YAP-da seçki gərginliyi - Ramiz Mehdiyevin vahid namizəd savaşının - Gizlinləri...

YAP-da seçki gərginliyi - Ramiz Mehdiyevin vahid namizəd savaşının - Gizlinləri... YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimovun Azərbaycanın gələcək prezidenti Mehriban Əliyevanı gördüyünü deməsinə cavab çox gecikmədi.

AnaXeber.az-ın Analitik Şöbəsi yazır ki, hakim partiyanın funksioneri, həmkarı Aydın Hüseynov dolayısı ilə ona cavab verərək YAP-ın seçkilərdə alternativsiz yeganə namizədi İlham Əliyev olacağını açıqladı.
Lakin KİV məsələnin dərininə getmədi və səthi yanaşdı. İki gün ərzində YAP-çı deputatların bu çıxışlarının əsl məramı təhlil olunmadı. Hərçənd ki, A.Hüseynov E.İbrahimova yox, qarşı qütbə təmsil olunduğu düşərgənin mesajını çatdırmaq istəmişdi.
Yəni deməyə çalışmışdı ki, hakim partiyada başqa namizəd axtarışına çıxmasınlar. Bu, Naxçıvan korpusunun qeyd-şərtsiz qərarıdır. E.İbrahimovun açıqlaması isə Ayaz Mütəllibovun fikirlərini möhkəmləndirən çıxış idi.


A.Hüseynovun dərhal reaksiya verməsinə gəlincə, ictimai rəydə təbliğat maşını öz işini görməyə başlayıb. Görünür ki, YAP-da sular durulur. Partiya ikiyə bölünüb və 2018-də namizədin kim olacağı dəqiqləşməyib. Bu, ilk dəfədir hakim partiyada baş verir.
Cəmiyyət həmişə müxalifətdən namizəd problemini görməyi vərdiş edib. Müxalifət vahid namizəd seçimində 2013 istisna olmaqla hər zaman bir-birini didişdirib.
Amma deyəsən bu dəfə növbə hakim partiyaya çatıb. I vitse-prezident Mehriban Əliyevanın namizədliyini dəstəkləyənlərin olması prezident İlham Əliyevin 7 illik prezident seçilməsinə qarşı çıxan qüvvələrdir.
Bu qruplaşma əslində, İ.Əliyevə yox, Ramiz Mehdiyev klanına güc gəlməyə çalışır. YAP-dakı seçki gərginliyinin səbəbi də elə iki qruplaşmanın “əzələ nümayişi”dir.
Bu gərginliyin qarşıdakı dövrlərdə artacağı gözləniləndir. Ta o vaxta qədərki İ.Əliyevin namizədliyi irəli sürülsün. Prezident isə hələlik mövqeyini konkretləşdirməyib.

M.Əliyevanın namizədliyi isə bir vaxtlar DADP deyilən partiya tərəfindən ortaya atılmışdı. Ancaq birinci xanım nüfuzu olmayan partiyanın deyil, məhz iqtidardakı təşkilatın - YAP-ın çiyinləri üstündə xalqın qarşısına çıxa biləcəyini hesablamışdı. Odur ki, YAP-da seçkilərlə bağlı düyün çözülməyib.
Üstəlik, partiyanın əsas funskionerləri - Əli Əhmədov, Siyavuş Novruzov da Mehdiyev komandasının sadiq üzvləridirlər.
Amma onlar seçki haqda susurlar və gözləmə mövqeyindədirlər. Çünki saray daxilində gedən qızğın proseslər (klanların qarşıdurması) birmənalı fikir bildirmək üçün çox tez olduğunu deməyə əsas verir.
Hakimiyyətin monolit şəkil alması və vahid komanda şəklində çıxış etməsi zərurəti yaranıb. Buna qədər YAP yetkililəri seçkidən açıq və konkret danışmayacaqlar.

AnaXeber.az-ın Analitik Şöbəsi yazır ki, M.Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi gerçəkləşərsə, Mehdiyev qruplaşmasının siyasi səhnədən tamamilə silinməsi ilə nəticələnəcək.
Bu, hakimiyyətin kökündən dəyişməsi və başqa bir qruplaşmanın əlinə keçməsi reallığıdır. Köhnə qvardiya da məhz bu gün iqtidardan getməmək üçün öz gücünü xərcləyir.
Həm həbslər, həm siyasi mesajlar, həm media müstəvisində təbliğat müharibəsi vəziyyətin ağırlığından xəbər verir.
Mehdiyev klanı 2018 seçkiləri qədər gərgin və çətin mərhələ ilə qarşılaşmamışdı. Bu dəfə müxalifət iqtidarın öz içindən çıxıb.
M.Əliyevanın islahatçı olması və ətrafındakı komandanın gənclərdən, Qərb təhsilli kadrlardan təşəkkül tapması qocalar hakimiyyətinə son qoyacağı şübhə doğurmur.

Təbii ki, 1-ci xanım prezident seçilərsə Naxçıvan qruplaşması iqtidarla vidalaşmalı olacaq. Ona görə də Mehdiyev klanı İ.Əliyevin namizədliyində israrlıdır.
Və bu rəqabət gizli-aşkar, üstüörtlü verilən açıqlamalarda sezilir. E.İbrahimovla A.Hüseynov hakim partiya mənsublarıdırlar.
Ancaq göründüyü kimi, fərqli mövqelərdən çıxış edirlər. Deməli, YAP-da ikitirəlik yaranıb, partiya daxilində müxalifət meydana çıxıb.
Sadəcə, Mehdiyev komandası kifayət qədər resursa və gücə malikdir. Bu qruplaşma belə asanlıqla təslim olmayacaq. R.Mehdiyevin Rusiya ilə əlaqələri, seçki təcrübəsi, əlində media və müxalifət resurslarının olması xüsusi qeyd olunmalıdır.
Məhz bu kapital hesabına hər seçkidə öz siyasi ssenarilərini gerçəkləşdirən, hətta İ.Əliyevi siyasi şantaj edən Naxçıvan qvardiyası ilə Bakı qruplaşmasının 2018 mübarizəsi çox ağır olacaq.

Bu ağır durumda hansı tərəfin xalqı yanına çəkəcəyi də əhəmiyyətlidir. Çünki xalq narazı və yoxsullaşmaqdadır. Xalq hakimiyyətdən indiki qədər narazı olmamışdı. Və bu günkü qədər iqtidar seçkiyə bu reputasiya ilə getməmişdi. 2013-dən bəri çox dəyişikliklər olub: həm xalqın əhval-ruhiyyəsi dəyişib, insanları aldatmaq və təəccübləndirmək olmur, sosial şəbəkələr ciddi şəkildə beyinlərdə inqilab edib, iqtisadi vəziyyət gözlənildiyindən də ağırlaşıb, xalqa verilən vədlər puça çıxıb, neft pulları tükənib, dəbdəbəli layihələr, tikinti bumu, inkişaf nağılları sona yetib, indi baramaçılıq, tütünçülüyün ümidinə qalıb ölkə iqtisadiyyatı...
Bu da azdır - məmur uşaqlarının qudurğanlıqları, faciələr, intiharlar, işsizlik, neftçilərin ölümü, yanan bina işi, MTN və rabitə olayları, klanlarası savaşın şiddətlənməsi, komanda daxilindəki parçalanma və ən nəhayət xarici amillər 2013-2018 aralığında baş verənlər qısa xülasəsidir.

AnaXeber.az
Turan
Tarix: 31-08-2017, 09:16
Xəbəri paylaş





Xəbər lenti