“Sürət Hüseynov kimi cinayətkar...” - sabiq baş prokuror sükutu pozdu

“Sürət Hüseynov kimi cinayətkar...” - sabiq baş prokuror sükutu pozdu “Ayaz Mütəllibov baş nazir təyin oluna bilər”

Milli Konqres Partiyasının sədri, sabiq baş prokuror İxtiyar Şirin uzun müddətdir siyasət aləmində görünmür. Onunla bunun səbəbləri və ölkə daxilində gündəmdə olan məsələlərlə bağlı söhbət etdik.

- İxtiyar bəy, siyasətdə adınıza rast gəlmirik. Sanki özünüz bu yolu seçmisiniz...



- Kənara çəkilməmişəm. Öz üzərimə düşən bütün vəzifələri sona qədər yerinə yetirməyə çalışan şəxslərdən biriyəm. Amma faktdır ki, son dövrlərdə siyasi məsələlərin müzakirəsində o qədər də yaxından iştirak etmirəm. Bunun da bir sıra səbəbləri var. İlk səbəb odur ki, səhhətimlə bağlı bəzi narahatçılıqlarım var idi. Bir ilə yaxındır ki, müalicə ilə məşğulam. İndi yavaş-yavaş yaxşılaşıram. Aktiv olmamağımın səbəblərindən biri də siyasətdəki passivlikdir. Amma düşünürəm ki, bu passivliyi aradan qaldırmağın vaxtı çatıb. İstənilən halda mövcud situasiyanın yaranmasında hamımızın günahları var.


- Durğunluğa səbəb düşərgənin liderliyi uğrunda mübarizə, siyasi qurumların fərdi şəkildə fəaliyyətləri, siyasi liderlər arasındakı ixtilaflar deyilmi?


- Təbii ki, qeyd etdikləriniz də səbəblərdən biridir. Amma əsas səbəb siyasi fəaliyyətlə məşğul olma vasitələrinin həddindən artıq məhdud olmasıdır. Burada məsuliyyətin hamısını siyasətçilərin üzərinə yükləmək olmaz. Düşünürəm ki, fəaliyyətsizliyi aradan qaldırmaq üçün həm iqtidar, həm də müxalif siyasətçilər bir-birilərinə qarşı münasibətlərdə dönüş yaratmalıdırlar. Azərbaycan müxalifətinin zəif olması təkcə bu düşərgənin zəif olması demək deyil, bu həm də hakimiyyətin zəif olması deməkdir. Belə vəziyyətdə hakimiyyəti idarə etmək nə qədər rahat olursa-olsun, son nəticədə bu iqtidarın zəif olmasına gətirib çıxarır. Belə bir rahatçılığın hakimiyyətə heç bir xeyri yoxdur. Obyektiv baxsaq bunu açıq şəkildə görərik.


- Müxalifətin bu duruma düşməsi vaxtı ilə bu düşərgədə təmsil olunmuş, bəzi vaxtlarda yüksək vəzifələr tutan kənar şəxsləri önə çıxarmırmı? Məsələn, son olaraq, eks-prezident Ayaz Mütəllibovun adı baş nazirlikdə hallandı. Bu təsadüfdürmü?

- Açığı düşünmürəm ki, müxalifətin zəifliyi o şəxslərin hansısa vəzifələri, konkret baş nazir postunu tutmalarına səbəb olacaq. Amma Ayaz Mütəllibovun şəxsiyyətinə toxunmadan onu demək istəyirəm ki, Azərbaycanda baş nazir vəzifəsi nominal bir vəzifəyə çevrilib. Bu baxımdan Ayaz müəllim bu vəzifəni tutsa belə, bunun nəyisə dəyişəcəyinə inanmıram.

- Bu adamların adlarının tez-tez hallanmasında Rusiya izi görünürmü? Xatırlayırsınızsa, bir müddət öncə də sabiq baş nazir Sürət Hüseynovun adı peyda olmuşdu...


“Mövcud situasiyanın yaranmasında hamımızın günahları var”


- Bu şəxslərin adlarının gündəmə çıxmasında hakimiyyətə qarşı verilə biləcək hər hansı bir mesaj görmürəm. Əgər hakimiyyət bu şəxslərdən birini yüksək posta çəksə belə, bu Rusiyanın razılığı ilə olacaq. Ölkə iqtidarının Rusiya ilə münasibətləri Ayaz Mütəllibovun Rusiya ilə münasibətlərindən nəinki azdır, əksinə dəfələrlə artıq əlaqələr var. Bu baxımdan Ayaz Mütəllibovun baş nazir təyin olunması belə Rusiyaya mesaj ola bilməz. Amma xoş məram kimi Ayaz Mütəllibov baş nazir təyin oluna da bilər, yəni “ruspərəst birini yüksək vəzifəyə təyin edirik”. Onu da deyim ki, Ayaz müəllim baş nazir olarsa, onun burada Rusiyanın mövqelərini müdafiə edəcəyinə inanmıram. Çünki Azərbaycan-Rusiya münasibətləri həddindən artıq yaxındır. Hakimiyyətin Rusiya ilə münasibətlərində Ayaz Mütəllibova heç bir ehtiyacı yoxdur.


