Seyrələn sıramız və susan çoxluq…

Seyrələn sıramız və susan çoxluq… Səadət Cahangir

Adam daha nəyə təəccüblənəcəyini də bilmir. Biz 37-ci illəri kitablardan oxumuş nəsil o tarixdəkindən betər hadisələrin içində əriyə-əriyə gedirik. Ağzımızda sözümüzü tamamlamamış yanımızdakılardan kiminsə yoxa çıxdığını görürük. Məhkəmələrdə, həbsxana qapılarında gözləyə-gözləyə on illərimiz uçub gedir eləcə. 37-dən bu günə uzanan 80 illik vaxt arasında havalar dönüb-dəyişib yenidən qara buludları üstümüzə çökdürüb. Hər gün çağırırlar, aparırlar, tuturlar, iş kəsirlər.
Doğru sözə, azad qələmə, açıq düşüncəyə, intellektual beyinə qarşı amansız repressiya gedir. Rejim durmaq bilmir. İnsanları ən gülünc ittihamlarla saxlayıb, ən həyasız şəkildə mühükimə edirlər. Hüquq, məhkəmə, qanun mexanizmləri çoxdan sıradan çıxarılıb. Çevrədə isə ölü bir sükut var. Ziyalı ziyalını, qələm sahibi qələm sahibini, siyasətçi siyasətçini, yazıçı yazıçını müdafiə etməkdən qorxur. Danışan, etiraz edən, haqlının tərəfini tutan çox az adam qalıb ortada. Görünür, yalnız onlar dərindən dərk edirlər ölkənin başına enmiş kabusun nə qədər qorxunc olduğunu. Görünür, yalnız onlar anlayırlar məmləkət inanını qarşıda gözləyən qaçılmaz faciələri. Görünür, yalnız onlar görürlər uçurumdan aşağı yuvarlanıb dərənin dibinə doğru getdiyimizi. Ətrafda milyonlar yoxdur sanki. Sanki hamının dilini-ağzını bağlayıb lal ediblər. Heç bir şey dilindəki qıfılı aça bilmir bu adamların. Heç bir bəla, heç bir dərd, heç bir ağrı dilləndirə bilmir ətrafdakı bu sükutu. Repressiya maşını da öz işindədir, qarşısına keçəni əzdikcə əzib keçir…

İllərin tuthatut dalğası dünən gəlib “Turan” informasiya agentliyinin qapısında dayandı. Bu dəfə reptessiya maşını agentliyin direktoru Mehman Əliyevi götürüb apardı. Demokratik düşərgənin ən ziyalı, ən “yumşaq”, ən optimist, amma həm də prinsipial təmsilçilərindən biri. Ölkənin ilk müstəqil informasiya agentliyi olan “Turan”ın simvollaşmış adıdır o. Nə qədər tanınmış simalar gəlib keçib “Turan”ın peşəkarlıq məktəbindən. Tamam fərqli, sanballı, intellektual düşüncəyə köklənmiş bir mühit olub həmişə orda. Bunu “Turan”la əməkdaşlıq etdiyim bir illlik təcrübəmə əsaslanaraq deyirəm. Hamı bilir ki, agentlik son illər ağır maddi sıxıntılar içində dirənib fəaliyyətinə davam edib. Amma Mehman bəyi də vergidən yayınmaqda ittiham edərək saxlayıblar. On milyardların naməlum ünvanlara uçub getdiyi bir zamanda “Turan”ı vergidən yayınmaqda günahlandırmaq utanmazlığın son həddidir artıq. Mehman bəyin həbsinə ən dəqiq qiyməti Sərhədsiz Reportyorlar təşkilatının Şərqi Avropa və orta Asiya bölməsinin rəhbəri Yohann Bihr verib:“Mehman Əliyev Azərbaycan jurnalistikasının pioneridir. Hökumət ona görə “Turan”a təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər.”


Bax belə, kənardan hər şeyi bizdən yaxşı görürlər. Bizdən də yaxşı qiymətləndirirlər. Elə adama yer edən də budur, əslində. Axı nədən kənardan hər kəs hər şeyi yaxşı gördüyü halda, bizim gözümüz kor, dilimiz lal olub? Niyə öz dəyərlərimizi, ziyalılarımızı, yazarlarımızı müdafiə etməkdən qorxuruq? Niyə bu qədər vecsiz, laqeyd və Allahsız olmuşuq? Elə bilirsiniz o repressiya dalğası gəlib sizin qapıya çatmayacaq? Yanılırsınız, sıra hamıya çatacaq, kənarda qalsanız belə, çatacaq. Bu gedişlə hökmən çatacaq…
Tarix: 25-08-2017, 17:07
Xəbəri paylaş





Xəbər lenti