Artur Rəsizadə və nazirlərin səlahiyyətləri alınır: NÖVBƏTİ ADDIM
Bir müddət öncə dövlət başçısı Nazirlər Kabinetinin bir sıra səlahiyyətini ləğv etdi. Son olaraq isə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Nazirlər Kabinetinin tərkibindən çıxarıldı. Ekspertlər hesab edir ki, Nazirlər Kabineti ətrafında gedən proseslər bu qurumun ləğv olunmasına gətirib çıxaracaq. Bu gün faktiki olaraq Nazirlər Kabineti “poçt” funksiyasını yerinə yetirir. Hələ bir müddət öncə də qeyd olunurdu ki, hökumət ciddi islahatlara məhz Nazirlər Kabinetindən başlayacaq.
Çünki bu qurumun fəaliyyəti qənaətbəxş deyil. Ona görə də hesab olunurdu ki, ya bu qurum işlək vəziyyətə gətirilməli, ya da birdəfəlik ləğv olunmalıdır. Görünən odur ki, proseslər bu qurumun ləğvinə hesablanıb. Çünki artıq Nazirlər Kabinetinin funksiyasını yerinə yetirəcək vitse-prezidentlik institutu yaranıb. Qeyd edək ki, vitse-prezidentlik institutu son referendumun nəticələrinə uyğun olaraq təsis edilib.
Azərbaycan Xalq Cəbhəsi Partyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Nazirlər Kabineti ümumiyyətlə, ləğv olunmalıdır:
“Bu gün Nazirlər Kabinetinin demək olar ki, səlahiyyəti yoxdur. Bu qurum ümumiyyətlə, ləğv edilməlidir. Və nazirlərin əksəriyyəti dəyişmədikcə heç bir islahatdan söhbət gedə bilməz. Çıxış yolu radikal addımlardır. Nazirlər istefaya göndərilməli, kabinet ləğv edilməli, sistem yenidən qurulmalıdır. Bu gün vətəndaşı narazı salan, qıcıqlandıran amillərdən biri də məhz nazirlərin, məmurların fəalliyyətidir. Hər şey göz qabağındadır. Sərt addımların zamanı çatıb. Cəmiyyət birmənalı şəkildə gedişatdan, sistemdən narazıdır. Bu narazılığın qarşısını vətəndaşı razı salmaqla almaq mümkündür”.Ümid Partiyası sədrinin müavini Taleh Əliyev də hesab edir ki, proseslərin gedişatı Nazirlər Kabinetinin ləğvi ilə nəticələnəcək:
“Sonuncu referendumdan sonra Nazirlər Kabineti formal quruma çevrilib. NK ilə vitse-prezidentlik institutu bir-birini təkrarlayır. Nazirlər Kabinetinin səlahiyyətlərinin ard-arda alınması istiqamətində atılan addımlar da bu qurumun sıradan çıxarılmasına xidmət edən məsələdir. Hesab edirəm ki, növbəti referendum da ya Nazirlər Kabinetinin ləğv olunması, ya da vitse-prezidentlik institutunun tərkibinə verilməsilə bağlı olacaq. Çünki eyni funksiyaları yerinə yetirən iki qurumun fəaliyyəti Azərbaycan üçün effektli deyil. Baxmayaraq ki, keçid dövrü üçün bəzi siyasi qurumların fəaliyyəti vacib idi. Ancaq hakimiyyətdə artıq siyasi münasibətlər təmərküzləşdiyi üçün paralel strukturlara ehtiyac qalmayacaq. Hesab edirəm ki, Nazirlər Kabinetinin səlahiyyətlərinin alınması, sonda bu qurumun ləğvinə gətirib çıxara bilər”.
Vilayət Muxtar
Tarix: 10-09-2017, 21:58