Ermənistanın təcridi güclənir - üç paytaxt birləşir

Ermənistanın təcridi güclənir - üç paytaxt birləşir Bakı zirvəsindən düşmənə mühüm mesaj; Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin Bakı sammiti: diplomatik ortaqlıqdan strateji-hərbi ortaqlığa doğru; “Ermənistanın iri regional layihələrdən sürətlə kənarlaşdırılması gələcək hərbi qələbəmizi təmin edən ciddi amillərdən olacaq...”

Sentyabrın 6-da Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canalideze arasında üçtərəfli görüş başlayıb. XİN rəhbərlərinin zirvə toplantısının sonunda iki sənəd imzalanacaq - Bakı birgə bəyannaməsi və 2017-2019-cu illər üçün ortaq hərəkət planı.

Bakı sammiti sübhəsiz ki, yalnızca üç dövlətin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini qorumağa yönəlik ortaq diplomatik addımlar baxımından önəm kəsb eləmir. İlk növbədə bu dövlətlər arasında son illər üçlü formatda uğurla inkişaf edən iqtisadi-siyasi, hərbi əlaqələrin növbəti təzahürü kimi diqqət çəkir.


*****

Bir-biri ilə quru coğrafi sərhədlərə malik Azərbaycan, Türkiyə və Gürcüstanın hazırkı mürəkkəb dönəmdə qarşılıqlı inteqrasiyası xüsusən də ona görə vacibdir ki, onların hər üçü Ermənistanla həmsərhəddir və İrəvan isə onların hər üçünə qarşı ərazi iddiasından bu günədək əl çəkməyib (Türkiyəyə qarşı bu iddia saxta soyqırım iddiasına “bükülü” şəkildədir).

Bu mənada Bakı sammitinin önəmi onun təcavüzkara növbəti və çox aydın bir mesajı ilə yadda qalacaq. O xüsusda ki, Ermənistan gerçəkdən, regionda əsas qonşuları ilə dinc-yanaşı və təhlükəsizlikdə yaşamaq, inkişaf eləmək istəyirsə, o zaman öz təhlükəsizliyinə qarantı uzaq Rusiyada deyil, - o Rusiya ki, işğalçıdan sırf öz maraqları üçün, maşa qismində istifadə edir və Ermənistanla quru sərhədi belə yoxdur, - məhz Türkiyə, Azərbaycan və Gürcüstanla anlaşmada axtarmalıdır.



İrəvan, nəhayət, özündə güc tapıb başa düşməlidir ki, bölgədə Rusiyanın hərbi forpostu rolunda qaldıqca və öz qonşularına qarşı torpaq iddialarından əl çəkmədikcə, Ankara-Bakı-Tiflis formatı da sövq-təbii getdikcə güclənəcək - bütün sferelarda. Güclənir də.


*****

Məlumdur ki, üç qonşu ölkə arasında hərbi və hərbi texniki-əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir, vaxtaşırı ortaq hərbi təlimlər keçirilir, hətta xüsusi təyinatlılardan ibarət ortaq hərbi birləşmənin (ilkin mərhələdə iri neft-qaz kəmərləri və kommunikasiya xətlərini qorumaq üçün) yaradılması yönündə müzakirələr gedir. İqtisadi-ticari, humanitar xarakterli ilişgilərdən isə danışmağa dəyməz. Təkcə o fakt ki, Azərbaycan Gürcüstanın əsas xarici sərmayədarlarından biridir, özlüyündə çox şeyi deyir.



İş də ondadır ki, Ermənistanla münasibətlər normal olsaydı, Azərbaycan onun iqtisadiyyatına da sanballı investisiyalar yatırardı. Üstəlik, Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz və tikilməkdə olan cənub qaz kəməri Ermənistandan keçməklə sonuncuya tranzit ölkə kimi böyük paralar qazandırardı. Eyni zamanda Ermənistanın Rusiyadan neft-qaz asılılığı aradan qalxmış olardı. Ən önəmlisi, bölgədə bu qədər silah-sursatın toplanmasına lüzum qalmazdı - biz hələ bu silah-sursata xərclənın milyardları demirik. Həmin vəsaitlər Ermənistanın da, Azərbaycan və Gürcüstanın da iri sosial, səhiyyə layihələrinin icrasına yönəldilə bilərdi.

