etsələr, cənnət yaradacaqlar.
Eyni zamanda Türkiyənin sərhədlərini hələ də bağlı saxlaması iqtisadi cəhətdən Ermənistanı ciddi blokadada saxlayır və bu, getdikcə kasıblaşan erməni xalqının səbrini daşırırdı.



Belə bir məqamda Sərkisyan hakimiyyəti aprel döyüşlərindən sonra parlament seçkiləri ərəfəsində itirməkdə olduğu iqtidarını cəbhə xəttində təzədən təxribatlar yaratmaqla qoruyub saxlaya bildi. Hətta Gümrüdə silahlı dəstələr üsyana qalxmışdı və əksəriyyəti bunu Serjin oyunu sayırdı.
Bununla belə, yeni ictimai qınaq C.Mərcanlıya görə başlamışdı və Ermənistandakı siyasi rejim Alxaslı kəndinə mərmilər boşaltmaqla öz nüfuzunu göstərməyə can atırdı.
Lakin bu dəfə də Serj üzünə-gözünə bulaşdırdı. Nənə və nəvənin günahsız ölümü bütün dünyanı ayağa qaldırdı və erməni ordusunun terrorçu obrazı yeni formatda canlandı.
AnaXeber.az yazır ki, indi erməni müxalifəti, mətbuatı və vətəndaş cəmiyyəti də Sərkisyanı ittiham edir və yanlış Qarabağ siyasətinin nəticələrini gözünə soxur.
Bəli, İ.Əliyev erməni xalqına mesaj verdi – Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyat verilə bilər və ermənilər də təhlükəsiz şəraitdə yaşaya bilər.


Ardınca I vitse-prezident Mehriban Əliyeva da balaca Zəhranın qətlindən az əvvəl mesajı çox ciddi idi və erməni xalqına bir ismarıc kimi qiymətləndirilməlidir.
Xanım Əliyeva demişdi ki, heç vaxt yol verməz ki, Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsın. Vaxt var idi ki, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir.
Bununla, əsl siyasətçi kimi davranaraq erməni xalqına bir mesaj verilmişdi, ksenofobiyadan uzaq bir çıxış idi, ermənilər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağda yaşamaq hüququnun olduğuna işarə edilmişdi.
Sərkisyan hakimiyyəti anlayırdı ki, bu mesajlar və Azərbaycanın sivil mövqeyi, maddi resursları erməni xalqını yolundan çıxara bilər. Odur ki, C.Mərcanıya köç ərəfəsində bu vəhşilik törədildi.
Heç istisna deyil ki, hadisələrdə rus barmağı da var. Kremlin dirijor çubuğu ilə idarə olunan Serj hakimiyyətinin Moskvadan gələn təlimat əsasında bu cinayəti törətdiyi inandırıcı versiyadır.
Bütün dünyanın Zəhranın qatillərini lənətlədiyi halda, Rusiya Xarici İşlər Nazirliyinin və Bakıdakı rus səfirliyinin verdiyi bəyanatların soyuqluğu diqqət çəkməyə bilmir. Rusiya tərəfi bir sətir olsun belə ermənilərin bu əməlini pisləmir.
Beləliklə, onsuz da seçkilər ərəfəsində Moskva tərəfindən sağsan-soldan siyasi təzyiqlərlə üzləşən Azərbaycan bu dəfə hərbi şantajla üzləşdi.

Siam.az
Tarix: 8-07-2017, 12:28
Xəbəri paylaş





Xəbər lenti