Qarabağ üçün SÜLH PLANI: Düşmən vaxtı uzadır

Qarabağ üçün SÜLH PLANI: Düşmən vaxtı uzadır Sentyabr ayının son həftəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçiriləcək.Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.“

Cümhuriyət” qəzeti xəbər verir ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərinin görüş təklifinə razılığı iyun ayında verib.Görüşün cəbhə xəttində vəziyyətin hər keçən gün gərginləşməsi fonunda keçiriləcəyi ümidləri artırıb.Nəzərə alsaq ki, sonuncu belə görüş bir neçə ay əvvəl Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Fransanın paytaxtı Paris şəhərində baş tutmuşdu, sonra danışıqlar dayandırılmışdı.Bu baxımdan görüş Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşma yarada bilər.


Ehtimal olunur ki, görüşdə Minsk qrupu həmsədrləri və həmsədr dövlətləri - ABŞ və Rusiyadan ayrı-ayrılıqda verilən yeni təkliflər müzakirə olunacaq.Danışıqlarda həmçinin Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilməsi ehtimal olunan görüşün də müzakirə olunacağı bildirilir.Görüşün tarixi və məkanının razılaşdırılacağı da ehtimallar arasındadır.

“Hakimiyyət də danışıqların işə yaramadığını etiraf edir”



Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, belə görüşlər Qarabağ probleminin həlli baxımından heç bir əhəmiyyət kəsb etmir. Partiya rəsmisi xarici işlər nazirləri arasındakı təmasların da mənasız olduğu qənaətindədir:

“Hətta, hakimiyyətin yuxarı pillələrində də etiraf edirlər ki, münaqişənin dinc yolla həll variantları işə yaramır, xarici işlər nazirləri və prezidentlər səviyyəsindəki görüşlər də nəticələrə təsir etmir. Əksinə, proses getdikcə çıxılmaz dalana dirənir, diplomatik cəhdlər də tükənmiş kimi görünür.Ermənistan prezidentinin də mövqeyi açıq şəkildə ortadadır.Sarkisyan qəti şəkildə bildirdi ki, Ermənistan heç vaxt Dağlıq Qarabağın Azərbaycanın tərkibinə verilməsinə razı olmayacaq və münaqişənin bu formada həll yolu yoxdur.Belə fikirlər İrəvanda dəfələrlə səsləndirilib.Bu vəziyyətdə də heç bir irəliləyişdən danışmaq mümkün deyil.Aparılan danışıqlar sadəcə, vaxt itkisidir.Hər iki tərəfə də atəşkəsin davam etdirilməsi sərf edir.Nəticədə də görüş naminə görüşlər təşkil edilir”.

“Cəmiyyət belə görüşlərə inanmır”



Ağ Partiyanın (AP) sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə açıqlamasında nəinki xarici işlər nazirləri və dini liderlərin, heç prezidentlərin görüşlərinin də münaqişənin həlli baxımından heç bir məna ifadə etmədiyini deyib. AP sədri qeyd edib ki, danışıqların davam etdiyi uzun illər ərzində bütün variantlar və təkliflər müzakirə olunub və heç bir nəticəsi olmayıb:

“İndi hansı yeni və cəlbedici təklifləri müzakirə edə bilərlər? Minsk qrupunun həmsədrləri də görüntü yaratmaq üçün ya nazirlər, ya da prezidentlərin görüşlərini təşkil edirlər.Yəni, görüş naminə görüşlər təşkil olunur.Başqa sözlə, bu görüşlərin münaqişənin həlli baxımından faydalı olacağını düşünmürəm, prosesə də hansısa formada təsir edəcəyinə inanmıram.Cəmiyyətin özü də belə görüşlərə xüsusi diqqət ayırmır.Bu görüşün də adi bir görüş olduğunu, sadəcə, protokol qaydalarından irəli gəldiyi qənaətindəyəm”.

Mənsur Rəğbətoğlu
Cebhe.info
Tarix: 8-09-2017, 00:52
Xəbəri paylaş





Xəbər lenti