“Bunların kim olduqlarını, milliyyətlərini, qanlarını yoxlamaq lazımdır” Politoloq Tahir Cəfərlinin Moderator.az-a müsahibəsi zamanı səsləndirdiyi bəzi fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və bəzi şəxslər redaksiyamızla əlaqə saxlayaraq politoloqa öz etirazlarını bildirdilər. Həmin şəxslərdən biri də Göy-göl rayonunun keçmiş icra başçısı Pənah Məmmədzadə oldu.
Pənah Məmmədzadənin Moderator.az-a açıqlamasını olduğu kimi təqdim edirik:“Son vaxtlar sosioloq, politoloq adıyla meydana çıxan “mirzələr” az qala bütün gündəmi zəbt ediblər. Bunların da meydana çıxması elə-belə deyil, arxalarında duranlar onları qabağa veriblər.
İndi Tahir Cəfərli adlı biri də peyda olub və ancaq bu millətə, 1918-192 0-ci illərdəki ADR-ə, 1988-89-cu illərdəki xalq hərəkatına, ümumiyyətlə Azərbaycan tarixinə şər atmaqla, qaralamaqla, şərəfli tariximizə kölgə salmaqla kimlərinsə sifarişini yerinə yetirir. Hətta bəzən ifrata varıb təhqir etməkdən, söyüş söyməkdən belə çəkinmir.
Tahir Cəfərlilər görün nə qədər həddini aşırlar ki, Ayaz Mütəllibovu, rusun Azərbaycanda bir nömrəli agentini, nökərini Azərbaycanda xalq hərəkatının rəhbəri adlandırırlar. Nə qədər simasız, utanmaz adam olmalısan ki, bu fikri dilinə gətirəsən.
Tahir Cəfərli həddini aşaraq Məhəmmədəminə, Nadir şaha, İbrahim xana belə hədyanlar səsləndirir, onları satqın adlandırır. Belələrini yoxlamaq lazımdır ki, görək bunlar kimdirlər, kimə xidmət edirlər, hansı milləti təmsil edirlər, damarlarında hansı qan axır. Damarlarında təmiz azəri türkünün qanı axan ömründə bu cəfəngiyyatları səsləndirməz.
Bu gün təkcə Tahir Cəfərli yox, elə adamlar meydan sulayır ki, həmin adamların ümumiyyətlə həmin dövrdən, hadisələrdən xəbəri yoxdur. Həmin hadisələr cərəyan edən dövrdə onlar heç ölkədə olmayıblar, fərarilik ediblər. İstər iyun hadisələrindən, istərsə də Kəlbəcər hadisələrindən bəzən elə adamlar danışırlar ki, dəhşətə gəlirəm. Düşünürəm ki, mən həmin vaxt hardasa yatırmışam, yoxsa ağlımı itirirəm? Bunlar nə danışırlar? Axı mən həmin hadisələrin əksəriyyətinin iştirakçısı olmuşam. İştirakçısı olduğum hadisələri mənə elə danışırlar ki, özüm özümə şübhəli yanaşıram ki, bəlkə heç mən orda olmamışam. Bu gün onlar meydanı o qədər boş görüblər ki, özlərindən cəfəngiyyatlar uydururlar, kimlərdənsə eşitdiklərinin böyür-başını bəzəyib ortalığa çıxarırlar.
Mən Azərbaycan xalq hərəkatının Gəncəbasarzonası ürə liderlərindən biri olmuşam. Sonra da o vaxtkı Xanlar rayon icra hakimiyyətinin başçısı olmuşam. O vaxt kəlbəcərlilərin 90 faizini mən qəbul etmişəm, hətta dövlət reaksiya verənə, komissiya yaradana qədər “Qaçqınkom”un o vaxtkı sədri İrşad Əliyevlə birlikdə qəbul etmişik”.
Sabiq icra başçısı dövlət başçısına, millət vəkillərinə, tarixçilərə Tahir Cəfərli kimi politoloqlara cavab vermələri üçün müraciət edib:“Mənim ən böyük iradım Tahir Cəfərlidən də çox o hərəkatda can qoymuşlara, Şirməmməd Hüseynovdan tutmuş həqiqi tarixçilərimizədir. Çünki həmin şəxslər arasında bir nəfər belə yoxdur ki, Tahir Cəfərliyə tutarlı cavab versin. O da meydanı boş görüb öz atını sağa-sola çapır. Bircə keçmiş MTN əməkdaşı olmuş İlham İsmayıl özündə cürət tapıb bu yaxınlarda elə Moderator.az saytında Tahir Cəfərlinin cəfəngiyyatına tutarlı cavab verdi.
Tahir Cəfərli kimilərə bizim üzdə olan, parlamnetdə təmsil olunan söz adamlarımız, tanınmış tarixçilərimiz, araşdırmaçılarımız faktlarla cavab verməlidirlər. Hətta mən dövlətimizə, dövlət rəhbərliyimizə müraciət edərdim ki, “beşinci kalon”un Azərbaycandakı mirzələri ilə bağlı xüsusi tədbirlər görülməsi üçün tapşırıq verilsin. “Beşinci kalon” dedikdə biz təkcə Rusiyanı nəzərdə tutmamalıyıq, Azərbaycanda müxtəlif təşkilatlar, dərnəklər adı ilə oturan Avropanın da, Amerikanın da nümayəndələri var. Dövlət rəhbərliyindən çox xahiş edərdim ki, lazım gələndə Tahir Cəfərliləri yuxarı səviyyədə də susdursunlar. Biz bunların nələr törədə biləcəklərini bəri başdan görməliyik. Bunlar “beşinci kalonun” ən güclüsü olan Rusiyanın Azərbaycandakı inhisarlarıdır. Prezident seçkiləri öncəsi bunların hamısı fəallaşdırılıblar. Güya faktlar, sənədlər ortalığa çıxaırırlar, ancaq həmin faktların heç bir əsası yoxdur. Bunların hamısı əsassız, boş şeylərdir”.
Rumiyyə
Tarix: 6-09-2017, 15:34