Əli Nağıyev sabiq MTN nazirini “boş şifoner” adlandırdı

Əli Nağıyev sabiq MTN nazirini “boş şifoner” adlandırdı Sabiq nazir Əli Kərimliyə də məsləhət verdi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin keçmiş müavini, sabiq nazir və səfir Əli Nağıyev ölkə.az-a müsahibəsində gələn il Azərbaycanda keçirilməsi gözlənilən prezident seçkisi barədə danışıb. Sabiq nazir deyib ki, Azərbaycanda prezidentliyə çox adam iddialıdır və yəqin gələn il keçiriləcək prezident seçkilərində də bir neçə adam namizədliyini irəli sürəcək.


Əli Nağıyev həmin namizədlərin arasında prezidentliyə İlham Əliyevdən daha layiqlisini görmədiyini bildirib: “Mən bunu çox dəqiq əsaslandıra da bilərəm. Hələ mən rəhmətlik Heydər Əliyev sağ olarkən demişdim ki, Azərbaycan prezidentliyinə ən layiqli namizəd İlham Əliyevdir. Bu gün də bunu deyirəm. Ancaq çox təəssüf ki, prezident İlham Əliyevin ətrafında bəzi adamlar var ki, onlar oturduqları budağa balta vururlar. Sözsüz ki, onların hamısı getməlidir. Onlar bu milləti və dövləti uçuruma sürükləyənlərdir. Necə ki, bir ”içi boş şifoner" olan nazir o boyda vəzifədə otura-otura nə qədər cinayətlər törətmişdi".


Əli Nağıyev müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli haqda da danışıb. O deyib ki, Cəmil Həsənli təki indi oturduğu yerə layiq olsun. Ancaq onun da, Əli Kərimlinin də İlham Əliyevlə müqayisədə prezident olmaq potensialı demək olar ki, sıfıra bərabərdir: “Prezidenti gərək millət seçsin. Bu gün Azərbaycan seçicisinin neçə faizi Əli Kərimliyə səs verər? Mən hesab edirəm ki, heç bir faizə çatmaz. Çünki bu gün Azərbaycan əhalisinin mütləq əksəriyyəti Əli Kərimlini tanımır. Əli Kərimli özünü başqalarına yapışdırmamalı idi, özünü xalqa təqdim etməyi bacarmalı idi, oba-oba, kənd-kənd gəzib camaatı inandırmalı idi, düz mənəm, mənim dediklərimdir”.


Qeyd edək ki, bir neçə gün öncə YAP icra katibinin müavini Siyavuş Novruzov da müsahibəsində növbəti prezident seçkisi, hakim partiyanın seçki hazırlıqları barədə danışarkən hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevə rəqib olmadığını, YAP-ın namizədinə rəqib görmədiklərini bildirmişdi.


Ekspertlərin fikrincə, son günlər tanınmış YAP-çıların bu cür bəyanatlarla çıxış eləmələri köhnə YAP-çıların seçkilərdə kimi namizəd görmək istədiklərini dolayısı yolla ortaya qoymaq cəhdidir.


E.SEYİDAĞA
Tarix: 15-07-2017, 08:50
Xəbəri paylaş





Xəbər lenti