Qarabağ “düyünü”nə kim “düyün” vurur - Rusiya, yoxsa Qərb...

Qarabağ “düyünü”nə kim “düyün” vurur - Rusiya, yoxsa Qərb... Dağlıq Qarabağ ətrafında situasiya sülh danışıqlarının fiasko olması üzündən aydan-aya daha ümidsiz və qəliz bir duruma girməkdədir. Belə görünür ki, Azərbaycan və Ermənistan XİN başçılarının gələn ay BMT Baş Məclisi çərçivəsində ehtimal edilən görüşü də vəziyyətdə əhəmiyyətli dönüş yarada bilməyəcək. Niyə?

Ona görə ki, belə bir dönüş üçün öncəliklə ATƏT-in Minsk Qrupu həmsədrlərindən, ələlxüsus da Rusiyadan tələb olunan siyasi iradə və təşəbbüskarlıq hələ ki ortada yoxdur. İşğalçı Ermənistan da mövcud durumdan istifadə edərək, status-kvonu uzatmağa, hətta bir qarış ərazi qaytarmaya-qaytarmaya təmas xəttində atəşkəs pozuntusuna nəzarət üçün yeni izləmə mexanizmlərinin tətbiqinə çalışır.

Aydındır ki, düşmən o halda, yəni faktiki cəbhə xəttinin legitim cəbhə xəttinə çevriləcəyi təqdirdə arxayın və cəzasızlıq şəraitində öz işğalçılıq siyasətini davam etdirməyə, Azərbaycanın hərbi zərbələrindən yayınmağa ümid edir. Təbii ki, Bakı heç vaxt buna razılıq verməyəcək. Çünki Qarabağ problemi dondurulmaq yox, təcili həll yolu tələb edir.

*****

“Dağlıq Qarabağ probleminin həllini tapmaq zamanı çatıb”. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Hikmət Çətin “Vestnik kavkaza” nəşrinə açıqlamasında Qarabağ probleminin uzanmasını şərh edərkən bildirib.
“Qarabağ məsələsində biz ”dondurulmuş münaqişə" deyilən bir vəziyyətə çatmışıq. Bu gün hərbçilərin və dinc sakinlərin qanının tökülməməsi əlbəttə ki, yaxşıdır. Ancaq bu status-kvo problemi həll etmir. Ona görə də konfliktin yekun həllini tapmaq lazımdır. Bundan ötrü bütün şərtlər var, nədən ki, bizim BMT qətnamələrimiz var - hansı qətnamələr ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını təsdiqləyir və milyondan çox qaçqının öz evlərinə qayıtmasını tələb edir" - Çətin qeyd edib.

XİN-in keçmiş başçısının sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal eləməklə özü-özünə, öz iqtisadiyyatına və əhalisinə böyük ziyan vurub: “Ermənistan bundan yalnız itirib və Azərbaycan rayonlarını işğal altında saxlamaqla itirməkdə davam edir. Azərbaycan isə bu zaman çox məharətlə situasiyaya nəzarət edir və mövcud problemlərini həll edir”.

Daha sonra sabiq diplomat regionda daimi sülhü bərqərar eləməyə çağırıb. “Cənubi Qafqaz bu gün sülhə, əmin-amanlığa ehtiyac duyur. Rusiya, ABŞ və Türkiyə Dağlıq Qarabağ ixtilafının həlli üçün maksimum səylər göstərməlidir. Güclü Türkiyə gələcəkdə Dağlıq Qarabağ nizamlanmasının qarantlarından biridir. Axı o, Azərbaycanın müttəfiqidir. Ankara da səylər göstərməlidir ki, beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının vacibliyini anlasın”, - deyə keçmiş diplomat əlavə edib.

*****

Bu arada işğalçı Ermənistanda bu ölkənin hələ də Rusiya imperiyasının ucqarı kimi qalmasının dərkindən dolayı təlaş güclənməkdədir. Musavat.com-un məlumatına görə, bu xüsusda 1 in.am nəşrinin siyasi şərhçisi Sarkis Arsruninin növbəti şərhi etiraflar baxımından ibrətamizdir və diqqət çəkir.

