Sabiq nazirin “5-ci kolon” haqda dediklərinə reaksiyalar
Politoloq: “Ölkədə milli maraqlarını digər ölkənin maraqları qarşısında satan qüvvələr var”
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a müsahibəsində “beşinci kolon” məsələsini bir daha gündəmə gətirib. Sabiq nazir bildirib ki, Azərbaycanda “beşinci kolon” mövcuddur, özü də müxtəlif ölkələrin: “Bu da bir reallıqdır”.
Sabiq nazirin fikirlərindən belə aydın olub ki, Azərbaycan təkcə təmas xəttindəki düşməndən ehtiyat etməməlidir, həm də daxildəki “beşinci kolon”dan da özünü gözləməlidir.T. Zülfüqarov “beşinci kolon” dedikdə kimləri nəzərdə tutur?“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli hazırkı şəraitdə ölkədəki siyasi durumu şərh edib. O bildirib ki, Azərbaycanda “5-ci kolon” məsələsi kifayət qədər aktualdır: “Ölkədə milli maraqlarını digər ölkənin maraqları qarşısında satan qüvvələr var. Bunları iki qismə ayırmaq olar; Qərb tərəfdarları və Rusiyaya meyllilər. Ümumiyyətlə, bunların özünü də iki yerə ayırmaq mümkündür. Bir qismi var ki, onlar vicdanlıdırlar, amma yanılaraq həmin ideologiyaya pərəstiş edənlərdir. Bu şəxslər eyni zamanda işin mahiyyətini anlamayıb, kor-koranə addımlar atıblar. Məsələn, Rusiyanın “beşinci kolon”unun içərisində bu qəbildən olanlar daha çoxdur. Çünki nostalgiya hissi ilə yaşayan və keçmişi qaytarmaq həvəsində olan insanlar köhnə sosializm cəmiyyətindəki müəyyən qaydaların hələ də vurğunu kimi qalırlar. Bundan başqa müstəqilliyi sırf maddi amillərlə dəyərləndirib, onun mənəvi tərəfini unudan belə adamlar, heç müstəqilliyə də rəğbətlə yanaşmırlar. Bu adamlar daha çox siyasi şüuru zəif olan şəxslərdir ki, “bəlkə də qaytardılar” nostalgiyası ilə yaşayıb, yeri gələndə ruslarla bağlı keçmişi öyməkdən çəkinmirlər. Belə insanlar Kommunist partiyasının, sosialist oriyentasiyalı cəmiyyətlərin sıralarına da qoşulurlar. Sadaladıqlarım prosesə şüursuz formada, hansısa nostalgiyaya qapılıb, ideologiyaya xidmət edənlərdir.
Ancaq bir məsələ də var ki, eyni zamanda bu proseslərə şüurlu sürətdə qatılanlar. Ola bilsin ki, bunun müqabilində muzdlu sürətdə qeyd etdiyim ideologiyaya xidmət edənlər də var. Bəziləri Rusiya və Qərbə həm maddi dolanışıq mənbəyi, həm də hakimiyyətə gəlmək imkanları kimi baxırlar. Məsələn, Abbas Abbasov Rusiyanın paytaxtında oturub, oradakı azərbaycanlı iş adamlarının, sıravi azərbaycanlıların beynini zəhərləməklə məşğuldur. Rusiyanın onu hakimiyyətə gətirəcəyi barədə nağıllar söyləyir. Belə əqidədə olan adamlar Azərbaycanda və eləcə də Rusiyanın özündə də az deyil. Bunlar “beşinci kolon”un tipik nümayəndələridir. İstisna etmirəm ki, hakimiyyətin müəyyən dairələrində də belə adamlar ola bilər. Ancaq zənnimcə ölkə prezidenti öz komandasını yaxşı tanıyır və bu komandanı tənzimləməkdə heç bir çətinliyi yoxdur. Ona görə də prezident komandasına belə bir adamların düşə biləcəyi ehtimalını zəif hesab edirəm”.
Politoloq, Azərbaycanda daha çox Qərbin, yoxsa Rusiyanın təsirlərinin çox olması məsələsinə də toxunub: “Doğrudur, son zamanlar ölkədə Qərbin bir sıra institutları, qurumları fəaliyyətlərini dayandırıblar. Ancaq bu heç də Qərbin Azərbaycana təsiri yoxdur anlamını vermir. Qərbin Azərbaycanda təsir qüvvəsi heç də zəif deyil. Qərb strukturlarının, xüsusilə də dəyər baxımından müəyyən ideyaları yayan qurumların Azərbaycandan çıxıb getməsi, heç də Qərbə olan həvəsi azaltmayıb. Bir sıra siyasi partiyalar, cəmiyyətlər Qərb dəyərlərinə düşkün olduqları üçün onların müəyyən tezislərini, ideologiyalarını təkrarlayırlar. Nəticədə Qərbə olan sədaqətlərini nümayiş etdirməkdən çəkinmirlər. Buraya insan haqları məsələsi, demokratik dəyərlər və bütövlükdə cəmiyyətin təşkili ilə bağlı siyasi xarakterli məsələlər daxildir. Ancaq Rusiyanın “beşinci kolonu” daha çox şəxsi mənfəətlər və şəxsi problemlərin həll edilməsi mənbəyi kimi formalaşmış, çeşidli qruplardan ibarətdir. Bu mənada həm rəngarəngdirlər, həm də onların bir araya gəlməsi prosesi də çox sürətlə baş verə bilər. Çünki bir mərkəzdən verilən komanda üzrə onları bir yerə toparlamaq mümkün olur. Bu baxımdan zənnimcə Qərb meylli “beşinci kolon”la müqayisədə Rusiyaya meylli “beşinci kolon”un mövqeləri və perspektiv imkanları daha güclüdür”.
Əli Rais
Tarix: 22-08-2017, 16:17