Məmurlar məcburi köçkünləri hökumətlə qarşıdurma həddinə çatdırıb - Bəyanat

Məmurlar məcburi köçkünləri hökumətlə qarşıdurma həddinə çatdırıb - Bəyanat
Nazirlər Kabineti 01 yanvar 2017-ci il tarixdən bu günədək maaş almayan minlərlə təhsil, səhiyyə və mədəniyyət işçisinin problemini həll etmək istəmir

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş və işlə təmin edilməmiş məcburi köçkünlər bəyanatla çıxış ediblər. Buna səbəb Nazirlər Kabinetinin minlərlə (6951 şəxs) məcburi köçkünün probleminə biganə yanaşması, onların müraciətlərinə konkret cavab verilməməsi və 2017-ci ilin 01 yanvar tarixindən bu günədək vaxtilə aldıqlar minimal məvaciblərini (dondurulmuş əməkhaqlarını) ala bilməmələridir.


Qeyd edək ki, təxminən bir neçə ay bundan əvvəl yüzlərlə təhsil və səhiyyə işçisinin imzası ilə müvafiq qurumlara müraciət edilsə də, problem həllini tapmayıb. Bu səbəbdən də yüzdən çox şəxsin imzası ilə bəyanat qəbul olunub.

Elektron poçtumuza da göndərilən bəyanatda qeyd edilir ki, işlə təmin edilməmiş məcburi köçkünlərin 06.09.2017-ci il tarixli toplantısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddətinin uzadılmaması ilə əlaqədar problemi müzakirə edərək aşağıdakıları bəyan edirlər:

1. Nazirlər Kabinetinin "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddətinin uzadılması barədə hər il verdiyi qərarların hər birində müvafiq nazirliklərə “tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi” ayrıca maddə ilə tapşırılsa da, bu tapşırıq hər il kağız üzərində qalmış, bu istiqamətdə heç bir addım atılmamışdır.

Belə ki, 1994-cü ildən sonra hər il minlərlə təhsil, səhiyyə və mədəniyyət işçisi işlə təmin edidiyi halda, bunların arasında iş yerini itirmiş və işlə təmin edilməmiş məcburi köçkünlər, demək olar ki, olmayıb. Yəni, hökumətin müvafiq qərarlarının tələbi tabeliyində olan Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri tərəfindən, birmənalı olaraq, yerinə yetirilməyib”.

Bəyanat müəllifləri hesab edirlər ki, əgər müvafiq nazirliklər Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbini yerinə yetirsəydilər, ötən 23 ildə işlə təmin edilərdilər və Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddətinin ilbəil uzadılmasına ehtiyac qalmazdı.

Bəyanatda daha sonra qeyd edilir:

“2. Hazırda bizim yeganə gəlir mənbəyimiz "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin tələbinə uyğun olaraq, 1994-cü ilin may ayından indiyədək bizə dövlət tərəfindən ödənilən dondurulmuş iş yeri üzrə orta aylıq əmək haqqıdır, heç bir yerdə işləmirik və pensiya yaşına da çatmamışıq.

3.1. Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinin III bəndində deyilir ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.

3.2. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin I bəndində deyilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Həmin maddənin III bəndində isə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

3.3. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin I bəndində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

3.4. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I bəndində deyilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

3.5. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin II bəndində deyilir ki, hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Açıq və təkzib edilməsi mümkün olmayan faktdır ki, Azərbaycan daha üstün resurslara malik olduğu halda, müvafiq dövlət orqanlarının, yaxud onun vəzifəli şəxslərinin yarıtmaz fəaliyyəti və ya hərəkətsizliyi nəticəsində biz qarabağlıların daimi yaşayış yeri olan rayonlar, həmin rayonlardakı əmlakımız və iş yerlərimiz işğal altına düşüb və Konstitusiyanın göstərilən müddəalarının tələblərinə əsasən bizə dəyən ziyan dövlət tərəfindən ödənməlidir: ən azından ya ixtisasımıza uyğun işlə təmin edilməli, ya da dövlət bizə işə bərabər pul təminatı ödəməlidir.

Lakin Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı qərarının 2-ci bəndinin müddətinin 2018-ci ilin yanvarınadək uzadılmasına aid qərarın indiyədək verilməməsi göstərir ki, hökumət müvafiq dövlət orqanlarının yarıtmaz fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş və işlə təmin edilməmiş məcburi köçkünlərə vurulmuş zərəri ödəmək öhdəliyini yerinə yetirmək istəmir”.

Bəyanatda qeyd edilir ki, Nazirlər Kabinetinin müvafiq qərarının verilməsi üçün göstərilən əsasların (işlədikləri müəssisələrin işğal altında qalması, iş yerinin məcburi olaraq itirilməsi, işlə təmin edilmə problemi və xüsusi qərarla müəyyən edilmiş pensiya yaşına çatma həddi) heç biri aradan qaldırılmayıb və belə durumda hökumət həmin qərarın tələblərindən imtina edə bilməz:

“Hesab edirik ki, hökumətin bizi işlə təmin etmədən NK-nin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci bəndinin tələbinin icrasını qeyri-rəsmi şəkildə dayandırması yuxarıda göstərilən Konstitusiya müddəaları ilə ziddiyyət təşkil edir.

Haşiyə çıxaraq bir nüansı da bəyanata əlavə edirik: Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev cənub bölgəsində keçirdiyi müşavirədə 1 milyon 600 mindən çox iş yerinin açıldığını rəsmi olaraq bəyan etdi. Üzümüzü hökumətə tutub soruşmaq istəyirik: O iş yerlərindən neçəsi təhsil, səhiyyə və mədniyyət sahasinə aiddir və necə olur ki, 1.600.000 yeni iş yeri açıldığı halda, cəmi sayı 6951 nəfər olan büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş və işlə təmin edilməmiş məcburi köçkünlərdən, bircə nəfər də olsun, işlə təmin edilmir?..

4. Bəyan edirik ki, biz – məcburi köçkünlər – hökumət səviyyəsində ayrı-seçkiliyə məruz qalmışıq və hesab edirik ki, hakimiyyətin əsasını təşkil edən böyük əksəriyyət fəaliyyətlərində bölgəçilik prinsiplərinə üstünlük verir və məhz onların mənsub olduğu bölgələrdən olsaydıq, bu diskriminasiyaya məruz qalmazdıq. Açıq tekstlə belə ifadə edirik ki, bu diskriminasiya qarabağlılara qarşı tətbiq edilən və fərqində olduğumuz “yumşaq genosid” siyasətinin bir hissəsidir və hesab edirik ki, məhz qarabağlı olduğumuza görə hökumətin bəzi təmsilçiləri bizi səfil duruma salmaqda israrlıdır...

5. Ümumdünya insan hüquqları bəyannaməsinin 23-cü maddəsinin 4-cü bəndində deyilir ki, hər bir insan, öz mənafelərini müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir”.


Bəyanat müəllifləri sonda qeyd ediblər ki, Azərbaycan hökuməti tərəfindən pozulmuş hüquq və mənafelərini müdafiə etmək məqsədilə müstəqil həmkarlar təşkilatı təsis edirlər, pozulmuş hüquq və mənafelərini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycanın qoşulduğu beynəlxalq aktların verdiyi hüquq və azadlıqlar daxilində sonadək müdafiə edəcəklər.

Reyting.az
Tarix: 11-09-2017, 17:50
Xəbəri paylaş





Xəbər lenti