Rusiyanın rəsmi nəşri Ermənistanı Azərbaycanla hədələdi: “Unutmayın ki...”; Serj Sərkisyanın Soçiyə çağırılmasının əsas səbəbi üzə çıxır...
Ermənistanın son anda Gürcüstandakı NATO təlimlərində iştirakdan (3-10 sentyabr) imtina eləməsi aparıcı KİV-lərin əsas mövzularından birinə çevrilib. Məsələni müzakirə üçün daha həssas edən xüsusilə iki məqama diqqət yetirilir: onlardan biri rəsmi İrəvanın məhz təlimlər başlayan gün - sentyabrın 3-də imtina qərarı verməsi, digəri isə bu qərarın prezident Serj Sərkisyanın Soçidə Putinlə görüşündən az sonraya təsadüf eləməsidir.Əksər analitiklər, o cümlədən erməni siyasi şərhçilər Ermənistanın imtina qərarının arxasında məhz Rusiyanın iradəsinin, daha doğrusu, qadağasının dayandığına əmindirlər. Beləliklə, “Yeni Müsavat”ın yazdıqları bir daha öz təsdiqini tapmış oldu ki, Rusiya öz satellitinin Qərbə, NATO-ya reveranslarına davamlı şəkildə göz yummayacaq və ələlxüsus da Moskvanın ABŞ-la münasibətlərinin gərginləşməsi fonunda İrəvanın bu cür şıltaqlıqları ona baha başa gələ bilər.
Rusiyanın ekspert çevrələrində və KİV-lərində məsələyə artıq bu prizmadan baxmağa başlanılıb. Faktiki şəkildə Rusiya hesabına mövcud olan və silahdan tutmuş, təbii qaza kimi Rusiyadan güzəştli qiymətə hər şey alan, xarici sərhədlərini rus əsgərlərinin qoruduğu vassal ölkənin bu qəbildən xəyanətlərinin cavabı verilməyə başlayıb. Eyni zamanda rəsmi İrəvana Qarabağ məsələsi də daxil, sərt xəbərdarlıqlar və xatırlatmalar edilir - həm də Rusiyanın nüfuzlu hökumət nəşrləri səviyyəsində.
***
“2015-ci ildə Ermənistan Avrasiya İqtisadi Birliyinə, ondan əvvəl - 1992-ci ildə isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatlına (KTMT) qoşulub. Bunun qarşılığında isə o, Rusiyadan ticari imtiyazlar və hərbi yardımlar alıb. Ancaq bu yaxınlarda bəlli oldu ki, İrəvan üçün Avropa ilə inteqrasiya və NATO ilə əməkdaşlıq prioritetə çevrilib. Və burda Moskva daha Ukraynadakı səhvləri təkrarlamayacaq”.
Musavat.com-un məlumatına görə, bu barədə Rusiyanın hökumət nəşri olan Pravda.ru-dakı tənqidi məqalədə deyilir. “İrəvan Kiyevin yolu ilə getdi, ancaq onu dayandırdılar” başlıqlı məqalədə daha sonra Ermənistanın Avropa Birliyi (AB) ilə assosiasiya sazişi imzalamağa hazırlaşdığı xatırlanır: “Bundan öncə isə Ermənistan NATO ilə individual əməkdaşlıq proqramına daxil olub. Proqram alyansla regional təhlükəsizlik, Ermənistanın hərbi doktrinası, müdafiə və büdcə planlamalarının təkmilləşdirilməsi ilə bağlı məsləhətləşmələri, habelə Kosova və Əfqanıstanda sülhməramlı missiyalarda iştirakı özündə ehtiva edir. NATO-nun son sammitlərinə Ermənistan müşahidəçi kimi qatılıb. Bu isə artıq iki stulda oturmaq cəhdi yox, birbaşa Rusiyaya xəyanətdir. Zamanı çatıb ki, deyək: gedin və NATO-dan xahiş edin ki, sizin problemləri Türkiyə və Azərbaycanla həll eləsin”.
