Arif Hacılı ciddi müzakirələrə səbəb olan təklifindən danışdı: “Bu çağırışımın reaksiya doğuracağını bilirdim”
Müsavat başqanı Arif Hacılı bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağın işğaldan azad edilməsi üçün hərbi güc tətbiq etməyə çağırmasının səbəblərinə aydınlıq gətirib.
Bu barədə Yenicag.Az-a açıqlama verən Müsavat başqanı Arif Hacılı bildirib ki, Azərbaycann ən qüdrətli müttəfiqi olan Türkiyənin Qarabağ münaqişəsinin həllinə birbaşa müdaxilə çağırışında təəccüblü heç nə yoxdur:“Qarabağ yalnız Azərbaycana aid olan bir problem deyil. Qarabağı tək Ermənistan öz gücü və resursları ilə işğal etməyib. Əgər Azərbaycanla Ermənistan təkbətək, üz-üzə durmuş olsaydı, Ermənistan nəinki Qarabağı işğal edə, hətta Zəngəzurdan Azərbaycan əhalisini çıxararaq, etnik təmizləməyə nail ola bilməzdi. Azərbaycan isə bu müharibədə Ermənistanın arxasında duran ciddi siyasi və hərbi güclərlə təkbətək qalıb. Qarabağ problemi region üçün çox böyük fəsadlar yaradır. İŞİD Suriya və İraqın bir hissəsini nəzarət altında saxlayanda, dünya gücləri İŞİD-ə qarşı vahid mövqe nümayiş etdirərək, o qurumu sıradan çıxarır. Eyni davranış Qarabağdakı qanunsuz silahlı birləşmələrə qarşı da olmalıdır. Çünki həm Dağlıq, həm də Aran Qarabağdakı ərazilər qeyri-qanuni silahlı birləşmələr (dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan bir qurum – red.) tərəfindən silah gücünə nəzarət altında saxlanılır. Orada kütləvi qətllər ara vermir: Xocalı soyqırımı törədilib, etnik təmizləmə siyasəti həyata keçirilib, yerli əhali öz torpaqlarında öldürülüb, əmlakları əllərindən alınıb, öz yurdlarından qovulublar.Təbii ki, belə olan halda beynəlxalq güclər, ilk növbədə isə Azərbaycanla müttəfiq olan Türkiyə İraqda, Suriyada və Qətərdəki hadisələrə reaksiya verdiyi kimi Qarabağ məsələsinə də birmənalı və açıq reaksiya bildirməlidir. Təəssüf ki, bu gün dünya çapında Azərbaycanın qlobal siyasi proseslərə təsir etmək imkanı baxımından Türkiyədən başqa qüdrətli müttəfiqi yoxdur.
Ona görə də mənim həmin açıqlamamda qeyri-adi nəsə axtarmaq lazım deyil. Əgər 2 min kilometr məsafədə olan Moskvadan qoşunlar gəlib Ermənistanda, Qarabağda yerləşdirilirsə, niyə Türkiyənin bu məsələyə müdaxilə etməsi barədə deyilən fikir müzakirə olunmamalıdır?Əslində, Azərbaycan üçün qeyri-adi vəziyyət bizdən 2 min kilometrdən çox uzaqlıqda olan Moskvanın bu ərazilərdə hərbi qüvvə yerləşdirməsidir. Rusiyanın nə Ermənistanla, nə də Suriya ilə heç ümumi sərhəddi də yoxdur. Amma Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqlik barədə, ərazilərinin qarşılıqlı olaraq birgə müdafiəsi haqqında müqavilələr bağlanıb.
Niyə Azərbaycanla Türkiyə arasında belə müqavilələr bağlanmasın? Qarabağ Türkiyəyə Suriyadan, İraqdan, Qətərdən daha yaxındır ki…”.Müsavat başqanı əlavə edib ki, məlum açıqlamasının ölkə xaricində, xüsusilə Rusiya və Ermənistanda müəyyən reaksiya doğuracağı gözlənilən idi:
“Bu, çox ciddi bir məsələdir və mən açıqlamamın xaricdə də reaksiyalara səbəb olacağını bilirdim. Təbii ki, Azərbaycanı sevməyən qüvvələr – xüsusilə, Rusiya, Ermənistan və digər dövlətlərdə bu mövzu hələ çox müzakirə olunacaq. Bu, məni təəccübləndirmir.Rusiyanın beynəlxalq hüquq normalarını, Budapeşt razılaşmasını pozaraq, Krımı, Donetski, Luqanskı işğal etməsi, eyni zamanda Suriyada, Qətərdə gedən proseslər göstərir ki, dünyanın bundan 15-20 il əvvəl mövcud olan nizamı dəyişir. Və bu dəyişiklik bizə müxtəlif istiqamətlərdə zərbə vurursa, niyə biz Azərbaycanın mənafelərinə uyğun olan məsələlər barəsində düşünməməliyik, bu məsələləri heç olmasa, müzakirəyə çıxartmamalıyıq?”
Arif Hacılı ölkə siyasətçilərinin onun məlum təklifinə yönələn fikirlərində qane olmadığı məqamları konkretləşdirməyə ehtiyac görmədi:
“Sizin sualda olan yanaşma kimi… Bunlar elə bəsit məsələlər deyil ki, danışarkən belə anlaşılmaz mövqedə olasan… Qeyd olunanlar ciddi məsələlərdir”.A.Zeynalov
Tarix: 11-07-2017, 21:17