Zaur İbrahimli: “Xaricdən dəstəyə ümid etmək yanlış taktikadır”
Nadir Qocabəyli: “Prezident seçkiləri yaxınlaşdıqca bu qüvvələr fəallaşacaq”
2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə xeyli vaxt qalmasına baxmayaraq, seçim prosesinə kənar müdaxilələrin olacağı mövzusu aktuallaşıb. Parlamentarilər və bir sıra rəsmi səviyyələrdə bununla bağlı fikirlər səsləndirilir. Ehtimallara görə, bir sıra güc dövlətlərinin seçkilərdə öz namizədi və blokları ilə iştirak edəcək.Azərbaycanda müxtəlif ölkələrin maraqlaır və bu maraqların təminində istifadə ediləcək “kolon”ların olduğu bildirilir. Bu “kolon”lar bəzən gözlənilmədən meydana çıxa və təmsil etdikləri ölkənin maraqlarının açıq müdafiəçisinə çevrilə bilərlər. 2013-cü ildə keçirilən prezident seçkiləri xarici siyasi qüvvələrin ölkədəki “5-ci kolon”u vasitəsilə, müdaxiləsilə yadda qaldı. Müxalifətin birliyi kimi təqdim edilən Milli Şura ilə seçkilərdə iştirak (əslində müdaxilə- M.R) edən “5-ci kolon” ictimai-siyasi proseslərə təsir imkanları əldə etməyə çalışırdı. Rusiyanın təsiri altında olan və azərbaycanlı milyarderlər tərəfindən qurulmuş “Milyarderlər İttifaqı”nın Şuraya böyük maliyyə vəsaitləri ayırdığı da həmin dönəmdə geniş müzakirə mövzusu idi. Bu baxımdan siyasətdə o zamana qədər boy göstərməyən, ancaq müxtəlif dairələrlə, o cümlədən, milyarderlərlə əlaqələri şübhə doğurmayan rejissor Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi təyin olunması da təsadüfi hesab olunmurdu.
Hakimiyyətdaxili,yoxsa ənənəvi müxalifət?Seçki ili yaxınlaşdıqca, xarici qüvvələrin Azərbaycandakı “5-ci kolon”unun fəallaşacağı artıq indidən hiss olunmağa başlayıb. Söhbət təkcə Rusiyanın yox, həm də Azərbaycanda marağı olan digər ölkələrin “kolon”larından gedir. Ehtimal etmək olar ki, seçkilərlə bağlı yeni plan üzərində işlənilir. Həmin mənbələrin seçkilərdə hansı formada və hansı siyasi qüvvələrlə işləyəcəyi məlum olmasa da bəzi ehtimallar artıq var. Ehtimal olunur ki, “5-ci kolon” bu dəfə təkcə ənənəvi müxalifəti seçməyəcək.
“Azərbaycanın xaricdən asılılıq riskini artıra bilər”Politoloq Zaur İbrahimli “Cümhuriyət” qəzetinə bildirib ki, 2005-ci ildən başlayaraq, Azərbaycanda keçirilən parlament və prezident seçkilərində xarici təsir amilləri özünü kifayət qədər açıq büruzə verir. Politoloq qeyd edib ki, 2005 və 2010-cu illərdə keçirilən parlament, 2013-cü ildə keçirilən prezident seçkilərində də xarici təsirlər və seçki prosesinə təsir etmək səyləri daha geniş miqyasda özünü göstərdi: “Təəssüf ki, Azərbaycanda bəzi siyasi qüvvələr ölkədə keçirilən seçkilərinin nəticələrinin hansısa xarici paytaxtlarda müəyyənləşdiyi fikrini aşılamağa çalışırlar. Eyni zamanda seçkilərdə uğur qazanmağın əsas şərti kimi xaricdən dəstək alınmasını əsas amil kimi qeyd edirlər. Bütün seçki strategiyası məhz xaricdən dəstək alınmasına yönəlir. Bu çox ziyanlı prosesdir, çünki ölkənin siyasi potensialını zəiflədir, xarici ölkələrdən asılılığını artması riskini aktual saxlayır. İnsanların seçki və dövlət institutlarına etimadını azaldır. Milli siyasi institutların, seçki praktikasının inkişaf etməsinə əngəl olur. İstər hakim partiya, istərsə də iqtidarı dəstəkləyən siyasi qüvvələr, müxalifət partiyaları birmənalı şəkildə bu praktikaya qarşı çıxmalıdırlar. Azərbaycan təcrübəsində, xüsusilə də xaricdən dəstək amilini müxalifət partiyaları daha çox önə çəkirlər. 2013-cü il prezident seçkilərində bunu açıq təzahürünü gördük”.
Zaur İbrahimli hesab edir ki, ölkənin daxilində seçki mexanizmlərinin effektivliyindən asılı olmayaraq, xarici dəstək amilinin əsas şərt kimi irəli sürülməsi və hətta əsas namizədin də kənardan dəvət edilməsi yanaşması taktiki və strateji cəhətdən yanlışdır: “Bu prosesin qarşısının alınması və seçki prosesinə kənar təsirlərin neytrallaşdırılması ilə bağlı hakimiyyətin üzərinə çox böyük məsuliyyət düşür. Siyasi iştirakçılıq səviyyəsinin artırılması, seçki qanunvericiliyinin və praktikasının təkmilləşdirilməsi, siyasi dialoq və müzakirə mühtinin yaradılması ən yaxşı çıxış yoludur”.
