Əliyevin dilemması - Qərb və Kreml iqtidarı təzyiq qazında boğur - AB yoxsa Aİ?

Əliyevin dilemması - Qərb və Kreml iqtidarı təzyiq qazında boğur - AB yoxsa Aİ? Qərb bizi xilas edəcək - məşhur Ostap Benderin sarkazmıdır. Bu möhtəşəm ifadədəki ironiya son 20 il üçün xüsusi olaraq aktuallığını daşıyır.

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, dünyaya demokratiya və insan haqları dərsi keçən Qərbin içüzü Yaxın Şərq və ərəb yarımadası siyasətində açıldıqca, öz dəyərlərinə tüpürməyə, tapdalamağa başladı. Artıq demokratiya Avropa və ABŞ-ın deqradasiyaya uğramış şüarıdır.

Ona görə də istərsə Suriyada Bəşər Əsəd ola, istərsə Venesuelada Maduro, istərsə də Qəddafi ola, hər biri ABŞ-ı iküzlülükdə, riyakarlıqda ittiham ediblər. Qərbin bir sifəti Sarkozi, bir üzü Buş, bir tərəfi Merkeldirsə, mənzərə aydın olur.
O baxımdan öz neoimperalist siyasətini gerçəkləşdirən Qərbin maraqları demokratiyanı arxa plana keçirdi. Elə istərsə Ukrayna, istərsə Cənubi Qafqaz siyasətində də Vaşinqton və Avropa dövlətləri, beynəlxalq təşkilatlar riyakardırlar.
Azərbaycanda hər seçkidən-seçkiyə “demokratiyaya doğru daha bir addım”, 2-3 siyasətçi azad ediləndən ABŞ Dövlət Departamentindən “alqışlayırıq”, “bizim üçün prioritet enerji və təhlükəsizlik, terrorla mübarizə, sonra demokratiya və insan haqlarıdır” tezisləri məhz son illərdə qulaqlarımızı “mazol” edib.
Nədir bu riyakarlıq? Hansısa siyasi fəal həbs ediləndə “narahatıq” bəyanatı ilə azad olunanda “alqışlayırıq” reaksiyası arasındakı bu müddətdə belə-belə ölkədə siyasi və söz azadlıqları tamamilə buxovlandı.

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, növbəti seçki ərəfəsində yenidən Qərb nəşrlərinin və ABŞ mediasının cuşa gəlməsi, Azərbaycan rəsmilərinə sanksiyalar tətbiq olunması barədə Senatda sənədin hazırlanması mövsümi siyasi xarakter daşıyır.
Qərb Kremlin caynaqlarından Azərbaycan iqtidarını qoparmaq üçün öz həmlə siyasətini yürütməkdədir.
İqtidarın içindəki ruspərəstlərin də Avropanı ayağa qaldırmaqda məqsədi şantaj etməkdən başqa heç nə deyil.
Bununla belə, prezident İlham Əliyev dilemma qarşısında qala bilər: Avroatlantik məkana inteqrasiya yoxsa Avrasiya İttifaqına üzvlük?
Rusiyadan gələn təzyiqlərin yenicə səngidiyi bir zamanda Qərbdən sanksiyalar barədə sənədin hazırlanması rəsmi Bakının ikitərəfli sıxışdırılmasıdır. Bu, indi hakimiyyətin təzyiq qazından boğulmasıdır.
Əliyev seçim etməlidir: sanksiyaların tətbiqini qabaqlamaq yoxsa ABŞ-a arxa çevirib tamamilə Rusiyanın yanında olmaq?! Əlbəttə, hər iki seçimdən biri digərinin amansız hücumu ilə nəticələnə bilər.
Rəsmi Bakı anlayır ki, Avropanı qaz və neftlə artıq şirnikləndirmək dövrü geridə qalıb. Müasir dünya siyasətində strateji tərəfdaş və mütəffiq seçimi daha prioritetdir.
O nöqteyi-nəzərdən Azərbaycan hakimiyyəti strateji siyasətdə Qərbdən üz çevirsə, Maydan inqilabının Azadlıq meydanında təşkili istisna deyil.
ABŞ-a yaxınlaşma isə Kremlin tanklarını Xudatın burnunun ucuna yaxınlaşdırması deməkdir. Azərbaycan hökuməti indiki qədər mürəkkəb seçim qarşısında olmamışdı. Artıq balanslaşdırılmış xarici siyasət fiaskoya uğramaqdadır.

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Beynəlxalq miqyasda az-çox tanınan 3-5 azərbaycanlı jurnalist varsa, onlardan biri Mehman Əliyevdir.
Onun həbsi çox böyük yanlışlıq idi. Bunu iqtidaryönlü deputatlar da dolayısı ilə açıqlayırdılar. Dövlətə də, siyasi iqtidara da zərər verən bir hərəkat oldu. Bu halda Qərblə münasibətlərdə yeni problemin yaranması gün kimi aydın idi.
Hətta Azərbaycanla Avropa Birliyi arasında müzakirəsi gedən strateji tərəfdaşlıq müqaviləsinin imzalanması da təhlükə altına düşə bilər.
Bəlkə də Mehman bəyin həbsini planlayanlar da elə bunu istəyirdi. Konkretləşdirsək, belə demək olarsa, M.Əliyevin həbsinə nail olanlar Rusiyanın siyasi projesini gerçəkləşdirdilər.
Onlar Qərblə Bakının arasını vurdular, Əliyevlə ABŞ əlaqələrində gərginliyə səbəb oldular, AB-la imzalanacaq müqaviləni arxivə göndərdilər.
Hakimiyyət isə ümid edir ki, ənənəvi olaraq seçkiyə qədər tərəflərlə münasibətlər yoluna qoyulacaq, gərginlik bitəcək, Azərbaycan heç bir strateji seçim etmək məcburiyyətində qalmayacaq.
Bir məqam da var - rəsmi Bakı anti-Moskva ritorikasının mətbuatda güclənməsinə qarşı getməkdədir. Açığı desək, hakimiyyət Putin iqtidarını qıcıqlandırmaq istəmir.

Çünki rusiyalı prezidentə Azərbaycan mətbuatında hansı yazıların və reportajların getdiyi barədə xülasə məruzə edilir. Oxşar siyasət Türkiyədə də var.
Lakin Azərbaycan KİV-də Qərb və ABŞ gecə-gündüz tənqid olunur, “topa tutulur”, hədələnir belə...
Bu siyasətin yekunda hansı fayda verəcəyini söyləmək çətindir. Əksinə, Qərb damla-damla yığır və bir gün zəhərini üstümüzə tökə bilər.
Üstəlik, Azərbaycan KİV-də ABŞ-a meydan oxumaq uğursuz taktikadır. Hətta deputat Qüdrət Həsənquliyev də siyasi məhbusları azad etməyə çağırır ki, gərginlik azalsın.

Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra B.Obama Administrasiyasının iki ölkə arasında yaratdığı fəsadların aradan qalxacağına böyük ümid yaranmışdı.
Bir çox ekspertlər cənab Trampın prezidentliyinin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsini ikitərəfli münasibətlərdə yeni səhifəsi kimi şərh etmişdilər. Amma sən saydığını say, gör Putin administrasiyası nə sayır…
AnaXeber.Az
Turan
Tarix: 11-09-2017, 09:26
Xəbəri paylaş





Xəbər lenti