“Mən ümumiyyətlə, kökəncə gürcüyəm – atam Tiflisdəndir, ancaq qanım həqiqətən erməni qanıdır”.
Bu sözləri 2004-cü ildən Rusiya diplomatlarına rəhbərlik edən Tiflis ermənisinin oğlu Sergey Lavrov 2005-ci ildə Rusiya-Erməni Slavyan Universitetində tələbələrlə görüş zamanı bir tələbənin “Erməni kökənli olmağınız sizə işdə kömək edirmi” sualına cavab olaraq bildirmişdi.Açıq ensiklopediya – vikipediyada Sergey Viktoroviç Lavrov barədə yazılır: “Lavrovun atası barədə məlum olan odur ki, o, Tiflis ermənisidir. Bəzi məlumatlara görə, o, Kələntərov və ya Kələntəryan soyadını daşıyıb. Anası barədə məlumdur ki, o, SSRİ Xarici Ticarət Nazirliyinin əməkdaşı olub. Rusiya XİN-in saytında Lavrovun rus olduğu qeyd olunub”.
“Vikipediya”da “izvestnıy armyanin” yazıb axtarışa verilən bütün materiallarda da S.Lavrovun erməni mənşəli olması qeyd olunub.
Erməni olmaq, əlbəttə, qəbahət deyil. Ancaq sən böyük bir dövlətin xarici siyasət idarəsinə rəhbərlik edirsənsə, gərək bütün xalqlara və dövlətlərə münasibətdə ilk növbədə təmsil etdiyin dövlətin maraqları baxımından yanaşasan. Bu gün Rusiyanın dövlət və milli maraqları ondan dotasiya alan quberniya rolunda çıxış edən işğalçı Ermənistanla deyil, Azərbaycanla münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmağı tələb edir. Azərbaycan Rusiya ilə milyardlarla dollar dəyərində silah alqı-satqısına dair anlaşma imzalayır, Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya büdcəsinə külli miqdarda xeyir verir. Ermənistana isə həmin silahı Rusiyadan dilənərək alır. Belə bir məqamda S.Lavrov kimi məmurlar təmsil etdikləri dövlətin deyil, mənsub olduqları etnik qrupun maraqlarından çıxış edərək işğalçı ölkənin havadarı rolunda çıxış edirlər.
Politoloq Qabil Hüseynli Teleqraf.com-a açıqlamasında S.Lavrovun erməni mənşəli olması faktının dəfələrlə onun özü tərəfindən təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, Sergey anasının milliyyətcə rus olan ikinci ərinin soyadını götürdüyü üçün yaddaşlarda guya rus olmasına dair iz buraxıb. Amma onun həm anası, həm də atası Tiflis ermənisi olublar: “Lavrovun ermənipərəst olması isə artıq onun əməllərində təsdiqini tapıb. Təkcə onun rəhbərlik etdiyi nazirliyin aparatına baxsaq, əməkdaşlqın böyük hissəsinin, təxminən 30 faizinin erməni mənşəli olduğunu görə bilərik. Rusiya Xarici İşlər Naziliyində Lavrovun dövründə olduğu qədər ermənilər işləməyib. Lavrovun ermənipərəstliyini rəhbərlik etdiyi nazirliyə erməni mənşəli xeyli şəxsi işə qəbul etməsi göstərir. Onların bəziləri idarə rəisliyinədək ucala bilib. Rusiyanın xaricdəki səfirləri arasında da ermənilər az deyil. Məsələn, Rusiyanın İran, Venesuela və bir sıra digər ölkələrdəki səfiri ermənidir”.
Q.Hüseynli qeyd edib ki, S.Lavrov həm də Rusiyadakı erməni lobbisinin başçısı – xaç atası hesab olunur:
“Ermənilərin gözəgörünməz tellərlə birləşdirilməsi və vahid hədəflərə doğru istiqamətləndirilməsi məhz onun nazirliyi dövründə baş verib. Hətta, Lavrov xarici işlər naziri olduqdan sonra ermənilər onun bütün sözlərini və tapşırıqlarını canla-başla yerinə yetirirlər. Rusiyada yüksək vəzifə tutan erməni mənşəli şəxslər Lavrovun başçılığı altında federasiyada erməni lobbisinin hərəkətverici qüvvəsi olublar. Lavrovun sayəsində onlar Rusiya siyasətinə təsir edə və bəzi sahələrdə onu yönləndirə biləcək qüvvəyə çevriliblər”.
