"Azərbaycan-Türkiyə hərbi ittifaqının yaradılmasının vaxtı çatıb"

"Azərbaycan-Türkiyə hərbi ittifaqının yaradılmasının vaxtı çatıb" Sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından böyük gözləntilər var
"Əgər Türkiyə ilə Azərbaycan arasında birgə hərbi komandanlıq yaransa, Rusiyanın buna etiraz edəcəyinə inanmıram". Bu barədə Sputnik Azərbaycan-a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu açıqlama verib.

"Azərbaycan-Türkiyə hərbi ittifaqının yaradılmasının vaxtı çatıb"
Sabah paytaxt Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasını dəyərləndirən politoloq, iki ölkə arasında birgə hərbi komandanlığın yaradılması məsələsinin gündəmə gətirilməsinin zəruri olduğunu bildirib: "Rusiyanın özünün Ermənistanla bu cür əməkdaşlığı var. Ona görə də sabahki iclasda Azərbaycanla Türkiyə arasında birgə hərbi komandanlığın yaradılması məsələsinin gündəmə gətirilməsi zəruridir".

"Nəzərə alaq ki, Moskva ilə Ankara arasında əlaqələr hazırda çox yaxşıdır. Həm də ruslar çox yaxşı bilirlər ki, Türkiyədən onlara zərər gəlməz" — Şahinoğlu vurğulayıb.

Onun qənaətincə, Azərbaycanla Türkiyə arasında vahid hərbi komandanlıq həm də ona görə vacibdir ki, iki ölkə strateji müttəfiqdir: "Hərbi-siyasi-iqtisadi münasibətləri genişləndirirlər, həmçinin böyük layihələr reallaşdırırlar. Hər iki ölkə qarşılıqlı olaraq milyardlarla dollar sərmayə yatırıb. Bu sərmayələrin qorunması baxımından da hərbi əməkdaşlığın daha üst səviyyəyə qaldırılmasına ehtiyac var".

"Çünki Dağlıq Qarabağ münaqişəsi, təəssüf ki, həll olunmur. Və Rusiyanın Ermənistana hərbi dəstəyi hər keçən gün artır. Naxçıvana müəyyən təhlükələr var. Biz bu təhlükələrdən özümüzü siğortalamaq üçün Türkiyə ilə birgə hərbi komandanlığın yaradılmasına çalışmalıyıq. Mən dəfələrlə bir çox yerdə fikir bildirmişəm ki, Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır" — politoloq vurğulayıb.

O, bu hərbi bazaların Rusiya və İrana qarşı olmayacağını, işğalçı Ermənistana mesaj xarakteri daşıyacağını əlavə edi: "Rəsmi İrəvan anlayacaq ki, əgər Azərbaycan torpaqlarına təcavüzü davam etdirsə, qarşısında Türkiyə-Azərbaycan hərbi ittifaqını görəcək".
"Azərbaycan-Türkiyə hərbi ittifaqının yaradılmasının vaxtı çatıb"

Mövzunu Sputnik Azərbaycan-a politoloq Fikrət Sadıxov da dəyərləndirib. "Regiondakı geosiyasi mühit vahid hərbi komandanlıq məsələsinin gündəmə gətirilməsinə əsas ola bilər" deyən Sadıxov, sabahkı iclasda hər iki dövlətin maraqlarına cavab verən əhəmiyyətli qərarlar çıxacağını gözlədiyini bildirib.

"Bu, ilk belə iclas deyil. Bundan əvvəl də bu cür yığıncaqlar keçirilib və kifayət qədər vacib sənədlər imzalanıb. Şübhə etmirəm ki, bu dəfə də hər iki dövlətin maraqlarına cavab verən əhəmiyyətli qərarlar veriləcək. O ki qaldı birgə hərbi komandanlığın yaradımasına, bu məsələnin də gündəmə gəlməsi istisna deyil. Çünki regiondakı geosiyasi mühit bu məsələnin gündəmə gətirilməsinə əsas ola bilər" — politoloq deyib.

"Rusiyanın reaksiyasına gəlincə, rəsmi Bakı artıq çoxdan başqalarının reaksiyasına fikir vermir. Biz müharibə şəraitində yaşayırıq, torpaqlarımız ermənilərin işğalı altındadır. Hər hansı ölkə ilə hərbi alyans yaratmaq Azərbaycanın suveren hüququdur. Heç kəsin də buna aidiyyatı yoxdur" — Fikrət Sadıxov əlavə edib.

Qeyd edək ki, sentyabrın 12-də paytaxt Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək. Zirvədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, yığıncaqda ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafı prespektivləri müzakirə olunacaq.

Türkiyə prezidentinin Bakıda bir sıra rəsmi görüşlər keçirəcəyi də bildirilir.


Tarix: 12-09-2017, 07:27
Xəbəri paylaş





Xəbər lenti