“Bu yaşımda durub vəzifə davası edəcəm?!” - Ayaz Mütəllibov “Rusiyanın adamıdır” iddiasına cavab verdi
“Bunların hamısı cəfəngiyyatdır. Mənim baş nazir olmaq iddiam yoxdur. Bu cür məsələləri niyə ortalığa atırlar ki?!. Hamımız öz yerimizdə nazirik. Amma bu yaşımda durub vəzifə davası edən deyiləm”.
Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov son günlər mətbuatda haqqında yazılanlara münasibət bildirərkən deyib.
Eks-prezident “Rusiyanın adamı” olması iddialarına da cavab verib.“İllərdir ki, məni “Rusiyanın adamı” kimi qələmə verirlər. Axı niyə?! “Rusiyanın adamı” olsaydım, bu gün vəzifədə oturardım. Sığınacağımı Rusiyada tapmağımın da başqa səbəbi yoxdur. Əvvəla, o zamanlar SSRİ-də vəzifədə çalışmışdım. İkincisi, qonşu dövlət olaraq bizə ən yaxın Rusiya olub. Ona görə də canımı götürüb Rusiyaya üz tutmuşdum. Halbuki, Rusiyaya üz tutanda heç də məni gül-çiçəklə qarşılamayıblar. O vaxtlar İngiltərəyə, Fransaya üz tutmayacaqdım ki! Məni “Rusiyanın adamı” adlandıran “siyasi xadimlərin” özü daha çox “Rusiyanın adamı” olub”.
Qeyd edək ki, mətbuatda eks-prezidentin tərəfdarlarının 2018-ci il seçkilərindən sonra Ayaz Mütəllibovun yüksək posta təyin ediləcəyinə dair təbliğat aparmaları barədə xəbər yayılıb. Bildirilib ki, son günlər eks-prezident Ayaz Mütəllibov siyasi baxımdan fəallıq göstərməyə başlayıb.
Tarix: 7-09-2017, 13:39