Hökumətdə struktur islahatları davam edəcək

Hökumətdə struktur islahatları davam edəcək Rəşad Həsənov: “Çevik və optimal dövlət strukturu biznesin inkişafını da şərtləndirəcək”


Məlum olduğu kimi, prezident fərmanına əsasən Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi davam edir. Artıq aparatdakı bəzi şöbələr ləğv olunub və ya başqa bir ad altında birləşdirilib. Nəticədə 8 şöbə müdiri işdən çıxarılıb. Digər bölmələrdə də ixtisarlar olunub.


Bu barədə “Yeni Müsavat”a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır və bu fərmana əsasən 1 ay müddətində yeni ştat cədvəli tərtib olunacaq, ştat sayı isə 200 nəfərə qədər azaldılacaq. Qeyd edək ki, bu struktur islahatları 2014-cü ilin sonlarından bəri vəd edilsə də, gözlənildiyi kimi sürətlə aparılmırdı. Lakin artıq ölkə başçısının fərmanı ilə islahatlar genişləndirilib. İxtisarların digər dövlət qurumlarına keçəcəyi gözlənilir. Bəs görəsən, bu islahatlar ölkəni iqtisadi böhrandan çıxara biləcəkmi? Hökumətin və biznesin işinə nə dərəcədə müsbət təsir edəcək?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, struktur islahatları ölkədə keçirilməsi nəzərdə tutulan islahatların mühüm tərkib hissəsi hesab olunur: “Struktur islahatlarının aparılması, sadəcə, dövlət büdcəsindən ayrılan xərclərin azaldılması kimi qiymətləndirilməməlidir. Çünki bu islahatlar eyni zamanda dövlət siyasətinin çevikliyinin təmin edilməsi, təkrarçılığın aradan qaldırılması, administrativ təzyiq alətlərinin mümkün qədər azaldılması, həmçinin vətəndaş-məmur münasibətlərinin nisbətən azaldılması məqsədi ilə həyata keçirilir. Təbii ki, dövlət büdcəsinin xərclərinin də müəyyən qədər azaldılması hökumətin saxlanması xərclərinin məhdudlaşması hökumətin yükünü azaltmaqla növbəti dövrlərdə vəsaitlərin digər istiqamətlərə, sosial təminatın güclənməsinə yönəldilməsinə şərait yaradacaq. Struktur islahatları hazırda gözlənildiyi miqyasda getməsə də bu istiqamətdə müəyyən addımlar atılır. Növbəti illərdə təbii ki, ilkin dövrlərdə nisbətən neqativ impulsların da ortaya çıxmasına səbəb ola bilər. Belə ki, Azərbaycanda muzdla çalışanların təxminən 50 faizindən çoxu dövlət sektorunda fəaliyyət göstərir. Bu, 800 min nəfərdən artıq insanın dövlət sektorunda çalışması deməkdir. Təxminən 80 milyon nəfər əhalisi olan Türkiyə ilə müqayisə etdikdə, Azərbaycanda dövlət sektorunda çalışanların sayı ilə Türkiyədə dövlət sektorunda çalışanların sayı arasında cəmi 500-600 min fərq var”.


R.Həsənov onu da qeyd etdi ki, istənilən islahat və ixtisarlar narazılıqla müşahidə oluna bilər, hökumət bunun qarşısını almaq üçün də tədbirlər görməlidir: “Azərbaycanda da etirazlar ola bilər. Hər hansı şəxs ixtisar yolu ilə işdən çıxarılırsa, həmin insanda etiraz yarana bilər. Ancaq Azərbaycanda real vəziyyəti nəzərə alsaq, bu etirazların ciddi bir hərəkata çevriləcəyini və islahatlar prosesini əngəlləyəcəyini düşünmürəm. Digər tərəfdən, həmin işdən çıxarılan insanların özəl sektorda özünü reallaşdıra bilməsi üçün biznes mühitinin liberallaşdırılmasına ehtiyac var. Dövlətin vəzifəsi o deyil ki, şişirtmə yolu ilə iş yerləri yaratsın. Dövlətin funksiyası ondan ibarət olmalıdır ki, ölkədə normal biznes mühiti formalaşsın və real iqtisadiyyatda iş yerləri yaransın. Hökumət çalışmalıdır ki, işsizlər ordusu yaranmasın. Xüsusilə də yeni nəsil ali məktəblərə daxil olarkən düşünməsin ki, onu dövlət iş yeri ilə təmin etməlidir, mütləq dövlət sektorunda çalışmalıdır. Özəl sektorun da cəlbediciliyi artırılmalıdır. Əsas siyasət bu istiqamətdə köklənməlidir. 2014-cü ildən sonra baş verən hadisələr onu göstərdi ki, dövlət sektoru hesabına yüksəldilən sosial rifah dayanıqlı deyil. Bu il pensiya sistemi haqqında qanuna dəyişikliklər edildi və iyunun 1-dən qüvvəyə mindi. Növbəti illərdə bu dəyişikliklərin sosial təminat baxımından çox ciddi nəticələri hiss olunacaq. Ölkədə müəyyən bir təbəqə formalaşacaq ki, onlar, ümumiyyətlə, pensiya hüququndan istifadə edə bilməyəcəklər. Pensiya təminatı şərtləri əhəmiyyətli dərəcədə sərtləşdirildi. Növbəti ildə artıq bu yolla dövriyyəyə daxil olan vəsaitlərin həcmi azalacaq. Bu dəyişiklikləri şərtləndirən də dövlət gəlirlərinin azalması idi. Struktur islahatlarının əsas anlamı da dövlət xərclərini azaltmaqdır, nəinki digər məqsədlər”.

Nərgiz LİFTİYEVA
Tarix: 8-09-2017, 09:07
Xəbəri paylaş





Xəbər lenti