Azərbaycan diplomatiyasının qarşısında duran əsas məsələlər
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkə diplomatiyasının qarşısında duran əsas məsələləri şərh edib.
AzərTAc-ın yaydığı qeydlərdə nazir vurğulayıb ki, Azərbaycan prezidenti tarixi irsimizi və müasir beynəlxalq münasibətlər sisteminin təhdid və çağırışlarını nəzərə alaraq xarici siyasətimiz qarşısında yeni vəzifə və tapşırıqlar müəyyən edib. Onun fikrincə, bunlar aşağıdakı şəkildə təsnif oluna bilər:- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsi;
- Azərbaycanda daxili risk mənbələrinin mövcud olmadığını və əsas təhlükələrin ölkəmizin xaricində formalaşdığını nəzərə alaraq, düzgün siyasət və zəruri tədbirlərlə ölkəmizin xaricdən olan risklərdən qorunması və təhlükəsizliyin təmin edilməsi;
- Dövlətlərin daxili işlərinə qarışmamaq və xarici müdaxiləni inkar edən dövlətlərarası münasibətlərin dəstəklənməsi;
- Azərbaycanın milli maraqlarına və xalqın mənafeyinə cavab verməyən beynəlxalq hərəkətlərdən və təşəbbüslərdən kənar durulması və milli maraqlarımıza əsaslanan siyasətin davam etdirilməsi;
- Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının və çoxtərəfli diplomatiyamızın genişləndirilməsi;
- Milli-mənəvi və dini dəyərlərimizə sadiq olaraq və əsrlər boyu formalaşan zəngin təcrübəmizdən çıxış edərək dinlər və mədəniyyətlərarası dialoq və multikulturalizmin təşviq edilməsi;
- Dünya maliyyə-iqtisadi böhranı və neftin qiymətinin aşağı düşməsi fonunda milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ixracın genişləndirilməsi və yeni bazarlara çıxışın əldə edilməsi;
- TANAP və TAP layihələrinin qrafikə uyğun olaraq inşasının başa çatdırılması və Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması;
- Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə işlərin yekunlaşdırılması.
Tarix: 9-07-2017, 21:52