Azərbaycan hakimiyyətinə 2013-də bu qədər mesajlar verilməmişdi. Bu dəfə ismarıclar daxildən gəlməkdədir.
Söhbət yəhudi əsilli deputat Yevda Abramovdan gedir. Qubadan seçilən millət vəkili artıq neçənci dəfədir ki, iqtidara həyəcanlı seçki ismarıcı verməkdədir.
Anaxeber.az-ın Analitik Mərkəzi yazır ki, deputat ayıq-sayıq olmağa, seçkiqabağı ölkəni qarışdırmaq istəyən qüvvələrin varlığına diqqət çəkir.
Onu bu açıqlamaları verməyə vadar edən səbəblər və qüvvələrin olub-olmadığı haqda səhih məlumatlar verilmir. Lakin faktiki olaraq Azərbaycan iqtidarına onun qədər xəbərdarlıq edən biri olmayıb.
Hətta bu dəfə YAP-ın deputatı Siyavuş Novruzov dolayısı ilə ona cavab verib ki, ölkədə sabitlikdir və hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizlik təmin olunur.
Y.Abramovun sözləri özfəaliyyət ola bilməz. O, ya iqtidar daxilindəki hansısa qruplaşmanın təlimatlarını yerinə yetirir, ya da xaricdən aldığı informasiyalar əsasında çıxış edir.
Çünki Azərbaycan parlamentində azad deputat yoxdur və belə həssas məsələ haqda şəxsi fikir yürütmək iqtidarında deyillər.
Axı kimdir o qüvvələr, hardandır təhlükə, hansı planları cızırlar? Heç bir suala detallı cavab vermir deputat...
Onu da demir ki, müxalifətdən yoxda xaricdən ehtiyatlı olmaq lazımdır. Hər halda indiki vaxtda ənənəvi müxalifətin özü də hakimiyyət üçün təhlükə olmadığını yaxşı başa dür. O baxımdan işarəni sahildən kənarda gözləmək lazım gəlir.
*
Bakıda avtobus şoferinə silah çəkən gənc sabiq polis zabitinin oğlu imiş. Onu həbs ediblər.
Bu kərə yoxsul təbəqənin nümayəndəsi xəta-bəlasız, qan-qadasız məmur uşağının qudurğanlığından xilas oldu. Onu öldürə də bilərdi, avtobusu aşıra da... Rəsmən potensial terrorçu...
Heç şübhə olmasın ki, belində silah gəzdirən varlı, vəzifəli şəxslərin uşaqları haçansa küçənin ortasında adamları güllələyəcəklər. Ölkədəki gedişat bunu deməyə əsas verir.
Gün gələcək, insanları tapdalayıb keçəcəklər, “qaşın üstə gözün var” deyəni alnından vuracaqlar. Vay o o günə ki, belə qudurğanlıqlardan biri 2018-ci il prezident seçkiləri ərəfəsinə təsadüf eləsin. Ən azından prezident İlham Əliyev və islahatçı klan bunu qətiyyən arzulamaz. Amma proseslərin gedişi və idarəçilik modeli ölkədə məmurlardan çox onların uşaqlarının hakimiyyət üçün təhlükə olduğunu göstərməkdədir.
*
Deputat Y.Abramovun seçkiqabağı ehtiyatlı olmağa çağırışı məmur övladlarının qudurğanlığı, kasıb zümrənin yoxsulluq içində inildəməsi ilə bərabər varlı, korrupsioner məmurların övladlarının xaricdə keç çəkməsi arasında ciddi bir uçurum, təbəqələşmə yaratdığına işarədir.
Bu təbəqələşmə gərginliyə, sosial partlayışa, qisas hissinə, aqressiya və məmur-zadəgan zümrəsinə qarşı radikallığa gətirib çıxarmaqdadır.
Yəni, daxildən məmur uşaqları, xaricdən Azərbaycan hakimiyyətini sıxma-boğmaya salan qüvvələrin fəaliyyəti seçkiqabağı iqtidara çox ağır bir sınaq dövrü olacağını deməyə əsas yaradır.
Əgər seçki ərəfəsində bir məmur uşağı avtobus oferini döyərsə, silah çəkərsə, “Qalendvagen”li məmur nəvəsi kiminsə həyatına son qoyarsa, bu, hakimiyyətin həyatına son qoymaq üçün riskli kataklizm olacaq.
Azərbaycan cəmiyyəti onsuz da nüvə halına gəlib və partlamağa hazırdır, digər tərəfdən də Abramovun dediyi kimi, ölkəni qarışdırmağa meylli qüvvələr siqnal gözləməkdədir.
*
Anaxeber.az-ın Analitik Qrupu yazır ki, Azərbaycanda sosial gərginliyin artması ilə qoşa addımlayan məmur balalarının harınlaması, faciələrə səbəb olması İranda 1978-ci ildən az əvvəlki vəziyyəti xatırladır.
Belə ki: ənənəvi müxalifət sıradan çıxarılıb, kapitalist-burjua sinfi ölkəni çapıb talayır, işsizlik, evsizlik, mülkiyyətin qəsbi kütləviləşib, qarşısıalınmaz inflyasiya, kəndlilərin şəhərlərə axınının indiyə kimi görünməyən miqyası, uzaldılmış iş həftəsi və sairə.
İqtisadi kasıblığın səviyyəsi hətta, əvvəlki üç onilliklə müqayisədə belə görünməyən miqyas alıb.
İranda inqilabın taleyi faktiki olaraq bu milli, fəhlə,qadın, tələbə, kəndli, əskər şuralarının yayılması və gəlişməsindən asılı idi.
Əvvəllər passiv olan kütlələr milli, cinsi, sinfi və başqa haqlar uğrunda birləşirdilər. İşsizlər iş tələb edirdi, tələbələr təhsilin azad olmasını və sairə.
Sosial ədalətsizlik, bərabərsizlik, harınlıq və qudurğanlıq, xalqın neft pullarının talan edilməsi, xalqın sərvəti olan Xəzərin çəpərlənməsi, daxmaların yanında ucalan villalar, ən savadsız adamların irəli çəkilməsi, məmur uşaqlarının aqressiya yaratması, bankların kasıbları soyması ölkəni qarışdırmaq istəyən qüvvələrin əlinə rıçaq verməkdədir.
Bu dairələrin olduğunu isə media və ya partiyalar açıqlamır, məhz deputat Y.Abramov neçənci dəfədir ki, ictimaiyyətə bəyan edir. Görünür ki, bir bildiyi var və ona əsaslanır. Deməli, qabaqda çox ağlr və gərgin siyasi dövrə başlanır.
Y.Abramovun isə yəhudi əsilli olduğunu nəzərə alsaq, hansı informasiyalara malik olduğunu təsəvvür edə bilərik.
Xatırladaq ki, deputat bir neçə ay əvvəl də Kremlin seçkilərdə öz namizədini hazırladığını bildirmişdi. Həmin namizədin kimliyi haqda müxtəlif versiyalar səslənir. Baxarıq, görərik...
Siam.az
Tarix: 23-08-2017, 09:22