Lavrovun al qırmızı yuxuları...

Lavrovun al qırmızı yuxuları... Dörd qətnamə və onların tələblərinə qarşı tamamilə sıfır reaksiya... Nəinki BMT Baş Assambleyasının sessiyaları yaxınlaşanda, hətta ən adi vaxtlarda - təşkilatın adı çəkiləndə belə qeyri-ixtiyari olaraq yadımıza bunlar düşür.

Doğrusu, Qarabağla bağlı ilk qətnamə - 822 saylı qətnamə qəbul olunarkən düşünmürdük ki, belə olacaqdır. O vaxt hələ BMT ilə bağlı müəyyən ümidlər vardı və güman olunurdu ki, hansısa nəticə olacaqdır.

Hərçənd, həmin vaxtlarda xeyli “uzunömürlü” münaqişələr də mövcud idi. Onlardan biri də elə Yaxın Şərq, ərəb - İsrail münaqişəsi idi. Yarım əsr davam etməsinə rəğmən həmin münaqişə hələ də olunmamış qalırdı.

Düzü, bizi bir az ümidləndirən həm də soyuq müharibənin bitməsi idi. Soyuq müharibə çağlarında BMT də SSRİ ilə ABŞ-ın yarış məkanına çevrilmişdi.

Yadıma gəlir, şəxsən elə mən özüm də güman edirdim ki, SSRİ-nin çökməsilə ərəb-İsrail münaqişəsi həllini tapacaqdır. Amma indi təəssüf hissilə deyirəm ki, heç də belə olmadı - çünki SSRİ çöksə də maraqlar öz mövcudluğunu saxladı, yeni Rusiyaya SSRİ-dən həm də sonuncunun geosiyasi ambisiyaları miras qaldı.

Ən maraqlısı odur ki, həmin vaxtlarda bir məsələ də gündəmə gəlmişdi. Bu da BMT-nin reforması ilə bağlı təkliflər idi. Hərə bir söz deyir və bir şey yazırdı. Kimi daimi üzvlərin sayının artırılmasını təklif edir, kimi də bu qurumun, ümumiyyətlə, ləğv olunmasını təklif edirdi.

Amma bunların heç biri olmadı - nə BMT özü dəyişdi, nə də Dünyanın qalmaqallı siyasi mənzərəsi. İradlar, tənqidlər isə bugünədək davam edir və hər dəfə də adamda belə təsəvvür yaranır ki, nə vaxtsa onları ciddiyə alanlar tapılacaqdır.

Elə məni də bu sətirləri yazmağa vadar edən məhz bu məsələlər oldu. Təbii ki, onlar növbəti sessiyanın gündəminə düşməyəcək. Amma belə informasiya yayıldı ki, ABŞ prezidenti guya ki, sessiya ərəfəsində dünya liderlərini bir araya gətirmək istəyir. Məqsəd də BMT-nin islahatı haqda düşünüb - daşınmaqdır.

Amma o da deyildi ki, Rusiya prezidenti sessiyanın işinə qatılmayacaqdır. Bəs Trampın keçirmək istədiyi toplantı necə olacaq - bu haqda hələ ki, heç nə məlum deyildir...

Sessiyada Azərbaycanla bağlı da müəyyən məqamlar vardı. Deyirdilər ki, ola bilsin, Azərbaycan və Ermənistan prezidentləri Nyu - Yorkda bir araya gələcəklər.

Amma indi demək olar ki, böyük ehtimalla belə olmayacaq və hər iki tərəf çox güman ki, sessiyada öz xarici işlər nazirləri səviyyəsində təmsil olunacaqdır.

Təəssüf, bu həm də o deməkdir ki, münaqişənin çözülməsilə bağlı indiyədək davam edən pauza hələ bir müddət də, ən azı ilin axırınadək qalacaqdır. Halbuki amerikalı həmsədrin dilindən səslənən təklifləri indi bir ümumi platforma kimi qəbul etmək olar. Hər halda, digər həmsədrlər də təkliflərdə onlar üçün yeni şeyin olmadığını dedilər. Bu isə onu deməyə əsas verir ki, ən azı üç həmsdərin üçünün qəbul etdiyi ortaq bir məxrəc var...

Bu arada Rusiya xarici işlər naziri S.Lavrov bir az da “uzağa” getdi və belə bir fikir dedi ki, Qərb bizim dediklərimizi qəbul etsəydi o halda iki münaqişə-Dağlıq Qarabağ və Dnestryanı münaqişə çoxdan həll olunardı.

Bununla Lavrov nə demək istəyirdi? Doğrudanmı, Qərb nə vaxtsa Moskvanın vasitəçiliyinə mane olubdur? Belə hal ağlımıza və yadımıza gəlmir. Əksinə, ABŞ və Fransa münaqişənin çözülməsində Rusiyaya hər an geniş meydan veribdir.

Bəs onda Lavrov nə sayıqlayır? Güman ki, rusiyalı diplomat tamam başqa bir şey demək istəyir. Nəzərdə tutduğu budur ki, siz bu regionun da mandatını bizə verin, burada bizim “hüquq”larımızı tanıyın və biz də məsələni bildiyimiz kimi “həll” edək...

Rusiyanın “bildiyini”sə bəzi siyasətçilər çoxdan dilə gətirib. Bir neçə dəfə deyilib ki, Dağlıq Qarabağ problemi o vaxt həll olunacaq ki, Azərbaycan və Ermənistan yenidən Rusiyanın yaratdığı vahid geosiyasi layihənin tərkibində olsun.

Bu layihə necə nəzərdə tutulur? Avrasiya İttifaqı və yaxud Gömrük Birliyi onu əvəz edərmi? Çox təəssüf ki, bu xüsusda hələ dəqiq heç nə deyilmir.

Güman ki, ruslar bir az da dərin “inteqrasiya” nəzərdə tuturlar. Bəs bu, nə dərinlikdə ola bilər, - zənn edirik ki, hamı təxmin edir bunu...



Hüseynbala Səlimov
Tarix: 7-09-2017, 10:18
Xəbəri paylaş





Xəbər lenti