Elmar Məmmədyarov Budapeştdə Aİ ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılmasından danışdı
Avqustun 31-də Budapeştdə Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin toplantısı olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da toplantıda iştirak edib.
E.Məmmədyarov çıxışında deyib ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır: “Biz sürətli danışıqlar yolu ilə Aİ ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılması və bu saziş əsasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıyıq. Ötən ilin fevral ayında danışıqların rəsmən başlamasından etibarən biz saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar və konstruktiv dialoq aparmışıq.Azərbaycan həmçinin Aİ ilə qarşılıqlı şəkildə razılaşdırılmış prioritetlər əsasında əlaqələrin qurulmasında maraqlıdır. İqtisadi potensiala və hər bir ölkənin spesifik məqsədlərinə uyğunlaşdırılmış prioritetli əməkdaşlıq fərqlilik, çeviklik, fokuslaşmaq və daha böyük sahiblik prinsiplərinin həyata keçirilməsində daha səmərəli ola bilər. Aİ-Azərbaycan Tərəfdaşlıq prioritetləri bu məqsədləri konkret əməkdaşlıq sahələrinə çevirəcəkdir".
Məmmədyarov əlavə edib ki, iyul ayında Aİ və Azərbaycan Ümumi Aviasiya Sahəsi Sazişinə dair danışıqları bərpa edib və sənədin ümumi strukturu ilkin olaraq razılaşdırılıb: “Biz inanırıq ki, readmissiya və vizaların sadələşdirilməsinə dair sazişinin uğurla həyata keçirilməsi Aİ və Azərbaycan arasında vizaların ləğvi üzrə dialoqun başlanması üçün zəmin yaratmalıdır”.
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Vişeqrad qrupu ölkələrinin toplantısında eyni zamanda Şərq Tərəfdaşlığı ölkələrinin də iştirakı ondan xəbər verir ki, Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsi istiqamətində işlər davam elətdirilir: “Rəsmi aşıqlamalarda bildirilir ki, bu toplantıda müzakirə olunan məsələlərdən biri də Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələsi olub. Bu baxımdan, hesab edirəm ki, belə toplantıların Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli saziş müqaviləsinin imzalanmasına müsbət təsirləri olar. Amma o halda ki, hər iki tərəf bunu həqiqətən istəsin və keçirilən toplantılarda statistika xatirinə iştirak etməsinlər. Əgər hər iki tərəfdən buna istək varsa, razılaşdırıla bilinməyən məsələlərdə qarşılıqlı güzəştlərə getməlidirlər".
Azərbaycanın Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamasına Rusiyanın necə reaksiya verə biləcəyi barədə suala cavabında isə ekspert dedi ki, Avropa İttifaqı ilə aparılan istənilən müzakirələr Rusiyada həmişə qıcıq yaradıb, yenə də yaradacaq.
Amma bir ölkə öz siyasətini bütövlükdə başqa bir dövlətin strateji maraqlarına uyğunlaşdırmamalıdır: “Bunu da tez-tez şimal qonşumuzun yadına salmaq lazımdır. Ardıcıl siyasi iradə ortada olandan sonra Rusiyanın da məsələyə təpkiləri azalacaq, yaxud həmin təpkilər effektsiz olacaq”.
Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, Vişeqrad qrupu ölkələri və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü özlüyündə noyabr ayında Brüsseldə keçiriləcək sammitə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlərlə bağlı problemlərin həlli üçün yol xəritələrinin işlənməsi üçündür: “Görüşün müzakirə mövzuları həmçinin STPO-nin daxili iqtisadi islahatlar, iqtisadi inkişaf, infrastrukturun və enerji sahəsində inkişaf mövzularını əhatə edir. Əlbəttə, əsas mövzular isə regional təhlükəsizlik və sanksiyalar fonunda toxunulmuş iqtisadi maraqlar və onların həllində alternativ təkliflər mövzusudur. Bilirik ki, Şərq Tərəfdaşlığı proqramı Avropa İttifaqının cənub-şərq sərhədlərində yerləşən ölkələrlə mövcud olan yeganə siyasi və iqtisadi əməkdaşlıq mexanizmidir. Əlbəttə, Avropa İttifaqı gələcək əməkdaşlıq üçün bu mexanizmin inkişafında maraqlıdır. Amma son illərdə bu formatın özü üzvlüyə cəlb olunmasında maraqlı olan ölkələrə bərabər mövcud üzv dövlətlərin özündə də bir çox suallar yaradır. Sırf Avropa İttifaqı və Azərbaycan münasibətlərinə gəldikdə, bunun tənzimlənməsi üçün imzalanması nəzərdə tutulan Strateji Tərəfdaşlıq Sazişi tamam fərqli formatda, qarşılıqlı faydalılıq əsasında bir münasibətin qurulması üçün nəzərdə tutulan bir formatdır. Daha öncə buna oxşar formatlar, Rusiya və bir neçə Şimali Afrika ölkəsi ilə işlənib. Lakin sırf Azərbaycanla bağlı həyata keçiriləcək və üzərində işlənilən format yeniliklərinə görə, Avropa İttifaqının tərəfdarlarına tətbiq etməyə çalışdığı yeni bir mərhələdir. Bu format Avropa İttifaqının Çinlə gələcəkdə işləniləcək İpək Yolu Zolağı və Dəniz İpək Yolu layihələri də daxil olmaqla, bir neçə strateji layihələrin işlənməsində və həyata keçirilməsində özək rolunu oynayacaq. O üzdən hər iki tərəf bu sazişin detalları üzərində kifayət qədər diqqətlə çalışır".
Rusiyanın imzalanması gözlənilən sözügedən sazişlə bağlı mövqeyinin necə olacağına gəlincə, Y.Hacıyeva dedi ki, Rusiyanın özünün daha öncələr Avropa İttifaqı ilə strateji əməkdaşlığı faktı mövcuddur: “Azərbaycanın imzalayacağı bu sazişə Rusiyadan sərt reaksiya olacağını düşünmürəm”.
Bir sıra ekspertlər isə hesab edir ki, qarşılıqlı maraqlara əsaslanan üstün tərəfdaşlıq razılaşmasının imzalanması üçün işçi qrupunun təsisi, Avropa İttifaqı ilə danışıqların aparılması, Azərbaycanın Avropa ittifaqı ilə yaxınlaşmasına zəmin yaradacaq. Gürcüstanın Avropa İttifaqı ilə viza sazişinin aradan qaldırılmasının ardınca Azərbaycanın bu beynəlxalq təşkilatla yaxınlaşmaq siyasəti mühüm addımdır. Bu razılaşmalarda Avropanı tam qaneedici maddələrin olmamasına baxmayaraq, Brüssel Azərbaycanla ikitərəfli əlaqələrə üstünlük verərək, tərəfdaşlıq istiqamətində işlər aparacaq. Təbii ki, bu siyasət uğurla davam edərsə, bir neçə müddətdən sonra Brüssel Azərbaycanla viza rejimini aradan qaldıra bilər.
Etibar SEYİDAĞA
Tarix: 1-09-2017, 09:33