Kremlin yeni planı: MDB-nin hava məkanını ələ keçirir
MDB-yə daxil olan 8 ölkənin müdafiə nazirləri Rusiyanın Həştərxan şəhərində bir araya gəlib.Müzakirələrin əsas mövzusu Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın birgə hava hücumundan müdafiə sisteminin yaradılması olub.Azərbaycanın qatılmadığı danışıqlarda 2018-ci ildə MDB ölkələrinin döyüş hazırlığı sistemlərinin və birgə operativ tədbirlərinin həyata keçirilməsi məsələsi diqqət mərkəzində olub.Toplantıdan sonra nazirlər sentyabrın 7-dək Həştərxanın “Aşuluk” poliqonunda davam edəcək HHM-yə dair “Hərbi əməkdaşlıq-2017” birgə təlimlərinə qatılıb.Rusiyanın Müdafiə Nazirliyi bu sistemin qurulmasında əsas məqsədin terrorizmə qarşı birgə mübarizə və təhlükəsizliyin təmin edilməsi olduğunu bildirib. Təlimlərdə kütləvi raket-hava zərbələrinin “S-400”, “S-300”, “Peçora-2M” və “Pansir-S” zenit-raket kompleksləri ilə qarşısının alınması sınaqdan keçiriləcək.
Qeyd edək ki, müzakirələrə qatılan 8 ölkənin 6-ı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiyanın Ermənistanda, Tacikistanda və Qığızıstanda hərbi bazaları var. Eyni zamanda, sentyabrın 14-dən 20-dək Rusiya Belarusla birlikdə “Qərb-2017” adlı hərbi təlimlər keçirəcək. Bu, SSRİ-nin dağılmasından sonra Rusiyanın keçirdiyi ən böyük hərbi təlim olacaq. Təlimlərdə 12,7 min əsgər və zabir, 250 tank, 200 müxtəlif artilleriya sistemləri, 70 hərbi təyyarə və helikopter, 10 gəmi iştirak edəcək.
Onu da qeyd edək ki, 2015-ci ildə imzalanmış ikitərəfli müqaviləyə əsasən Rusiya Ermənistanın hava məkanına da nəzarət edir.2016-cı ilin sentyabr ayında Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketləri də Rusiyanın Cənubi Qafqazda RMS sahəsində mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. 2016-cı il noyabrın 30-da bağlanmış müqavilə əsasında Rusiya Dövlət Duması “Rusiya Federasiyası ilə Ermənistan Respublikası Arasında Birgə Hərbi Birləşmələrin Yaradılması Haqqında” Qanun qəbul edib. Bu baxımdan, indi Rusiyanın MDB ölkələrinin vahid raketdən müdafiə sistemi məsələsini gündəmə gətirməsi Kremlin post-sovet məkanında yenidən fəallaşması istiqamətində növbəti addımı kimi dəyərləndirilə bilər.
Rusiyanın bu addımı çox güman ki, ilk növbədə ABŞ başda olmaqla NATO-nun “yaxın xaric” hesab etdiyi keçmiş SSRİ məkanında artan hərbi təsirinin qarşısını almaq məqsədi daşıyır. Bu proses özünü daha çox Şərqi Avropa-Qara dəniz-Cənubi Qafqaz regionu istiqamətində göstərir.
Artıq ABŞ və NATO Ukrayna və Gürcüstanda hərbi bazalar yaradıb, Alyansın genişmiqyaslı təlimlərinə cəlb olunan Moldova isə üzvlüyə qəbull edilmək üçün müraciət edib.“Qərb-2017” təlimlərinə cavab olaraq, NATO Litva və Polşa istiqamətindəki hərbi qüvvələrinin sayını artırıb.Təlimlər başladıqdan sonra NATO qüvvələrinin birinci dərəcəli döyüş hazırlığı vəziyyətinə gətiriləcəyi gözlənilir. Ona görə də Rusiyanın HHM və RHM sistemlərinin miqyasını keçmiş SSRİ respublikaları hesabına genişləndirmək niyyəti hiss olunur.
Eyni zamanda, Moskvanın birgə HHM sistemi ideyasını ortaya atması qonşu ölkələr üzərində hərbi-siyasi təsir dairəsini genişləndirməyə xidmət edir.Bu baxımdan, Özbəkistanla, Türkmənistanın sözügedən prosesə cəlb edilməsi diqqəti cəlb edir.Qazaxıstan, Tacikistan və Qırğızıstan KTMT-ninn üzvü olsa da Özbəkistan və Türkmənistan qismən neytral siyasət yürüdür.Lakin Mərkəzi Asiyanı geosiyasi təsir dairəsində saxlayan Rusiya bölgədə hərbi balansı tam dəyişmək niyyətini nümayiş etdirir.Prezident İslam Kərimovun ölümündən və Şövkət Mirziyoyevin hakimiyyət başına gəlişindən sonra Kreml Özbəkistanı KTMT-yə cəlb etmək istəyir.Moskvanın planlarına Rusiya hərbi bazasının Özbəkistanda yerləşdirilməsi də daxildir.Bunun üçün Rusiyanın əlində tutarlı arqument var. Əndican vadisində terrorizmə qarşı mübarizə Rusiya hərbi bazasının Özbəkistana daxil olması üçün əsas rolunu oynaya bilər.Türkmənistan isə Rusiya ilə daha çox enerji sahəsində Rusiya ilə əməkdaşlıq edir.Ona görə də rəsmi Aşqabadın Rusiya ilə birgə HHM sisteminə daxil olması Kremlə Mərkəzi Asiyada hərbi fəallığını artırmağa kömək edə bilər.Bu həm də Türkmənistanı KTMT sıralarında görmək istəyən Putin administrasiyası üçün əlverişli imkan açır.Son dövrlər Rusiya silahlı qüvvələrinin terrorizmə qarşı mübarizə adı altında Əfqanıstana daxil olmaq istəyini diplomatik müstəvidə dilə gətirilməsi görünür təsadüf deyil.Bu planın işə salınması Moskvanın Mərkəzi Asiyadakı hərbi fəallığını möhkəmlətmək məqsədindən xəbər verir.(Cebhe.info)
Tarix: 6-09-2017, 21:40