Məqalədə ardınca deyilir: “Maraqlıdır ki, İrəvanın özünün ”çoxvektorluğu" ona Rusiyanın çoxvektorluğundan inciməyə mane olmur. Söhbət Türkiyə ilə iqtisadi əlaqələrin qaydaya salınmasından, Ankaranı Avrasiya Birliyinə üzv qəbul etmək planlarından və Azərbaycana silah satışından dolayı narazlıqdan gedir. Özü də Bakı silaha görə Rusiyaya nağd pul ödəyirsə, İrəvan onu Rusiyadan Rusiyanın öz kreditinə, yəni borc kimi alır. İşə bax ki, cənablar, balaca və regional bir ölkə gör, öz istəklərinə necə hər yerdə çatır! Anlamaq lazımdır ki, AİB, KTMT - sizin üçün bir flakonda olan keçmiş SSRİ və yem axuru deyil, yarış və qarşılıqlı yardımdan keçən inteqrasiyadır".
Bu sitatdan sonra yazıda işğalçı ölkəyə daha sərt xəbərdarlıqlar yer alıb: “Erməni dostlara həmçinin, xatırlatmaq istəyirik ki, ötən ilin aprelində Dağlıq Qarabağda Azərbaycan ordusunun hücumunu məhz Vladimir Putin dayandırdı, Angela Merkel yox. Rusiya ermənilərə yaxşı münasibətini tarixən göstərib. Heç olmasa, bunu yada salın ki, 1915-ci ildə Rusiya ordusunun Vanın özünümüdafiə qüvvələrinə köməyi nəticəsində 200 min erməni Osmanlı İmperiyasının ”genosid"indən (dırnaqlar bizimdir - red.) qurtula bildi. Bəs, həmin “genosid”in Almaniyadan 20 il öncə - 1995-ci ildə Rusiya tərəfindən tanınmasının dəyəri yoxdur?! Əgər erməni tərəfi yaxşı düşünüb daşınsaydı, ona aydın olardı ki, Rusiyanın Türkiyə ilə yaxınlaşmasını da mühakimə eləmək yox, alqışlamaq lazımdır. Çox sadə bir səbəbə görə: Moskva və Ankara siyasi anlamdan daha çox, iqtisadi planda yaxınlaşır və İrəvan da bundan qazana bilər. Axı, Ermənistanın Türkiyə ilə sərhədi bağlıdır. O zaman niyə də Putindən Ərdoğanın mövqeyinin yumşaldılması üçün xahiş edilməsin?"
Məqalənin sonunda Ermənistanın NATO təlimlərindı iştirakdan imtinası təqdir edilir: “Görünür ki, sağlam düşüncə hər halda üstün gəlib ki, Ermənistan belə bir qərar verib”, - deyə nəşr vurğulayır.
***
Bir daha xatırladaq ki, Pravda.ru Rusiyada özəl nəşr deyil, hökumətin KİV-idir, rəsmi saytdır. Başqa sözlə, məqalədə Ermənistan əleyhinə yer alan bütün tənqid və iradlar, həmçinin Dağlıq Qarabağla bağlı xəbərdarlıqlar və hədələr rəsmi Moskvanın mövqeyini və iradəsini ifadə edir.
Bu, həm də o anlama gəlir ki, işğalçı Ermənistanın Rusiya orbitindən azacıq uzaqlaşması ona olduqca baha başa gələcək və İrəvan bu haqda heç düşünməsin də. Xüsusən də Rusiya-ABŞ münasibətlərinin gərginləçməyə üz tutduğu və tezliklə normallaşmasının gözlənilmədiyi dönəmdə Ermənistanın Qərbə, NATO-ya, ABŞ-a növbəti reveransları işğalçı ölkə üçün gözlənilməz bəd sürprizlərlə sonuclana bilər.
Əlavə edək ki, payızda (noyabrda) İrəvan Avropa Birliyi ilə çərçivə sazişi imzalamağa hazırlaşır. İkinci cəhddə. Bu, yəqin ki, o zamana təsadüf edəcək ki, Moskva-Vaşinqton münasibətləri daha dramatik xarakter alacaq. O zaman İrəvanın bu cəhdi alınacaqmı? İki ay gözləyək.
Siyasət şöbəsi
Tarix: 6-09-2017, 09:17