Trilyonlarla valyuta ehtiyatları, nüvə silahı, ölçüsü bilinməyən iqtisadiyyatı, son həddə inkişaf etdirilmiş müdafiə sənayesi, kosmik sənaye və təkrarsız üstünlükləri ilə Rusiya və ABŞ dünyanın iki siyasi qütbünü yaradan supergücdür.Üstünlüklərinin verdiyi diktəedici dil yerdə qalan bütün dövlətləri bu iki nəhənglə hesablaşmaq məcburiyyətində qoyur.Dünyanı qütblərə bölən Amerika və Rusiya qlobal siyasi, iqtisadi və mədəni proseslərin baş memarlarıdırr.Qeyd-şərtsiz, müzakirəsiz də istənilən dövlətə müdaxilə edərək öz maraqlarını həyata keçirə bilirlər.Məhz bu üstünlüklərinə görə bütün dövlətlər bu iki güc arasında seçim etməyə məcbur olurlar. Lakin Rusiya və ABŞ-a olan münasibət birmənalı deyil. Bir sıra hallarda hər iki gücün müttəfiq və dost hesab etdiyi
dövlətə qarşı etibarsız davranışlarını və sədaqətsizliyini görmüşük. Bu da özü ilə çoxlu suallar yaradır.
“Cümhuriyət” qəzeti yaranmış suallara öz sahələrinin peşəkarları ilə cavab axtarmağa çalışdı.
Hansı etibarlı müttəfiqdir: ABŞ, yoxsa Rusiya? Hansı dar məqamda müttəfiqini sonadək müdafiə edir?
“Biri düşməndir, biri də həmişə bəla gətirir”Satirik şair Mirzə Sakit hesab edir ki, Rusiyadan ümumiyyətlə müttəfiq olmaz:
“Rusiya bizə müttəfiq yox, düşməndir. İkincisi də Rusiya bütün dövrlərdə müttəfiqinin arxasından qaçıb, yəni ki etibarsızdır.Amerikaya gəlincə, ay ABŞ, balama dəymə, sənin verdiyin balanı (bəlanı) da istəmirəm”.“Heç birinin dostu yoxdur”Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, nə Rusiyanın, nə Amerikanın, nə də Avropanın daimi müttəfiqi və dostları var:
“Özlərinin də etiraf etdikləri kimi, onların ancaq daimi maraqları var. Bu dövlətlər həmişə öz maraqları çərçivəsində addımlar atıblar. Hesab edirəm ki, Azərbaycan üçün nə Rusiya, nə Amerika etibarlı müttəfiqdir.Onların maraqlarının diktəsiylə hərəkət edən dövlətlərdirlər.Bizim də həmin dövlətlərə münasibətimiz ancaq maraqlarımız çərçivəsində tənzimlənməlidir”.“Bir də o tərəfə boylanmadı”Siyasət yazarı Ayyət Əhmədin sözlərinə görə, Ukrayna məsələsində ABŞ-ın Kiyevi Rusiyanın pəncəsinə atıb geri çəkildiyini gördük:
“Nəticədə Ukrayna uduzdu. Eyni hal Gürcüstanda da təkrarlandı.Gürcüstanın Rusiyanın üstünə qaldırdı.“Şimal ayısı” da qızışıb hücuma keçəndə, Saakaşvili çətin durumda idi.Ancaq ABŞ qaçıb öz çanağına çəkildi, heç bir də o tərəfə boylanmadı.Nəticədə Gürcüstan öz ərazilərinin bir hissəsini itirdi.Yəni, ABŞ etibarsız dostdur.Əlbəttə, bu “dostluq” da uzun çəkmir. Rusiyaya gəlincə, bu ölkədən Azərbaycana heç vaxt səmimi dost olmayacaq. Rusiya tarixən işğalçılıq və imperiya siyasəti yürüdən ölkə olub, həmişə də türkü özünə düşmən bilib.Amma ABŞ-dan fərqli olaraq, səmimi olduğu dostlarını qoruyur.Ortada Ermənistan faktoru var. İllərdir maşa kimi istifadə etdiyi bu ölkəni müdafiə edir.Amma Rusiyanın ipinin üstünə odun yığmaq olmaz.Düzdür, Ermənistan ən dərin quyuya belə Rusiyanın ipi ilə düşür, amma bir gün bu ip kəsiləcək”.“Hərənin öz marağı var”Psixoloq Fərqanə Mehmanqızına görə, heç bir böyük ölkənin marağı yoxdursa, heç vaxt özündən kiçiyin arxasında durmaz:
“ABŞ və Rusiya öz maraqlarını əks etdirən siyasət yürüdən güc dövlətlərdir. Yəni, Azərbaycan və bizim kimi digər ölkələrə onlara hansısa marağı lazım olanda diqqət edirlər.Həmişə böyük müharibələr böyük dövlətlərin sərmayələri ilə baş verir.Bundan da böyük gəlirlər əldə edirlər, gəlir azaldıqca isə kiçik ölkələrlə “şahmat” oynamağa başlayırlar”.
