Ayaz Mütəllibovun ətrafı “baş nazir olacaq” təşviqatına başladı

Ayaz Mütəllibovun ətrafı “baş nazir olacaq” təşviqatına başladı Eks-prezidentin tərəfdarları 2018-ci il seçkilərindən sonra onun yüksək posta təyin ediləcəyinə dair təbliğat aparırlar

Son günlər eks-prezident Ayaz Mütəllibov siyasi baxımdan fəallıq göstərməyə başlayıb. O, ötən ayın sonlarında mediaya müsahibəsində 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın 2018-ci il prezident seçkilərində iştirak edəcəyi halda namizədliyini dəstəkləyəcəyini bəyan edib. A.Mütəllibov hətta bunun üçün xalqa müraciət edəcəyini də bildirib.

Sabiq prezident siyasi hadisələrlə bağlı danışaraq qeyd edib ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil: “Bu gün müstəqil Azərbaycan çox dəyişib və inkişaf edir. Mənim rəhbərliyim dövründə müxalifət iqtidar əleyhinə açıq radikal mübarizələr aparırdı, xalqın əvəzinə xarici dövlətlərlə məsləhətləşirdi. Bütün bunlar isə Azərbaycan dövlətinin müstəqilliyinə təhdid yaradırdı. Bunun hansı nəticələrə səbəb olduğunu xalqımız gördü. Müasir tariximizdə belə hallara imkan vermək qəti olmaz. Çünki biz Qərb və Şərq arasında yerləşən müstəqil və inkişaf edən ölkəyik.



Azərbaycanın yerləşdiyi coğrafi mövqe də tələb edir ki, biz çox ehtiyatlı olaq. Yəni elə etməyək ki, bu gün yaşadığımız sabitliyi sabah həsrətlə gözləyək. Xalq olaraq bir olmalıyıq, özümüzə düşmən olmamalıyıq. Ona görə də mən bir ağsaqqal kimi əminliklə deyirəm ki, Azərbaycanda mövcud olan sabitliyi daim qoruyaq. Buna görə kim məni tənqid edirsə etsin! Təcrübəmə əsaslanıb bunu deyirəm. Bu sabitliklə paralel olaraq Azərbaycan öz xarici siyasətini daha da uğurlu aparmalıdır”.

Ayaz Mütəllibovun sözügedən müsahibəsindən sonra onun yaxın çevrəsində də bir aktivlik yaranıb. Eks-prezidentə yaxın şəxslər təbliğat aparır ki, 2018-ci ilin prezident seçkilərindən sonra A.Mütəllibov baş nazir təyin ediləcək. Diqqətçəkən həm də odur ki, onlar bunu özlərinə əmin bir şəkildə dilə gətirirlər.



Müxalifət düşərgəsindən isə AMİP katibi Əli Orucov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, tərəfdarları ümidlənsələr belə, Ayaz Mütəllibovun bundan sonra Azərbaycanda baş nazir vəzifəsini tutması mümkün deyil. Mütəllibovu baş nazir təyin etməzlər: “Ən ağır cinayətdə ittiham olunan və barəsində Baş Prokurorluq tərəfindən istintaqı aparılan, beynəlxalq axtarışda olan Ayaz Mütəllibovun birdən-birə Azərbaycana gətirilməsi və ona eks-prezident kimi imtiyazlar verilməsinin özü həm müəmmalı, həm də böyük hədiyyədir. Bundan artığını nə Ayaz Mütəllibov, nə də tərəfdarları istəməməlidir, buna iddia da etməməlidir. Ayaz Mütəllibovun üzərində 20 Yanvar qırğını və Xocalı soyqırımı kimi daşınması mümkün olmayan ləkələr var. Belə bir adamın yenidən hansısa böyük iddialara düşməsi Azərbaycanın faciəsi demək olar. İnanmıram ki, Mütəllibov tərəfdarlarının onun barəsindəki arzusu həyata keçsin”.

Etibar SEYİDAĞA
Tarix: 7-09-2017, 09:18
Xəbəri paylaş





Xəbər lenti