O yazır: “Ermənistanı Rusiya imperiyasının muzeyinə çeviriblər: bir neçə gün öncə Oşakanda farslar üzərində rusların qələbəni qeyd eləmişdik. Dünən isə Gümrüdə rus-tük müharibəsində həlak olanların ruhu qarşısında baş əydik. Beləcə, Rusiya tərəfi bizim məmurların köməyi ilə Ermənistanı tarixin girdabına və bataqlığına sürükləyir. O tarixin ki, orada Ermənistan öz dövlətçiliyindən məhrum olmuşdu - rəsmən Rusiya imperiyasının tərkib hissəsi olmaqla. Rusiya özü Türkiyə və İranla dostluq edir, bizim şüurumuzda isə onların ”vəhşi obrazı"nı təzələyir ki, özü haqda “xilaskar” imici yaratsın".

Erməni ekspert ardınca acı etirafları davam etdirərək bildirir: “Oşakan, Gümrü: bu tədbirlər təsadüfi deyil. Bunlar, necə deyərlər, Rusiyanın imperiya siyasətinin mədəni təzahürləridir. Bunlar bir daha Ermənistanı inandırmalıdır ki, o - imperiyanın periferiyasıdır və ən başlıcası - bu işğaldan çıxış yolu yoxdur”.

Arsruni bu yerdə Rusiyadan aralanma siyasəti aparan qonşu Gürcüstanı Ermənistanı nümunə göstərir: “Qonşu Gürcüstanın hakimiyyəti artıq neçə ildir ki, Rusiya siyasətinin velikoderjav xarakterini başa düşüb və gürcülər mahiyyət etibarilə hesab edirlər ki, Rusiya, sovet işğalı ilə assosiasiya edilən istənilən hadisə rədd edilməlidir. Bizim hakimiyyət isə belə tədbirləri dövlət səviyyəsində təşkil eləməklə dövlət ideyasının özünü öldürür. Paralel surətdə Rusiya adları və ya bolşeviklərin adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi təşəbbüsü də yenə məhz dövlət səviyyəsində ”xaç yürüşü" kimi qiymətləndirilib. Biz mənəvi cəhətcə, psixoloji olaraq dövləti itirmişik və bu haqda danışmağa cəsarətimiz də yoxdur".

*****

Bu qəbildən acı etiraflar - Ermənistanın Azərbaycan ərazilərini işğal eləməklə, Rusiyanın ucqar əyalətinə və forpostuna çevrilməklə ən böyük pisliyi doğrudan da elə özünə etdiyini bir daha isbatlayır. İşğalçı gerçəkdən də Rusiyanın girovudur. Bu reallığın Azərbaycan üçün əsas üstünlüyü bəlkə də odur ki, Qarabağ məsələsində biz məhz Moskva ilə dil tapmalıyıq, çünki erməni tərəf həlledici söz sahibi deyil.

Rusiyanın isə əfsuslar olsun ki, konfliktin həllində real dönüş yaratmaq əzmi hiss olunmur. Kreml faktiki olaraq, özünün yaratdığı problemi aradan qaldırmaq istəmir, sadəcə, bu yolla Azərbaycanı və Ermənistanı nəzarət altında saxlamağa davam edəcəyinə ümid edir. Ancaq nə vaxtadək?

Sual da budur. Bir şey dəqiqidir ki, hər şeyin nə vaxtsa bir sonu gəlir. Bu sonu yaxınlaşdırmaq, Qarabağ “düyünü”nü, nəhayət, açmaq həm də konfliktin həllinə cəlb olunmuş Qərb paytaxtlarının - Vaşinqtonun, Parisin, Londonun, Brüsselin vəzifəsidir. Əks halda, onların da bölgədəki maraqları ziyan çəkəcək və çəkir.

Təəssüf ki, indi Moskva ilə yanaşı Qərb də “düyün”ə “düyün” vurmaqla məşğuldur - bilərəkdən, ya bilməyərəkdən... \\musavat.com\\
Tarix: 23-08-2017, 10:06
Xəbəri paylaş





Xəbər lenti