Söz düşmüşkən, bu ay, həmçinin, düşmən ölkədən yan keçəcək daha bir beynəlxalq əhəmiyyətli xətt - Bakı-Tiflis-Qars dəmir yolu ilə düşəcək. Bu nəqliyyat xəttinin fəaliyyətə başlaması ilə işğalçı ölkə dünyadan bir az da təcrid olunmuş duruma düşəcək. Demək, Ermənistanın iqtisadiyyatının dirçəlmə şansı daha da azalacaq və ola bilsin, mümkünsüz olacaq. Çünki öz qonşuları ilə normal münasibətlərə malik olmayan ölkənin inkişaf perspektivi ola bilməz.


*****

Bakı zirvəsi siyasi analitiklər tərəfindən də bu və digər aspektlərdən yüksək qiymətləndirilir.

“Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadi münasibətləri hərbi-siyasi əməkdaşlığa çevrilir”. Bu sözləri sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyə, Gürcüstan və Azərbaycan XİN başçılarının görüşünü şərh edərkən deyib (axar.az). Onun qənaətincə, hazırda tərəflər hər üç ölkənin müdafiə sistemlərini birləşdirmək üçün çalışırlar.

“Türkiyə, Gürcüstan və Azərbaycanın üçtərəfli əməkdaşlığı getdikcə yüksək vüsət almaqla yanaşı, əməkdaşlığın daha geniş sahələrini əhatə edir. Demək olar ki, hər üç ölkə arasında strateji xətlər üzrə əməkdaşlıq formaları yaranıb, inkişaf edir. İndiyədək əməkdaşlıq iqtisadi sahəni əhatə edirdi. Bakı-Ceyhan kəməri Gürcüstan ərazisindən keçir. TANAP qaz layihəsi Azərbaycan neftini dünya bazarlarına çıxaracaq. Bu, hər üç ölkə üçün çox böyük gəlir gətirən layihədir. Ancaq tərəflər hər üç ölkənin müdafiə sistemlərini birləşdirmək üçün çalışırlar. Ən azı yaxın vaxtlarda Türkiyə, Gürcüstan və Azərbaycanın birgə hərbi təlimlərinin keçirilməsinə başlanılması nəzərdə tutulub. Bu görüşün keçirilməsinin nəticəsi üç ölkə arasında iqtisadi əməkdaşlığın hərbi-siyasi əməkdaşlıq səviyyəsinə qalxması olacaq”, - deyə o qeyd edib.



Politoloqun sözlərinə görə, növbəti görüş prezidentlərin iştirakı ilə zirvə toplantısı olacaq: “Bu görüş tərəflər arasında olan münasibətləri strateji zəmin üzərinə qoyacaq. Düşünürəm ki, Türkiyə, Türkmənistan və Azərbaycan görüşləri kimi, Türkiyə, Gürcüstan və Azərbaycan əməkdaşlıq forması da strateji əhəmiyyət kəsb etməyə başlayacaq və bölgədə Azərbaycanın nüfuzunu daha da yüksəldəcək. Bu görüş çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan indiyə qədər özünün bir sıra strateji layihələri ilə, Gürcüstanla Türkiyəni bu layihələrə cəlb etməklə Ermənistanı strateji layihələrdən tamamilə kənarlaşdıra bilib. Bu da bizim ərazimizi işğal edən təcavüzkar dövlət üzərində gələcək qələbəmizi təmin edən ciddi amillərdən biridir. Bu münasibətlər Azərbaycana siyasi dividentlər verməyə başlayıb. Gələcəkdə bu dividentlər daha da geniş sahədə olacaq”.

*****

Doğrudan da, Qarabağ məsələsi yalnız hərbi amilə görə yoluna qoyulmayacaq. Həlledici sözü həmçinin iqtisadi qüdrət deyəcək. O üzdən Ermənistan üzərində əzici iqtisadi, nəqliyyat-kommunikasiya üstünlüyümüz, hərbi üstünlüyümüzdən heç də az strateji önəm daşımır...


Analitik xidmət
Tarix: 7-09-2017, 10:20
Xəbəri paylaş





Xəbər lenti