Suriya məsələsində Türkiyə-Rusiya birliyi – hara kimi?
Elçin Mirzəbəyli: “Ankara və Moskva müttəfiq deyil, olmayacaqlar da…”
Türkiyə ordusunun Suriyada “Fərat qalxanı” əməliyyatının ikinci hissəsinə, yəni Afrin əməliyyatına nə zaman başlayacağı son günlərdə aktuallaşıb. Artıq türk ordusunun PYD-nin Afrin bölgəsindəki mövqelərinə zərbələr endirdiyi barədə xəbərlər dolaşır.
Yayılan digər xəbərlərdə isə iyulun 4-5-də Astanada Suriya münaqişəsinin həllinə dair keçirilən danışıqlar yekunlaşdıqdan sonra Türkiyənin əməliyyata başladığı deyilir. Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu hazırda ABŞ-ın öz hərbi və kəşfiyyat gücündən istifadə edərək Türkiyənin sərhədində-Suriya ərazisində dövlət yaratmaq istədiyini deyib. Vaşinqtonda isə hesab edirlər ki, Türkiyənin Afrin üzərinə hücuma başlaması ABŞ-la birgə Rakka əməliyyatına qatılan PYD-nin qüvvələrini parçalaya bilər.
Göründüyü kimi, Afrin məsələsində Türkiyə və Rusiya Amerikaya qarşı sanki birlik yaradıblar. Bu isə bir daha Türkiyə-Rusiya müttəfiqliyinin nə zamana qədər davam edəcəyi ilə bağlı çoxsaylı müzakirələrin meydana çıxmasına səbəb olub. Ekspertlər hesab edirlər ki, Suriya problemin tam həllini tapandan sonra tərəflər arasındakı müttəfiqlik əlaqələri sona çatacaq. Özü də ilk addımın istədiyini əldə edəcək qardaş ölkə tərəfindən atılacağını proqnozlaşdırırlar.Politoloq
Elçin Mirzəbəyli Türkiyə mediasının Afrin əməliyyatı ilə bağlı qərarın çoxdan qəbul olunduğu barədə xəbərlər yaydığını qeyd etdi: “Prinsip etibarilə bu əməliyyat da Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Çünki söhbət Suriya ərazisində davam edən müharibənin nəticələrindən daha çox Türkiyənin ərazi bütövlüyündən gedir. PKK terror təşkilatının Suriyadakı birləşmələrinin və terrorçuların siyasi qanadının Afrin əməliyyatı ilə bağlı aqressiv bəyanatları da sübuta yetirir ki, bu əməliyyat separatçıların planlarına ciddi maneə yarada bilər. Əməliyyatın nə zaman başlayacağı barədə fikir söyləmək çox çətindir. Rusiya hələlik XİN səviyyəsində verdiyi açıqlama ilə əməliyyatın əleyhinə olduğunu bildirib. Moskvanın bu məsələdə israrlı mövqeyinin əməliyyata həlledici təsir göstərə biləcəyini düşünmürəm.
İndi elə bir məqam yetişib ki, Rusiya ənənəvi olaraq dəstəklədiyi separatçıları müdafiə etməkdən əl çəkməlidir. Əks təqdirdə, Moskva Suriyada tamamilə təklənə bilər. Ankaranın arqumentləri kifayət qədər güclü və əsaslıdır. Əgər Rusiya iddia etdiyi kimi, ”Suriyanın ərazi bütövlüyünü və suverenliyini” əsas götürürsə, o zaman PKK, PYD və YPQ kimi terrorçu-separatçı hərbi-siyasi qruplaşmaları müdafiə etməməlidir. Çünki bu qrupların hədəfində eyni Suriyanın parçalanması dayanır. Bu baxımdan, Moskva üçün seçim anının çatdığını deyə bilərik. Açığı, Amerikanın hər iki dövlətin hədəfinə tuş gəldiyini düşünmürəm. İndiki halda Türkiyə ilə Rusiyanın bəzi məsələlərdə maraqlarının üst-üstə düşdüyü təəssüratı yaransa da, nəticə etibarilə hər iki ölkə ayrı-ayrılıqda öz mövqelərini möhkəmləndirməyə çalışacaq. Prosesin sonunda istənilən halda Vaşinqtonla razılaşmaq lazım gələcək.
Razılaşmadan uğurla çıxmaq üçün isə daha çox üstünlük əldə etmək lazımdır. Rusiya ilə Türkiyə müttəfiq deyil, olmayacaqlar da. Sadəcə, münasibətlərin gərginləşməsi indiki məqamda nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan Ankaranın və Moskvanın maraqlarına uyğun deyil. Hər iki tərəf də bunu yaxşı başa düşür. Bu səbəbdən tərəflər əməkdaşlığın mümkün olduğu yerə qədər əməkdaşlıq edə biləcəklər”.
Politoloq Rusiya-Türkiyə əlaqələrinin hər an qopa biləcəyini düşünür: “İki dövlət arasındakı münasibətlər situasiyanın diktə etdiyi şərtlərdən qaynaqlanır. Yəni bu ölkələr arasında hansısa ortaq strateji maraqlardan qaynaqlanan hədəflər yoxdur və ola da bilməz. Münasibətlərin qopmasının sürətlənməsi ya üçüncü tərəfin müdaxiləsi, ya da Rusiyanın ambisiyalarının dözülməz həddə çatması ilə baş verə bilər. Nə Türkiyə, nə də Rusiya istədiklərini tam şəkildə əldə edə bilməyəcəklər. Türkiyə ərazi bütövlüyünə təhdid yaradacaq problemləri aradan qaldıra biləcək. Amma bu, Rusiyanın köməkliyi ilə baş verməyəcək. Rusiya isə proseslərin sonunu görə biləcəksə, o zaman SSRİ Əfqanıstandan çıxdığı kimi, Rusiya da Suriyadan çıxacaq. Amma necə? Bu proses gecikdikcə, Rusiya daha çox itirəcək”.Siam.az
Tarix: 8-07-2017, 17:14