Hələ referendumdan əvvəl prezident İlham Əliyev “Sputnik”ə müsahibəsində bildirmişdi ki, 2018-ci ildə namizədliyini irəli sürməsi qətiləşdirməyib.
Bu sensasion çıxış iqtidarı içindən çalxaladı. Bir az keçmədi ki, hakim partiyadan tələm-tələsik açıqlama verildi. YAP-dan bildirildi ki, seçkilərdə partiyanın namizədi İlham Əliyev olacaq və qərar dəyişməzdir. AnaXeber.az-ın Analitik Şöbəsinin yazdığına görə, YAP-ın mövqeyi hakimiyyətdəki köhnə qvardiyanın, yəni Ramiz Mehdiyev lokomotivinin siyasi bəyanatıydı.
İ.Əliyevin namizədliyi haqda qeyri-müəyyən açıqlaması bu günə qədər qüvvədədir və o, bunun əksinə olan çıxış etməyib. Deməli, ictimaiyyətə verilən mesaj bundan ibarətdir ki, prezident hələ də qərarını dəqiqləşdirməyib.
Bu çaşqın situasiya ictimaiyyətin fikirlərini bir nöqtəyə- Əliyevin “Sputnik”ə müsahibəsindən sonra ölkənin 1-ci xanımı Mehriban Əliyevanın namizədliyinin dərhal müzakirəyə çıxarılmasına yönəldir.
Çünki M.Əliyevanın namizədliyinin irəli sürüləcəyi versiyasını təkzib edən heç bir qüvvə və ya rəsmi yoxdur. Hər hansı hökumət yetkilisi açıq şəkildə demir ki, 1-ci vitse-prezidentin prezidentliyə namizədliyi haqda dolaşan söhbətlər real deyil.
Deməli, dolayısı ilə təsdiqləyirlər ki, bu siyasi variant realdır. Və belə bir gərgin vəziyyətdə, ölkənin iki siyasi qanadından xanım Əliyevanın doğum günü ərəfəsində sensasion açıqlamalar verilir.
Əvvəlcə Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov mətbuata açıqlamasında ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın gələn ilki seçkilərə namizədliyini məqsədəuyğun hesab etdiyini, gərəkirsə xalqı onu dəstəkləməyə səsləyə biləcəyini vurğulayıb.
Sonra YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov A.Mütəllibovun fikirlərinə cavabında qeyd edir ki, M.Əliyeva prezidentliyə layiqdir, əgər hakim partiya namizədliyi irəli sürsə dəstəkləməyə hazırdırlar.
Bu məqamda STOP deməyin və həyəcan təbili çalmağın tam vaxtıdır: bir tərəfdən Bakı qruplaşmasının nüfuzlu veteranı Mütəllibov, digər tərəfdə əslən naxçıvanlı olan, Mehdiyev klanının üzvlərindən biri İbrahimov İ.Əliyevin prezidentlikdən gedəcəyinin qeyri-rəsmi siyasi ismarıclarını vermiş olurlar.
Sirr deyil ki, Paşayevlər qruplaşmasının Naxçıvan və Qərbi azərbaycanlı qanadları var. Bu şəbəkələşmə Bakı qvardiyasının kifayət qədər gücləndirib.
Əslində, AXCP sədri Əli Kərimlinin PA-dan maliyyələşməsi haqda tirajlanan xəbərlər, “Turan” rəhbəri Mehman Əliyevin həbsi də məhz Mehdiyev qruplaşmasınının son dirəniş akkordlarıdır.
AnaXeber.az-ın Analitik Şöbəsinin yazdığına görə, E.İbrahimov bu açıqlama ilə özündən danışmayıb. Eləcə də A.Mütəllibov da qarşıdakı nəhəng projenin elçilərindən biridir.
Bu xüsusatda meydana çıxmış Surət Hüseynov, Abbas Abbasov kimi 5-ci kolon üzvlərinin seçkiqabağı missiyası nədən ibarət olacaq sualı yaranır. Amma buna ayrıca toxunmaq lazım gələcək.
Çünki Rusiyanın təzyiqləri təkcə siyasi kontekstdə deyil, o cümlədən ayın 27-də silah anbarının partlaması da şimaldan gələn bir təxribat izi olması versiyasını istisna etmir.
Ancaq Rusiyanın seçkilərdə necə iştirak edəcəyi sualını təhlil etməzdən əvvəl məhz İ.Əliyev yoxsa M.Əliyeva seçimini düşünmək gərəkdir. Hər halda YAP-da və PA-da siyasi silkələnmə müşahidə edilir.
Son zamanlar tərəflərin açıq savaşa çıxması, iki nüfuzlu məmurların ayrı-ayrı cəbhələrdə bir-birinə qarşı döyüşməsi haqda deyilənlər vəziyyətin gərginliyindən xəbər verir.
Görünür ki, köhnə qvardiyaya sadiq məmurlar İ.Əliyevin yenidən namizəd olmasına təkid edir.
Bakı qruplaşması və ona yeni qol olan bəzi Naxçıvan klanının məmurları isə M.Əliyevanın 2018-də prezident seçilməsini, özü də ilk 7 illik prezident olmasına səfərbər olublar.
Əslində, M.Əliyevanın həm daxildə, həm xaricdə böyük siyasi nüfuzu var. İ.Əliyevin 15 illik iqtidarı dövründə ətrafındakı nazirlər, məmurlar, qoca komanda onun reputasiyasını zədələməyə çalışdı, xalqı narazı salmağa can atdılar.
Həmin məmurlardan, nazirlərdən şikayət edən vətəndaşlar isə ümid yeri kimi M.Əliyevanı görürdülər və müraciət etməyə başlayırdılar.
Artıq vətəndaşlarda bir inanm yaranırdı ki, prezidentin təyin etdiyi naizr və məmurların özbaşınalığı ilə üzləşdikdə M.Əliyevanın yanına getmək və onun köməyini istəmək lazımdır.
İnsafən, Heydər Əliyev Fondunun prezidenti heç bir adamı əliboş, ümidsiz geri qaytarmayıb. Bu nüfuzlu siyasi və humanist insan reputasiyası onun 2018-ci il seçkilərinə tam yetişdirib.
Xalq M.Əliyevanın namizədliyini ikiəlli dəstəkləyəcək. O baxımdan A.Mütəllibov və E.İbrahimov iki qanadın siyasi mesajlarını çatdırmış oldular.
Ən maraqlısı budur ki, E.İbrahimov “onsuz da mən Mehriban xanım Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm” bəyan edib.
Bu açıqlamanın siyasi tərcüməsi “İlham Əliyevi Azərbaycanın gələcək prezidenti görmürəm” deməkdir. Təbii ki, YAP İdarə Heyətinin üzvü özbaşına açıqlama verə bilməzdi.
Hakim partiyanın da, PA-dakı fiqurların da siyasi razılığı olub. Bizi isə qarşıda müxalifətsiz gərgin bir seçki üçbucağı gözləyir: Paşayevlər, Mehdiyevlər və Kremldəkilər...
AnaXeber.az
Turan
Tarix: 28-08-2017, 08:50