Müsahibimizin sözlərinə görə, S.Lavrovun xarici işlər naziri olduğu dövrdə onun Dağlıq Qarabağ probleminə münasibəti Azərbaycana ziyan verən bir çox mənfi cəhətləri ilə özünü büruzə verib: “Məsələn, münaqişənin dondurulmasında, danışıqlar prosesinin uğursuzluqla nəticələnməsində Lavrovun “böyük xidmətləri” olub. Belə iddialar da var ki, Lavrov 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan ordusunun uğurla irəliləməsinin qarşısını almaq üçün Prezident Vladimir Putinə təsir edən və döyüş əməliyyatlarının dayandırılmasına nail olan şəxsdir. Ermənilərin ilk telefon açdıqları, məsləhət aldıqları şəxs də Lavrov olub. Bir qayda olaraq Lavrovun səyləri nəticəsində ermənilərin bir çox həlli müşkül məsələlərinin həllini tapdığı söylənilir. Lavrov ermənilərlə qan qohumluğuna malik olması ilə fəxr edir, verdiyi müsahibələrdə dəfələrlə bunu vurğulayır”.
Q.Hüseynli qeyd edib ki, Lavrovun XİN-ə başçılıq etməsi ilə ermənilərin Rusiyanın ictimai-siyasi həyatındakı rolu daha da artıb: “Bu gün dünyanın ən güclü lobbilərindən biri Rusiyadakı erməni lobbisi hesab olunur. Onun güclənməsində Lavrovun xidmətləri geniş qeyd olunur. İş o yerə çatdı ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə iyulun 21-də Soçidə görüşərkən Dağlıq Qarabağ problemində Rusiyanın rolunun mənfi çalarları, bu mənfi çalarları gətirən Lavrov barədə hazırlanmış ciddi fakt və məlumatları xüsusi arayışla Putinə təqdim edib. Putinə məlumat verilib ki, Rusiyanın bu sahədəki mənfi çalarları Lavrovun adı ilə bağlıdır. Yəni, bir növ şikayət xarakteri daşıyıb və bu istiqamətdə Putindən tədbirlər görülməsi xahiş olunub. Deyilənlərə görə, Putin bu istiqamətdə araşdırma aparılacağı və ölçü götürüləcəyi vədini verib. Həmin görüşdən sonra Lavrovun Dağlıq Qarabağla bağlı məsələlərdə iştirakının məhdudlaşdırılması barədə fikirlər gəzməkdədir. Bunun nə qədər səhih məlumat olduğunu dəqiq söyləmək çətindir, mən də bu barədə mətbuat vasitəsilə məlumat əldə etmişəm”.
Politoloq Fikrət Sadıqov da o fikirdədir ki, mənşəyindən asılı olmayaraq hər hansı bir şəxs hansısa dövlətin naziridirsə, heç şübhəsiz, həmin dövlətin maraqlarını müdafiə etməli, maraqlarından irəli gələn vəzifələri yerinə yetirməlidir: “Açıq demək lazımdır, Lavrovun mənşəyinə əsaslanıb yürütdüyü siyasət bəzi hallarda bizi qane etmir. O, mənşəcə erməni olmasını vaxtaşırı qabardır, bu barədə danışır, müsahibələrində bunu özünə şərəf bildiyini vurğulayır. Bu isə öz-özlüyündə dövlətin siyasətinə mənfi təsir etməyə bilməz. Xüsusilə, nəzərə almaq lazımdır ki, burda söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən dövlətdən gedir”.
S.Lavrovun sovet diplomatiya məktəbini keçən bir şəxs olduğunu qeyd edən F.Sadıqov onun bir sıra incəlikləri bildiyini də vurğulayıb: “O, yaxşı bilir ki, dövləti təmsil edirsə, bu istiqamətdəki addımları dövlətin siyasətinə öz təsirini mütləq göstərəcək. Amma gəlin, açıq danışaq. Digər reallıq da ondan ibarətdir ki, rəsmi Moskvanın və İrəvanın mövqeləri bir çox hallarda üst-üstə düşür. Fikir verin, Rusiya telekanallarında ermənilər çıxış edir, amma azərbaycanlılar yoxdur. Niyə yoxdur? Çünki ermənilərin mövqeləri Rusiyanın mövqeyindən fərqli deyil. Onlar faktiki olaraq Rusiyanın yürütdüyü siyasəti dəstəkləyir, müdafiə edir və bunu heç gizlətmirlər. Odur ki, Lavrov bir tərəfdən Rusiyanın rəsmi nümayəndəsi, digər tərəfdən erməni qanı daşıyan bir şəxs kimi bu məsələlərdə ciddi rol oynayır. Onun rolunu danmaq mümkün deyil. Biz onun bir sıra hallarda bunu öz ifadələrində əks etdirdiyini də görürük”.
Müəllif: Teleqraf.com
Tarix: 23-08-2017, 22:52