Siyavuş Novruzov: “Bu cür ”proqnozları" rusiyapərəstlər, bu ölkənin kəşfiyyatına xidmət edənlər, Rusiyada biznesi olanlar dövriyyəyə buraxır"
YAP icra katibinin müavini Siyavuş Novruzov APA-ya geniş müsahibəsində növbəti prezident seçkiləri, hakim partiyanın seçki hazırlıqları barədə də danışıb.S.Novruzov bildirib ki, növbəti prezident seçkiləri ərəfəsində xarici dövlətlərdən təzyiqlərin olacağı ilə bağlı proqnozları Azərbaycandakı bəzi rusiyapərəst şəxslər yayır. Onlar bununla Rusiyanın bu məsələdə mövqeyini şişirtmək istəyirlər: “Azərbaycan xalqı prezidentini özü seçir. Kənardan müdaxilələr qaldı 90-cı illərin əvvəlində. Azərbaycan xalqı öz rəhbərini seçəndə heç kimlə razılaşdırmır, bu faktdır. Bu cür ”proqnozları" isə Azərbaycanda olan, keçmişdən qalan rusiyapərəstlər, bu ölkənin kəşfiyyatına xidmət edən insanlar, eyni zamanda bu gün Rusiyada biznesi olan bəziləri dövriyyəyə buraxır. Vaxtilə Azərbaycanda vəzifədə olub indi gedib Rusiyaya sığınan bəziləri belə şeyi yazdırıb özlərini şişirtmək istəyir, ürək bulandırırlar. Ola bilsin ki, onun Moskvada-Kremldə kiminləsə “salam-əleykümü” var. Amma Rusiyanın mövqeyi Kreml rəhbərinin mövqeyidir, onun da Azərbaycanla bağlı mövqeyi yüksək münasibətlərə əsaslanır".
Deputat bununla belə deyib ki, seçki ilində ənənəvi olaraq, Azərbaycanın təbii sərvətlərindən maksimum güzəştlə yararlanmaq istəyən dövlətlər, güzəştli şəkildə öz işlərini görmək istəyən qlobal şirkətlər, Azərbaycanın güclənməsini istəməyənlər bəzi cəhdlər edəcəklər. “Bunlardan bəziləri Avropa Parlamentinin, Avropa Şurası Parlament Assamnleyasının, ATƏT-in ələ aldıqları üzvləri vasitəsilə, başqa bəzi yollarla təzyiq göstərməyə cəhd edəcəklər. Lakin Azərbaycanda güclü dövlət, güclü lider, xalqla iqtidar arasında güclü birlik var. Ona görə də bunlar cəhd olaraq qalacaq” deyə, o bildirib.
S.Novruzov prezident seçkilərinə YAP-da artıq müəyyən hazırlıq işləri getdiyini də açıqlayıb: “İlk növbədə partiyadaxili strukturların hazırlıq məsələsinə baxırıq. Rayon-şəhər təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. Partiyanın son keçirilən İdarə Heyəti iclasında da bu barədə hesabat verildi və qərar qəbul edildi. Yəni bizdə hər şey qərarladır. Rəhbər strukturun qərarı ilədir. 61 rayonda artıq konfranslar yekunlaşıb, 23 rayonda da keçirəcəyik. 11 rayonda təşkilat sədrləri dəyişib. Tərkibdə dəyişikliklər gedir. Çünki say artdıqca bu labüddür. Bununla biz bütün bu strukturu ilin sonuna qədər gələnilki seçkiyə hazırlayırıq. Tam hazır olduqdan sonra partiyanın rəhbər orqanı prezidentliyə namizədliyin irəli sürülməsi barədə qərar qəbul edəcək. Seçkinin gələn ilin payızında keçiriləcəyini nəzərə alsaq, yəqin ki, gələn ilin bu vaxtına qədər qurultay barədə qərar veriləcək”.