“ABŞ müstəqilliyimizin yeganə qarantıdır”Yazıçı Dilqəm Əhməd qeyd edib ki, bizim Rusiya ilə geniş əlaqələrimiz XVIII-XIX əsrlərdən başlayıb:
“Nadir şahın ölümündən sonra Azərbaycanın parçalanması nəticəsində ölkə ərazisində 30-dan çox xanlıq yarandı və bu xanlıqlar ilk fürsətdəcə Rusiya tərəfindən işğal edildi. XX əsrdə Rusiya Qafqazda erməni-türk qarşıdurması yaratdı, ermənilərin güclənməsinə dəstək verdi. 1920-ci ildə Rusiya qurduğumuz ilk cümhuriyyəti işğal etdi, bununla yetinməyib ermənilərin torpaqlarımızı işğal etməsinə göz yumdu.1988-ci ildən etibarən yenidən azad olmaq istədiyimiz dövrdə Rusiya 20 yanvar hadisəsini, Qarabağ savaşında ermənilərlə birlikdə 1992-ci ildə Xocalı soyqırımını törətdi.İndi isə Rusiya Qarabağın hərbi yolla işğaldan azad edilməsinə imkan vermir. Halbuki, biz Rusiya ilə dost və müttəfiq ölkə olmağa hazırıq, amma ərazilərimizin azad edilməsində Ermənistanın tərəfini tutduğuna görə, mümkün olmur”.
Yazıçı xatırladıb ki, ABŞ-la Azərbaycanın münasibətləri Cümhuriyyət dönəminə dayanır:
“İlk dəfə Əlimərdan bəy Topçubaşovun rəhbəri olduğu nümayəndə heyətimiz Parisdə ABŞ prezidenti Vudro Vilsonla görüşmüş, onun məşhur prinsiplərinin Azərbaycana da şamil edilməsini istəmişdilər. Təəssüf ki, Vilson o zaman Azərbaycanın müstəqillik və tanınma məsələsinə çox diqqət göstərmədi.1990-larda isə ABŞ ölkəmiz əleyhinə qətnamə qəbul etdi.Yəni, iki tərəfin də bizə qarşı mənfi münasibətləri olub.Amma biz keçmişə deyil, daim gələcəyə baxmalı olduğumuz üçün, bu iki supergüc arasında seçim zərurəti olduğu üçün mən ABŞ-ın yanında qərar tutmağımızdan yanayam.Çünki ABŞ bizim müstəqilliyimizin yeganə qarantıdır.Rusiya isə bizi hər zaman yenidən öz vassalına çevirmək planını işə sala bilər.Biz ABŞ-la düzgün münasibətlər qurmalı, ABŞ-ın dünyaya yaydığı təhlükəsizlik və demokratiya məsələlərində ona dəstək verməli və bu prinsiplərə özümüz də əməl etməliyik”.
“Sədaqət maraqların dərəcəsi qədərdir”Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu hesab edir ki, dövlətlərin maraqları olur, dostluq şəxsi müstəvidə olan anlayış, dövlət isə böyük bir aparatdır:
“Bu mənada “dövlətin dostu olmalıdır” deyimi doğru deyil. Dövlətin müttəfiqi olur, bu da maraqlara bağlıdır. Maraqlar üst-üstə düşəndə dost olur, düşməyəndə yox. Hətta, ziddiyyətli məqam olanda dünənin dostları bu gün savaşa da bilirlər.Rusiya və Amerikaya gəlincə, hər ikisinin sədaqətli və etibarsız vaxtları olub.Dövlətlərin sədaqəti mənə görə, maraqlarının dərəcəsi qədərdir”.“Rusiyanın xarakteri və siması yaxın gələcəkdə dəyişəcək”Tərcüməçi-yazar Nadir Qocabəyli vurğulayıb ki, heç biri etibarlı müttəfiq deyil:
“Fövqəldövlətlər dünya ağalığı uğrunda apardıqları mübarizədə öz kiçik müttəfiqlərindən zaman-zaman tələ yemi kimi istifadə edir, lazım olanda onları asanlıqla qurban verirlər. Biz kiminlə müttəfiqlik etmək məsələsini heç vaxt qarşı tərəfin seçiminə buraxmamalı, qərarı özümüz verməliyik.ABŞ, yoxsa Rusiya dilemması qarşısında qalacağımız təqdirdə, əlbəttə, yaxın qonşumuzu seçməliyik. Çünki ABŞ istənilən an buradan çəkilib getmək zorunda qala bilər və o zaman bizimlə sərt haqq-hesab çəkərlər. Digər tərəfdən, Rusiyanı ancaq oradakı hakimiyyətə, elitaya əsasən qiymətləndirməməliyik.Rusiya böyük məfhumdur. O ölkə Rusiya adlansa da təkcə rusların vətəni deyil. Orada ruslardan sonra ikinci yeri soydaşlarımız olan türk xalqları tutur və sayları daha sürətlə artır.Eyni şeyi oradakı azərbaycanlılar haqda da demək olar.Rusiyanın xarakteri və siması yaxın gələcəkdə dəyişəcək, bu, oradakı hakimiyyətin tərkibinə və apardığı siyasətə də təsir edəcək.Odur ki, biz Rusiya ilə əlaqələrimizə daha çox önəm verməli, ABŞ-la da ehtiyatlı olmalıyıq”.
