"Bakıda keçiriləcək Gerasimov-Pavel görüşü strateji məqsəd daşıyır" - Rusiyalı hərbi ekspert

"Bakıda keçiriləcək Gerasimov-Pavel görüşü strateji məqsəd daşıyır" - Rusiyalı hərbi ekspert "Bakıda keçiriləcək Gerasimov-Pavel görüşü oyunun qaydalarının razılaşdırılması, gündəmdə olan məsələlərin müzakirəsi, bir-birinin mövqelərinin anlaşılması baxımından strateji məqsəd daşıyır". Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi ekspert, “Komsomolskaya pravda” qəzetinin şərhçisi, istefada olan polkovnik Viktor Baranets bu gün Bakıda keçiriləcək Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi və NATO hərbi komitəsinin rəhbərinin görüşünü şərh edərkən deyib.

"Bildiyiniz kimi, son zamanlar Rusiya-ABŞ, Rusiya-NATO münasibətləri dondurulmuş vəziyyətdədir. Bura təkcə diplomatik və siyasi deyil, həm də hərbi münasibətlər daxildir. Bu münasibətlər faktiki sovetlər dövründəkindən, soyuq müharibə vaxtındakından da pis vəziyyətdədir. Ona görə də, Gerasimov və Pavelin Bakı görüşü bu baxımdan strateji məqsəd daşıyır", - deyə V. Baranets vurğulayıb.

Bakı hərbi sahədə Rusiya-ABŞ və və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir

Onun sözlərinə görə, Bakıda keçiriləcək Rusiya-NATO görüşündə çoxsaylı məsələlər müzakirə olunacaq: "Bunlar sözsüz ki, Rusiya-NATO münasibətləri, Şərqi Avropada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Şimali Koreyanın nüvə problemi, ABŞ-ın Cənubi Koreyada hava hücumundan müdafiə sistemi yerləşdirməsi, Suriya münaqişəsi, Ukrayna böhranı, Rusiya-NATO, hərbi sahədə Rusiya-ABŞ əməkdaşlığı məsələləridir. Gündəmdə olan məsələlər həddən artıq çoxdur".

V. Baranets son vaxtlar Rusiya və ABŞ, Rusiya və NATO generallarının görüşlərinin məhz Bakıda keçirilməsi məsələsinə də toxunub. O bu ilin əvvəlində Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin görüşünün keçirildiyini xatırladıb: "Belə görüşlərin Azərbaycan paytaxtında keçilməsi belə qənaətə gəlməyə əsas verir ki, Bakı hərbi sahədə Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin yaxşılaşdırılması paytaxtına çevrilir. Bu, birinci məqamdır. İkinci məqam isə Bakının dünya miqyasında strateji mövqedə yerləşməsidir. Bu regionda həm Rusiyanın, həm də ABŞ-ın strateji maraqları var. Təbii olaraq, bu strateji regionda - nəzərə alsaq ki, Suriya Bakıya çox da uzaq deyil - Rusiya və ABŞ Yaxın Şərqdəki oyunun qaydalarını müəyyən etməlidir. Ona görə ki, biz dəfələrlə Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın və Suriya hökumət qüvvələrini dəstəkləyən Rusiya Hərbi Kosmik Qüvvələrinin necə fəaliyyət göstərdiklərini demişik. Biz dəfələrlə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın terrorçulara qarşı Suriyada vahid cəbhədə mübarizə aparmasını təklif etmişik. Lakin heç bir cavab almamışıq. İndi isə Suriyada terrora qarşı mübarizədə mühüm mərhələ yaşanır. İŞİD-in ikinci paytaxtı hesab edilən Deyr-Ez-Zor bölgəsində həlledici döyüşlər gedir. Suriya ordusu Rusiyanın köməyi ilə artıq şəhərin mühasirəsini yarıb. Bildiyiniz kimi, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda İŞİD-a qarşı mübarizə aparır. Ordan qaçan terrorçular isə Suriyaya axın edirlər. ABŞ-ın bu fəaliyyəti İraqdakı terrorçuların Suriyada cəmləşməsinə səbəb olur. Ona görə də bu məsələdə razılığa gəlmək lazımdır. Elə etmək lazımdır ki, terrorçulara qarşı mübarizədə Suriya ordusuna, Rusiyaya və ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya ziyan gəlməsin.

Bakı görüşü Rusiya və ABŞ-ın Yaxın Şərq regionunda gələcək fəaliyyətini müəyyən edəcək

Üçüncü vacib məqam isə Bakı görüşünun Rusiya və ABŞ-ın Yaxın Şərq regionunda bundan sonrakı fəaliyyətini müəyyən etməsidir. Bu görüşdə təkcə söhbət Suriyadan getməyəcək. Müzakirə olunacaq məsələlərdən biri də İsrailin Suriyaya zərbə endirməsidir. İsrail faktorunu Suriya münaqişəsində nəzərə almamaq qeyri-mümkündür. İsrailin ABŞ-ın diktəsi ilə hərəkət etdiyini bilirik. Anlamaq istəyirik ki, İsrail Suriyaya zərbə endirməklə nəyə nail olmaq istəyir? Çünki İsrailin Suriya münaqişəsinə daxil olmağı mövcud vəziyyəti daha da gərginləşdirəcək. Suriya ordusu İsrailə cavab verməyə məcbur olacaq. İsrail Suriyanı bu yolla təxribata çəkir. İstəyir ki, Suriya ona layiqli cavab versin. Bu məsələ Gerasimov-Pavel arasında keçiriləcək Bakı görüşünün əsas müzakirə mövzularından biridir".

Generallar Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəklər

Rusiyalı hərbi ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Rusiya və NATO generallarının görüşündə müzakirə olunub-olunmayacağına da münasibət bildirib: "Hesab edirəm ki, görüş Bakıda keçirildiyindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də qaldırılacaq".

V. Baranets rəsmi İrəvanın Rusiya ilə Qərb arasında ikili oyun oynamasını da şərh edib: "Rusiya Ermənistanı hərbi və müdafiə sahəsində müdafiə etməsinə baxmayaraq, son vaxtlar erməni generallar və siyasətçilər Ağ Evdən və Pentaqondan mədət umurlar, silahlar almaq üçün pul istəyirlər. Ermənistan ikitərəfli oyun oynayır, iki stulda oturmağa cəhd edir".
Tarix: 7-09-2017, 15:36
Xəbəri paylaş





Xəbər lenti