“Terror təşkilatlarını böyük dövlətlər yaradır və saxlayır”

“Terror təşkilatlarını böyük dövlətlər yaradır və saxlayır” Tanınmış politoloq: “Dövlətlər terror təşkilatlarına hər cür dəstəyi tamamilə kəssələr, bu təşkilatlar cəmi bir il duruş gətirə bilərlər və yox olub sıradan çıxarlar”

“Terror təşkilatlarının sayı, aktivliyi, əhatə dairəsi 15-16 il öncələrlə müqayisədə artıb. Bunun bir səbəbi də dünya düzənində sivilizasiylararası gərginliyin yaranması ilə bağlıdır”.


Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, sosializm sisteminin çökməsi ilə dünyada belə bir meyl üstünlük təşkil edirdi ki, sivilizasiyalar arasında qarşıdurma sona çatır, bundan sonra sivilizasiyaların həmrəyliyi prosesi başlayacaq. Lakin belə olmadı. Əksinə, münasibətlər get-gedə gərginləşdi. Bu isə yeni-yeni terror təşkilatlarının yaradılmasına təkan verdi.

Q.Hüseynli qeyd etdi ki, terror təşkilatları bir qayda olaraq ayrı-ayrı dövlətlər tərəfindən maliyyələşdirilir və yaradılır. Lakin daha çox dini pərdə altında formalaşır: “Dövlətlər terror təşkilatlarından özlərinin geosiyasi, iqtisadi planlarını həyata keçirmək üçün istifadə edirlər.

Odur ki, terror qruplarının yaranmasında, fəaliyyət göstərməsində müxtəlif dövlətlərin rolu şəksizdir. Hər kəsə bəllidir ki, uzun müddət İŞİD-i Səudiyyə Ərəbistanının və bir neçə ərəb ölkəsinin adı ilə bağladılar. İŞİD-in yaradılmasında bəzi Qərb dövlətlərinin də rolunun olduğu dəfələrlə mediada yazılıb, fikirlər irəli sürülüb. İŞİD-in komanda heyətini İraqın Səddam Hüseyn hakimiyyəti dövründəki generalları və yüksək vəzifəli ordu mənsublarından formalaşdırdıqları da məlumdur. Bir sıra terror təşkilatlarının yaradılması və ayaq üstə saxlanmasında isə İranın rolunun olduğu barədə zaman-zaman fikirlər irəli sürülüb.
Dövlətlər bir-birilərinin müəyyən bölgələr üzərində təsirlərini zəiflətmək üçün terrorçu təşkilatlardan da istifadə edirlər. Terror qruplaşmalarına maliyyə dəstəyi, silah-sursat ötürülməsi də bununla bağlıdır. Bəzi dövlətlər isə zaman keçdikdən sonra bir vaxtlar özlərinin yaratdıqları, dəstəklədikləri terror təşkilatlarının hədəfinə çevrilirlər. Lakin bu, digərlərinə dərs olmur".
Politoloq vurğuladı ki, terror təşkilatlarının yaradılmasında, ayaq üstə saxlanmasında super dövlətlər də iştirak ediblər: “Məsələn, ABŞ-ın adı bu sırada zaman-zaman xüsusilə qeyd edilib. ABŞ Suriya məsələsinin ilk vaxtlarında Türkiyə ilə birgə hərəkət edirdi. O zaman Suriya azadlıq ordusunun tərkibində rəngarəng qruplaşmalar birləşmişdi. Bu qruplaşmaların içərisində "Əl-Qaidə"nin Yaxın Şərqdəki davamçısı "Əl-Nüsra" xüsusilə fərqlənirdi. O zamanlar "Əl-Nüsra" cəbhəsinə silah təminatında və təlim keçirilməsində ABŞ iştirak etdi. Onlar "Əl-Nüsra"ya Suriya azadlıq ordusunun tərkib hissəsi kimi baxırdılar. Lakin sonradan "Əl-Nüsra"dan dəstəyi çəkdilər.
Rusiyanın isə PKK-nın yaradılması və ayaq üstə qalmasında əlinin olduğu haqda saysız-hesabsız açıqlamalar, iddialar, fikirlər indiyə qədər olub. Hələ SSRİ zamanında yaradılan PKK-ya o zaman Moskvanın dəstəyinin olduğu bildirilir. Bu gün isə PKK-nın bir sıra problemlərinin həll edilməsində Rusiyanın rol oynadığı deyilir".

Q.Hüseynli hesab edir ki, dövlətlər terror təşkilatlarına hər cür dəstəyi tamamilə kəssələr terror təşkilatları cəmi bir il duruş gətirə bilərlər və yox olub sıradan çıxarlar. Çünki terror qruplarının uzun müddət yaşamasında, güclənməsində mütləq hansısa dövlətin və dövlətlərin rolunun olması şübhəsizdir. Onları ayaq üstə dövlətlər saxlayır: “Artıq İŞİD-ə dəstək demək olar ki, yox dərəcəsinə enib. Ona görə də İŞİD-in öhdəsindən çox asanlıqla gəlmək mümkün olur”.
Həmsöhbətimiz onu da dedi ki, terror təşkilatlarının sırasında yeniyetmələrin sayının getdikcə çoxalmasının arxasında dayanan məqamlar var. Bu da ondan ibarətdir ki, yeniyetmələr və uşaqların beynini yumaq, onlara istənilən ideologiyanı qəbul etdirmək daha asandır, onlar xüsusi xidmət orqanlarının diqqətini az cəlb edirlər. Bu və digər amilləri nəzərə alıb yeniyetmələri terror qruplarına cəlb edirlər.
Tarix: 29-08-2017, 22:34
Xəbəri paylaş





Xəbər lenti