"ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana lazımi təzyiq göstərmirlər".Siam.az Milli.Az-a istinadən bildirir ki, bunu Trend-ə rusiyalı politoloq, Qafqaz üzrə ekspert Andrey Yepifantsev deyib.O bildirib ki, beynəlxalq siyasətin ön xəttində dayanan ölkələrdə, o cümlədən Minsk qrupu ölkələrində siyasi iradə çatmır.
Ekspert qeyd edib ki, Minsk qrupuna sədrlik edən ölkələrdən Rusiya Ermənistanın strateji müttəfiqidir, Fransa və ABŞ-da isə bu və ya digər formada bu ölkələrin xarici siyasətinə təsir göstərə bilən çox güclü erməni diasporu var: "Nəticədə biz görürük ki, bu ölkələr Ermənistana lazımi təzyiq göstərmirlər".
O, eyni zamanda qeyd edib ki, Azərbaycanla yaxın münasibətləri olan Türkiyə həmsədr deyil və Minsk qrupunda kifayət qədər passiv mövqe tutur.
A.Yepifantsev deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini "ölü nöqtə"dən tərpətmək üçün onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır: "İndi Dağlıq Qarabağ məsələsi Suriya, Ukrayna, qaçqınlar və digər məsələlərlə əlaqədar bir qədər diqqət mərkəzindən kənarda qalıb. Bu vəziyyətdə Ermənistan tərəfi hesab edir ki, o BMT-nin 4 qətnaməsini yerinə yetirməyə və qoşunları işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmaya bilər".
Ekspert qeyd edib ki, nəticədə Azərbaycanın münaqişənin həlli üçün hərbi yoldan başqa seçimi qalmır.
Politoloqun sözlərinə görə, hər hansı həll yolu tapılmayana qədər Dağlıq Qarabağ münaqişə zonasında qoşunların qarşıdurma xəttində toqquşma davam edəcək:
"Münaqişənin həlli yalnız geniş kompromis yolu ilə mümkündür. Maksimalist mövqe qəbuledilməzdir.
Bununla yanaşı, o qeyd edib ki, Ermənistan cəmiyyətindəki ab-hava göstərir ki, ermənilər heç bir kompromisə və BMT qətnamələrinin icrasına qətiyyən hazır deyillər:
"Minsk qrupunun 20 ildən çox fəaliyyəti ərzində bütün mümkün qərarlar düşünülüb və təklif edilib. Hazırda yeni bir təklif düşünüb tapmaq prinsipcə, mümkün deyil. Bundan əvvəl hazırlanmış qərarlar bu və ya digər dərəcədə BMT qətnamələri və Madrid prinsiplərindən kənara çıxmamalıdır".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.Siam.az
Tarix: 8-07-2017, 14:53