- 13 aydan sonra ölkəmizdə prezident seçkiləri olacaq. Zaman yaxınlaşdıqca seçiminiz dəqiqləşəcəkmi? Sizi namizəd kimi görə bilərikmi? Müxalifət necə, uğur qazanma imkanları varmı?



- Namizədliyim barədə hələ ki düşünməmişəm. Ehtiyac var ki, müxalifət bir araya gəlib, xalq arasında ciddi nüfuzu olan bir şəxsi namizəd etsin. Seçkilərin demokratik keçirilməsi üçün də müxalifətin birliyi çox vacibdir. Belə bir birlik yaranmasa, hər kəs öz iddiasını irəli sürsə, seçkilərin müxalifət üçün hansısa bir nəticə verə biləcəyinə inanmıram.


- Prezident seçkiləri ərəfəsində daim ölkə müxalifətinin vahid namizəd problemi yaşadığını görürük. İndi də belə olmayacaqmı?


- Bunu indidən deyə bilmərəm. Çünki müxalif liderlərin fikirlərini dəqiq bilmirəm. Amma müxalifətin indiki durumunu nəzərə alıb, seçkilərə vahid namizədlə qatılmasını vacib hesab edirəm. Əgər olmasa, bu seçkilərin müxalifət üçün heç bir nəticəsi olmayacaq. Bu indidən aydın görünür.


- Vahid namizəd gözü ilə baxdınız şəxs varmı?


- Açığı bu barədə heç fikirləşməmişəm. Bunu hamı dərindən düşünüb, müzakirələr aparmalıdır. Mən namizəd olum, yaxud sən ol, düşüncəsi ilə belə ciddi məsələyə aydınlıq gətirmək olmaz.


- Son günlərdə Azərbaycanda əsas gündəmdə olan məsələlərdən biri də “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi oldu. Onun həbsi ətrafında gedən prosesləri izləyirsiniz?


- Mehman Əliyev ölkədə kifayət qədər tanınan şəxslərdən biridir. Ona münasibətim hər zaman yaxşı olub. Ümumiyyətlə, siyasətçi, siyasətlə məşğul olan hər hansı bir şəxs həmişə bütün fəaliyyətini diqqətlə izləməli, hər bir addımını ciddi götür-qoy edib atmalıdır. Çünki hakimiyyət uğrunda mübarizə heç bir yerdə iqtidarların xoşuna gəlmir. Xüsusilə, maliyyə ilə bağlı məsələlər siyasətçilərin sıradan çıxarılması üçün rəqibə çoxsaylı bəhanələr, şanslar verir. Bu baxımdan istər hakimiyyət, istər müxalifət, istərsə də mətbuatda təmsil olunan şəxs olsun, çalışmalıdır ki, qanun pozuntusu yaratmasın. Öz rəqiblərinə onu ilişdirmək üçün səbəb verməməlidir. Bu barədə Azərbaycanda bir az məsuliyyətsizlik var. Təbii ki, Mehman bəyin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır. Hər bir siyasətçiyə məsləhətim odur ki, özlərinin maliyyə məsələlərinə diqqət etsinlər, heç bir səhv buraxmasınlar.

Belə səhvə yol verən istənilən şəxs bilməlidir ki, hakimiyyətə sərf edən vaxt bundan istifadə etmək üçün ona şərait yaradır. Nəticədə həbs olunmasına, barəsində cinayət işinin açılmasına həmin şəxslərin özləri şərait yaradırlar. Hakimiyyət bildirir ki, Mehman bəyin həbsi maliyyə məsələləri ilə bağlıdır. Yaxınlarda hər şey aydınlaşacaq. Özümüz o şəraiti yaratmamalıyıq ki, barəmizdə də bu cür addımların atılması üçün bəhanə verək. Son dövrlərdə baxmayaraq ki, bir çox şəxslərin başına bu cür işlər gəldi, amma heç kim nəticə çıxarmadı. Hakimiyyətə yaxın qurumlara belə öz iqtisadi fəaliyyətlərinə diqqət etməyi tövsiyə edərdim. Dünyanın hər yerində belədir, kimsə yanlış etdi, dərhal əllərində olan kartları işə salırlar, bütün hakimiyyətlər belə edir. Bu məsələlər obyektiv dəyərləndirilməlidir. Əgər Mehman bəy hər hansı bir qanun pozuntusuna yol verməyibsə, onun həbsi çox qeyri-ciddi addımdır. Mən özüm də vaxtı ilə həbs olunmuşam. İndinin özündə də təqib olunuram. Gəncə hadisələri ilə bağlı 24 ildir barəmdə cinayət işi var. Təqib olunuram ki, guya mən Sürət Hüseynov kimi bir cinayətkar haqqında həbs qərarı vermişəm. Azərbaycan torpaqlarının işğal olunmasına səbəb olan bir şəxs üçün guya sanksiya vermişəm. Bu günə kimi bütün hüquqi imkanlardan istifadə etməyə çalışmışam. Bütün bunlardan çıxış edərək, diqqətli olmalıyıq. İstənilən bu cür tanınmış şəxsin həbsinə ehtiyac yox idi. Həbs olmadan da bu işləri aparmaq olardı. Mehman bəyin maliyyə ilə bağlı problemi olsaydı belə, həbsdə olmadan da bunu aradan qaldıra bilərdi.


Cavanşir ABBASLI
Tarix: 9-09-2017, 09:25
Xəbəri paylaş





Xəbər lenti