“Həmin qüvvələrin fəallaşacağı gözləniləndir”Siyasi analitik Nadir Qocabəyli “Cümhuriyət” qəzetinə deyib ki, “5-ci kolon” söz birləşməsindən mətbuat siyasi frazeologiya kimi geniş istifadə etsə də mənasını hamı tam anlamır. O xatırladıb ki, “5-ci kolon” termini İspaniyada vətəndaş müharibəsi zamanı ortaya çıxıb: “1936-cı il oktyabrın 15-də General Frankonun rəhbərlik etdiyi millətçilər respublikaçıların nəzarət etdiyi Madridə hücuma hazırlaşarkən, paytaxt əhalisini qorxutmaq üçün radio vasitəsilə bəyan ediblər ki, onların sərəcamında şəhərdən kənarda olan dörd ordu hissəsindən (kolonundan) başqa, bir gizli kolon da şəhərin mərkəzindədir və istənilən vaxt hərəkətə keçə bilər.
Amma bu kolondan heç vaxt istifadə edilmədiyindən, onun olub-olmaması indiyədək heç kəsə bəlli deyil. Ölkəmizdə isə hazırda bu termin xarici dövlətlərin maraqlarına xidmət edən siyasi qruplaşmalara şamil edilir. Belə qruplaşmalar həqiqətən varmı, yoxsa bizimkilər də general Franko kimi bu üsulla xalqı qorxutmaq istəyir? Təəssüflər olsun ki, var. Heç kəsə sirr deyil ki, ölkəmizdə Qərbdən, xüsusilə, ABŞ-dan maliyyələşən və “qərbpərəst” adlananlar var. Onlar “demokratiya” və “insan haqları” şüarları altında Qərb ölkələrinin maraqlarını ifadə edir, fəaliyyətləri və həyatları da onlardan aldıqları maliyyə üzərində qurulub. Hakimiyyətin öz içində, dövlət məmurları arasında da həm ABŞ-ın, həm də Rusiyanın xüsusi xidmət orqanlarına xidmət göstərən şəxs və qrupların olması haqda vaxtaşırı məlumatlar yayılır. Bundan başqa, İranın maraqlarından çıxış edən dini müxalifətin mövcudluğu da heç kəsə sirr deyil. Hətta, Səudiyyə Ərəbistanı, yəni vəhhabilərə, Türkiyədəki müəyyən dairələrə, “Gülən qrupu”na yaxın şəxslər və dəstələr də var”.
“Cəmiyyətimizdə də günah az deyil”Nadir Qocabəyli istisna etməyib ki, prezident seçkiləri yaxınlaşdıqca bu qüvvələr fəallaşacaqlar: “Fəallaşmaları tamamilə mümkündür və bu ehtimal xeyli yüksəkdir. Ancaq düşünürəm ki, cəmiyyət və hökumət bu cəhdlərin qarşısını almalıdır. Lakin mənə elə gəlir ki, hakimiyyət bunu ancaq inzibati yollarla etməməli, cəmiyyətlə, siyasi qüvvələrlə işləməli, düzgün əməkdaşlıq və dialoq qurmalıdır. Amma hazırda hökumətin bu siyasəti qeyri-qənaətbəxşdir. Bizdə xaricdən idarə olunan müxalifət ona görə fəaldır ki, daxili resurlar hesabına siyasətlə məşğul olmaq imkanları yoxdur və bunun da əsas günahkarı elə hakimiyyətin özüdür. Ancaq cəmiyyətimizdə də günah az deyil. Bizim cəmiyyət hələ də daxili gücünə və potensialına inana bilmir, cəsarətli, fədakar, qabiliyyətli adamlar sarıdan korluq çəkir. Hər şeyi kənardan, iri dövlətlərdən gözləyir. Siyasi fəaliyyətə öz ianələri ilə yardım edə biləcək az-çox imkanı olan iş adamlarımız bunu etməyə cəhd göstərmirlər. Maliyyəsiz siyasi fəaliyyət isə mümkün deyil. Eyni zamanda, vətəndaşın öz cüzi vəsaiti, üzvlük haqları verməklə təşkilatlanması problemi də var. Çünki ölkədə elə bir vəziyyət yaranıb ki, insanlar müxalif söz deməyə, təşkilatlanmağa cəhd etmir. Çünki iş, dolanışıq, gəlir yerlərini itirə bilərlər və bu son dərəcə realdır”.
Ekspert qeyd edib ki, hətta insanlar müxalif fikirlilərdən qaçırlar: “Müxaliflik az qala düşmənçiliyə bərabər tutulur, halbuki belə deyil və belə olmamalıdır. Hakimiyyətdə olan şəxsi bir insan kimi bəyənmək, amma məsələn nazir kimi tənqid etmək çox normaldır. Ancaq mənim “gəlin öz gücümüz hesabına təşkilatlanaq, seçkilərdə xalqın müxalif namizədi ilə çıxış edək” çağırışlarıma əməli reaksiya verən demək olar ki, yoxdur. Belə olduğu şəraitdə, təbii ki, “5-ci kolon”un fəallaşması üçün münbit şərait yaranır.
Hakimiyyət də onlara qarşı bəzi qrupları çıxarır. Bunun isə effekti olmur, ancaq görüntü xarakteri daşıyır. Xalq kimin kim olduğunu çox gözəl anlayır. Çıxış yolu hakimiyyətin ölkədə əsl müxalifətin yaranmasının qarşısını almamasında, ona imkan yaratmasındadır. Bu üçün azad istehsala, biznesə, vətəndaşların öz siyasi iradələrini azad şəkildə ifadə edə bilməsinə şərait yaradılmalı, mane olunmamalıdır”.
Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 9-07-2017, 21:46