VİTSE-PREZİDENTLƏR NƏ VAXT TƏYİN OLUNACAQ? - “Yaxın zamanlarda…”
Azərbaycanda bu ilin əvvəlindən hakimiyyətin yuxarı pilləsində ciddi struktur islahatlarına start verilib. 2017-ci ilin fevralında Prezident Administrasiyasında edilən dəyişiklik nəticəsində I vitse-prezident institutu formalaşdırıldı. Nəticədə birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının I vitse-prezidenti təyin olundu. Daha sonra bu il iyununda Prezident Administrasiyasında dövlət başçısına yeni köməkçilər təyin edildi, eyni zamanda yeni vəzifələr yaradıldı və onlara da təyinatlar gerçəkləşdi. Hazırda isə Nazirlər Kabinetində struktur islahatları həyata keçirilir.
Təyinatı gözlənilən vəzifələr sırasında vitse-prezident postları da var. Belə ki, Azərbaycanın bir və ya iki vitse-prezidentinin təyin ediləcəyi gözlənilir. Bəs bu təyinatların yaxın vaxtlarda gerçəkləşməsi mümkündürmü?
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlama verib.Zahid Oruc bildirib ki, vitse-prezidentlik institutu 26 sentyabr 2016-cı il tarixdə keçirilmiş ümumxalq səsverməsi – referendumla Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin nəticəsində meydana çıxıb. “Düşünürəm ki, bu institutun yaradılması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi baxımından çox əhəmiyyətli bir tədbirdir. Bu institut prezident hakimiyyətinin daha uğurla çalışmasına, möhkəmlənməsinə və hakimiyyəti dayanıqlı etməsinə xidmət edir. Digər tərəfdən də islahatların sürətlə həyata keçirilməsinə mühüm vasitədir.
Mehriban Əliyevanın I vitse-prezident təyin olunması onun prezidentin xanımı olmasından daha çox, son illər ərzində həyata keçirdiyi genişmiqyaslı fəaliyyəti ilə əlaqədardır. Düşünürəm ki, belə bir çevik, kifayət qədər ciddi və möhkəm iradəyə malik olan, ən mühüm humanitar missiyanı daşıyan xanım liderin bu vəzifəyə yüksəlişi cəmiyyət tərəfindən də müsbət qarşılanıb. Çünki başqa heç bir namizəd o komponentləri özündə daşımır”.
Deputat hesab edir ki, vitse-prezidentlər postuna yaxın zamanlarda təyinatlar ola bilər.
“Bu təyinatların olmasının insanlar tərəfindən gözlənilməsi başadüşüləndir. Hesab edirəm ki, hər hansı bir təyinat sadəcə adlardan ibarət deyil. Həmin şəxslərin yerinə yetirəcəyi missiya önəmlidir. Biz bu gün iqtisadi, sosial sahədə daha dərin islahatların həyata keçirildiyini görürük. Bir neçə il öncə sosial yardımların verilməsindəki problemləri açıq şəkildə görürdük. Lakin həmin sahədə yeni innovativ proqramlar tətbiq olundu. Gerçək ünvanlılığının təminatı üçün imkanlar yarandı. Ancaq bu proses hələ də davamlı olmalıdır. Hələ də iqtisadi sahədə islahatların həyata keçirilməsinə baxmayaraq, idxaldan asılı qalırıq. Cənab prezident də hər zaman bu sahədə ən önəmli məsələləri qarşıya qoyur. Belə olan təqdirdə həmin sahələrə təyin olunacaq vitse-prezident orada işlərin koordinasiya edilməsinə və ölkə başçısı tərəfindən verilən tapşırıqların uğurla həyata keçirilməsinə dəstək verə bilər. Hesab edirəm ki, bu hakimiyyətdə idarəçiliyin ahəngdarlığına müsbət təsir edər. Vitse-prezidentlərin təyin olunması birbaşa olaraq ölkə başçısının səlahiyyətində olan məsələdir”.
Tarix: 31-08-2017, 15:11