S.Novruzov prezident seçkilərində YAP-ın öz namizədinə rəqib görüb-görmədiyi barədə suala belə cavab verib: “Elə bir rəqib yoxdur, görmürük. Bizim partiyamızın sədri cənab prezidentin apardığı siyasət, gördüyü işlər reytinqini ildən-ilə artırır. Cənab prezident seçki ərəfəsində verdiyi sözdən dəfələrlə artıq işlər görür, xalq da bunu qiymətləndirir. Artıq Azərbaycan miqyasında yox, dünya miqyasında sorğu keçirsək, görərik ki, bizim sədrimizin-cənab prezidentin alternativi yoxdur. Bu həqiqətdir. Cənab prezident İlham Əliyev həm xalqın maraqlarının dəstəklənməsi, həm sabitliyin qorunması, iqtisadiyyatın inkişafı, quruculuq işləri - hansı ki, bunun sayəsində ölkədə artıq rayon-şəhər fərqi aradan qalxıb - və s. bu kimi işləri çox uğurla və sürətlə həyata keçirib. İslahatlar dayanmadan davam edir, məmurların daim xalqın qulluğunda olmasına nəzarət edir. Hər bir rayona səfər edir, insanlarla daim ünsiyyətdədir. Bu səbəbdən biz namizədimizə heç bir rəqib görmürük”.
Siyavuş Novruzovun müsahibəsində bir çox maraqlı məqamlar diqqəti cəlb edir. Birinci məqam ondan ibarətdir ki, S.Novruzov 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri ilə bağlı son günlər hakimiyyət düşərgəsindən narahatlığı bölüşmür. Yada salaq ki, neçə gün öncə Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP-çı deputat Yevda Abramov müsahibəsində demişdi ki, gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ehtiyatlı olmaq lazımdır: “Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir. Ona görə də seçkinin nəticələrindən qalib tərəf razı, məğlub tərəf isə narazı qalır. Bu, bütün dünyada belədir. Azərbaycanda da seçkinin nəticələrindən narazı qalanlar olacaq. Biz Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən ajiotajlara rast gəlmişik. Ona görə də seçki ərəfəsində də, seçkidən sonra da müəyyən qüvvələr aranı qatmaq istəyəcək”.
Onun ardınca YAP-çı deputat, hakim partiyanın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə həmkarının fikri ilə razı olduğunu deyib. A.Mirzəzadə bildirib ki, seçki ərəfəsində Azərbaycanda bəzi qüvvələr var ki, aranı qatmaq istəyəcəklər: “Azərbaycanda hər seçki ərəfəsində xaricdəki anti-Azərbaycan mərkəzləri ölkəmizdə provokasiya törətməyə və gərginlik yaratmağa çalışırlar. Düzdür, bunun üçün Azərbaycanda sosial baza yoxdur. Ancaq pulla ələ alınan, özünü müxalifət adlandıran müəyyən qüvvələr böyük həvəslə buna gedirlər. Eyni zamanda sosial şəbəkələr vasitəsilə səbadsız adamları yoldan çıxartmağa, seçki prosesini idarəolunmaz bir istiqamətə yönəltməyə çalışırlar. Ancaq hər seçkidən-seçkiyə onların cəhdlərinin əbəs yerə olduğu, cəmiyyətin onları dəstəkləmədiyi qənaətinə gəlirlər. Bu seçki ərəfəsində də aranı qatmaq istəyənlər olacaq. Amma yenə də Azərbaycan cəmiyyəti buna layiqincə cavab verə biləcək”.
İkinci maraqlı məqam isə S.Novruzovun hakim partiyanın seçki hazırlıqlarına başladığı və YAP-ın namizədinin hazırkı prezident olacağı ilə bağlı dedikləri hesab olunur. ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, hakim partiyanın rəhbərliyinə daxil olan S.Novruzov bu açıqlaması ilə müəyyən dairələrə mesaj göndərir ki, YAP İlham Əliyevə alternativ görmür və ondan başqa kimsənin namizədliyini irəli sürmək istəmir: “Bu mesaj təsiri bağışlayan açıqlama hakimiyyətə rəqib olan müxalifət düşərgəsindən çox hakimiyyətin özünün daxilindəki qüvvələridir".Etibar SEYİDAĞA
Tarix: 13-07-2017, 08:49