İrəvan yenə NATO təliminə qatılır: Kremlin reaksiyası...

İrəvan yenə NATO təliminə qatılır: Kremlin reaksiyası... Ermənistanda hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi, İrəvanın balanslı siyasət yürütmək cəhdləri və işğalçının növbəti dəfə NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərinə qatılması ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik.

- Elçin müəllim, bir müddət öncə Ermənistanda baş verən kütləvi istefaların ardınca indi də hakimiyyət daxilində ciddi kadr dəyişiklikləri gedir. İşğalçı ölkədə baş verənləri necə dəyərləndirirsiniz?

- Karen Karapetyanla Serj Sərkisyan arasında ziddiyyətlər getdikcə daha da dərinləşir. Karapetyan dəyişikliklər aparmaqla öz ətrafını möhkəmləndirməyə və növbəti mərhələ üçün mövqeyini qoruyub saxlamağa çalışır. Baş verənləri bir neçə kontekstdən dəyərləndirmək olar: birincisi, Ermənistanda hakimiyyət daxilində çəkişmələr, ikincisi, ölkədə sosial böhranın getdikcə dərinləşməsi və bunun bütövlükdə prosesə təsiri, üçüncüsü, Ermənistan ordusunda baş verən hadisələr... Aprel döyüşlərindən sonra Ermənistanda bu istiqamətdəki psixoloji gərginlik kifayət qədər çoxaldığı üçün bu, təbii ki, orduya da təsir göstərir. Başqa bir amil isə orduda baş verən ciddi korrupsiya hallarıdır ki, bu da artıq erməni mətbuatında geniş şəkildə ictimailləşdirilir. Eyni zamanda, Sərkisyanın yürütdüyü siyasət, Azərbaycan torpaqlarının işğalı müstəvisində İrəvanın hər hansı bir irəliləyişə nail olmaması, uzun illərdən bəri verilən vədlərin yerinə yetirilməməsi və işğal faktının hüquqi əsaslandırılmasının tapılmaması Ermənistandakı proseslərə birbaşa təsir göstərir. Amerikalı həmsədrin münaqişənin mərhələli həlli ilə bağlı verdiyi açıqlamalar isə şübhəsiz ki, Sərkisyan rejiminin Ermənistan ictimaiyyətini necə aldatdığını ortaya çıxardı. Bütün bu amillər Ermənistanın daxilindəki siyasi böhranı dərinləşdirir.

- Gələn ilin martında Ermənistanda parlament seçkisi keçiriləcək və ölkə parlament idarə üsuluna keçəcək. Bu, Ermənistandakı vəziyyətə necə təsir edir?

- Ermənistanda heç bir hakimiyyət dəyişikliyi müstəqil şəkildə həyata keçirilmir, bilavasitə Moskva ilə razılaşdırılır. Ermənistanın nə müxalifət liderləri, nə də siyasi hakimiyyəti müstəqil qərar vermək iqtidarındadır. İndiki şəraitdə də Karapetyanla Sərkisyan arasında gizli rəqabət gedir. Çünki kapital bu iki şəxsin əlində cəmlənib və hər ikisi də Moskvanın idarəçiliyində olmaq üçün daha əlverişli yollar axtarır. Ola bilsin ki, parlament seçkilərində Sərkisyanın baş nazir postuna gətirilməsi ilə bağlı ölkədə əsas etirazlar var, bu da əsasən Karapetyan tərəfindən stimullaşdırılır. Çox güman ki, seçkidə bu ziddiyyətlər daha da dərinləşəcək.

- Elçin müəllim, sentyabrda NATO-nun Gürcüstanda “Agile Spirit 2017” adlanan növbəti hərbi təlimləri keçiriləcək. Ermənistanın artıq ikinci dəfə bu təlimlərə qatılması bu ölkənin müttəfiqi Rusiyaya etibarsızlığı kimi dəyərləndirilə bilərmi?

- Ermənistanla NATO-nun əlaqələri müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. Lakin Ermənistanın son zamanlar NATO-nun təlimlərində ardıcıl iştirak etməsi işğlaçının NATO-ya inteqrasiyası anlamına gəlmir. Ermənistan bütövlükdə Rusiya hərbi kontingentinin nəzarəti altındadır. Ölkədə Rusiyanın hərbi bazası var və Ermənistan-Rusiya hərbi birləşmələrinə nəzarət də bütövlükdə Moskvanın əlindədir, üstəlik, sərhədlər Rusiya tərəfindən qorunur. Bütün bu reallıqlar Ermənistana uzağa gedən manipulyativ davranışlar sərgiləməyə imkan verməyəcək. Şübhəsiz ki, Ermənistanın NATO-nun təlimlərində iştirak etməsi Moskvanın xoşuna gəlmir. Ancaq bu, indiki Ermənistan hakimiyyətinin Qərblə münasibətlərini müəyyən qədər də olsa, normallaşdırmağa çalışması cəhdi kimi dəyələndirilir. Ermənistan Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılmasına da cəhd göstərir. Çox güman ki, bütün bu amillər forpostun sahibi tərəfindən nəinki nəzərə alınır, hətta Sərkisyanın manipulyativ davranışlarını Moskva birmənalı qəbul etməyəcək. Ümumilikdə isə İrəvanın davranışları və NATO təlimlərinə qatılması heç də Ermənistanın Qərblə münasibətlərinin yaxşılaşacağı və Rusiyanın nəzarətindən çıxacağı anlamına gəlmir.

- Hazırda cəbhə xəttində vəziyyət ürəkaçan deyil, atəşkəs hər gün pozulur. Siyasi oyunlarına davam edən Ermənistan isə danışıqların imitasiyası ilə məşğuldur. Bu cür vəziyyət nə vaxtadək davam edəcək?

- Ermənistanın cəbhə xəttində təxribatlarını davam etdirməsinin bir neçə səbəbi var. Təbii ki, bu, ilk növbədə ictimai rəyi cəbhədə baş verən hadisələrə yönəltməkdən və Qarabağ kartından növbəti seçkilərdə ideloji faktor kimi istifadə etməkdən ibarətdir. Çünki Sərkisyanın Ermənistan cəmiyyətinə verə biləcəyi başqa bir şey yoxdur. O, yenə də Qarabağla bağlı vədlər verməyə davam edir. Ermənistan məqsədyönlü şəkildə cəbhədə təxribatları artırır ki, diqqəti danışıqlar masasında olan prinsiplərdən yayındırsın və atəşkəsin pozulması faktına yönəltsin. Cəbhədə müşahidəçilərin sayının artırılması istiqamətində müzakirələrin davam etdirilməsinə yönəlik bu cür cəhdlər indiki şərait üçün daha çox seçkiyə hesablanmış addımlardır. Çünki Sərksiyan növbəti dəfə seçki prosesində Dağlıq Qarabağ faktorundan istifadə etməyə çalışır.
Siam.az
Tarix: 31-08-2017, 08:34
Xəbəri paylaş





Xəbər lenti