“Hər ikisi dar məqamda qaçır”Jurnalist Fərahim İlqaroğlu Rusiya və ABŞ-ın dünyanın supergücləri olduğunu düşünür: “
Hər iki dövlətin iqtisadiyyatının böyük bir hissəsini hərbi sənayə tutur. Belə olan halda hər iki dövlət silah satışı üçün mövcud siyasətlərini yürütməyə davam edirlər.Biz bunu Yaxın Şərqdə davam etməkdə olan münaqişə ocaqlarının getdikcə daha da alovlanmasında gördük.Güclü dövlətlə isə hər kəs müttəfiq olmaq arzusundadır.Məsələn, götürək Qafqaz dövlətlərini.Azərbaycan, Ermənistan və Gürcüstan ABŞ və Rusiyanı özünə müttəfiq dövlət hesab edir.Onlarla istənilən sahə üzrə əməkdaşlıqlarını davam etdirirlər.
Çox təəssüflər olsun ki, bu müttəfiqlik bizim dövlətimizin milli maraqlarını qoruyacaq səviyyədə deyil.Elə təkcə Qarabağ problemini göstərmək olar ki, Rusiya münaqişənin dinc yolla həll olunmasında aparıcı mövqedə dursa da yaxasını kənara çəkib.Əksinə Rusiya münaqişənin davam etməsini istəyir, çünki münaqişə tərəflərinə silah satır və milyonlar qazanır.Bu siyahını uzadıb ABŞ və Rusiyanın ikili siyasəti haqqında uzun-uzadı danışmaq olar.Qısaca qeyd edim ki, hər iki, dövlət dar məqamda müttəfiqini müdafiə etməyib.Buna isə, Rusiya və ABŞ-ın dövlət maraqları səbəb olub”.“Sadəcə ac qurdlar üçün “yağlı tikə”yik”Yazıçı Cəlil Cavanşir deyib ki, regiondakı maraqlarını nəzərə alsaq, heç bir ölkəni etibarlı müttəfiq hesab etmək olmaz:
“İmperialist maraqlar və kapitalizm sayəsində bu ölkələrin heç biri Azərbaycana ciddi müttəfiq kimi yanaşmır. Regiondakı maraqlar toqquşduğu zaman bizim hansı tərəfi seçməyimiz ölkənin taleyinə təsir edir.Hər halda mən nə Rusiyanı, nə də Amerikanı etibarlı müttəfiq hesab edirəm.Müstəqillik dönəmində biz hər iki ölkənin dəyişən maraqlarının şahidi olmuşuq.Eyni zamanda ən əsas problemimizin - Qarabağ münaqişəsinin hələ də həll olunmaması mənim fikirlərimi bir daha təsdiq edir.Amerika kapitalist maraqlarından çıxış edərək sadəcə Azərbaycan neftinin şirkətlər arasında bölüşdürülməsində maraqlı olduğu kimi, Rusiya da imperialist maraqlar baxımından coğrafi ərazilərimizə göz dikib.Bir sözlə, ac qurdlar üçün Azərbaycan sadəcə “yağlı tikə”dir”.“Bəlalarımızın baş memarı Rusiyadır”Şair Faiq Balabəyli də heç birinin etibarlı müttəfiq olmadığı qənaətindədir:
“Rusiyanın bizə qarşı münasibəti göz önündədir və baqa şərhə ehtiyac yoxdur. Bəlalarımızın “baş memarı” Rusiyadır. Zaman-zaman torpaqlarımızın işğal olunması, qonşu dövlətlərə paylanması, elə öz ərazisinə qatdığı Dərbəndi də nəzərə alaraq əminliklə demək olar ki, Rusiya bütün zamanlarda qəsbkar olaraq, ABŞ da onun tayıdır.Hər bir ölkə ancaq özünün ərazi bütövlüyünə, vətəndaşlarının rifahına görə müttəfiqlərinə dirsək göstərə bilər”.Mənsur Rəğbətoğlu
Tarix: 30-08-2017, 22:26