Saakaşvili və Mehman Əliyev həmləsi:
ABŞ Rusiyanın bufer zonalarına eyni vaxtda həmlələr etdi: Ukraynaya Saakaşvilinin girişi, Lapşinin əfvi və Mehman Əliyevin azad edilməsi bir vaxta təsadüf elədi.
Analitiklərin fikrincə, Vaşinqton bir həftə içində postsovet ölkələrində Kremlə “əzələ nümayiş” etdirdi.
Moskvanın sıxma-boğmaya saldığı Ukrayna və Azərbaycanda Qərbin dominantlığı məhz siyasi həbslərin müstəvisində öz əksini tapdı.
Rusiya agenturasının diktəsi ilə həbs edilən Mehman Əliyevi buraxmağa məcbur elədilər, Mişanı isə Ukrayna ərazisinə girməyə məcbur etdilər. Anaxeber.Az-ın Siyasət Şöbəsi yazır ki, 11 sentyabr dünənə kimi Nyu-Yorkda dəhşətli terrorun və Bin Ladenin günü kimi xarakterizə olunurdusa, artıq bu dəfə yada düşmədi.
Lapşin, M.Əliyev və Saakaşvili bu teraktı xatırlamağa belə macal vermədilər. Amma Azərbaycan hakimiyyəti üçün asan olmadı - Qərb, İsrail, Rusiya və İranı razı salmaq. Bir gün ərzində edilən gedişlər olduqca mürəkkəb idi və soyuq başla təhlilinə ehtiyac varıydı.
2050-ci ilə qədər enerji daşıyıcıları müqaviləsinin vaxtının uzadılması da öz yerində qeyd olunmalıdır. Bu müqavilə Əliyev iqtidarının Qərblə bir müddət toqquşmaması üçün bir saziş oldu.
Sadəcə, qısa müddətdən sonra yeni həbs ola bilər, özü də bu dəfə daha iri simanın həbsi istisna edilmir. Bu, siyasi bazarlıq siyasətidir.
Tərəflər bir-birinin dilini çoxdan başa düşürlər. Siyasətçilər və fəallar isə bu geopolitik və strateji oyunların qurbanlarına çevrilirlər, özləri də bilmədən. Necə ki, M.Əliyev həm klandaxili, həm də geosiyasi oyunların passiv iştirakçısına çevrilmişdi.
Azərbaycan və ətrafında baş verənlər “rus ruleti” oyununu xatırladır. Neft müqaviləsiniin vaxtı uzadılır, müdafiə naziri Zakir Həsənov İsrailə gedir, klandaxili savaşın girovları azad edilir, "birmənalı Rusiyaya yıxılacağıq" bəyanatı sabun köpüyü kimi partlayır.
Bu, 2018-ə bir hazırlıq gedişidir. Strategiya bəlli - Paşayevlər dominant və avanqarda çevrilir, hakim komanda refreş olunur, Naxçıvan klanı və ruspərəst qüvvələr sistemdən kənarlaşdırılır, Qərbmeyilli siyasi kurs götürülür və 2018-ci ildə Moskvadan qopma siyasəti güclənir. Bütün bunlar isə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə baş verəcək.
Beynəlxalq dairələr də, Qərb, İsrail və ABŞ da, eləcə Kreml də Əliyevin 7 illik prezidentliyini razılaşdırırlar. Artıq Mehriban Əliyevanın namizədliyi zərurəti projedən çıxarılır. Sadəcə, komanda Paşayevlərdən təşəkkül tapacaq. Əslində, bu haqda əvvəlki yazılarda qeyd eləmişik - İ.Əliyev islahatçı qruplaşmanın çiyinlərində növbəti dəfə prezidentliyə gedəcək...
Enerji layihələri ilə zəngin olan Xəzər hövzəsi amerikalı ideoloqların qənaətinə görə, Rusiya və İran üçün bağlı olmalıdır. Amerikanın Xəzər hövzəsində NATO bazasını yerləşdirmək cəhdləri Vaşinqtonu daha fəal gedişlər etməyə sövq edir.
Bu baxımdan, ABŞ hərbi bazalarının Xəzərə qısa bir zamanda buraxılması tələb olunan məsələlərdən ola bilər. Bu məsələdə Bakının tutacağı mövqe Vaşinqton-Moskva savaşının qalibini müəyyən edə bilər.
Rəsmi Bakı supergüclərin qarşıdurmasından faydalanmaq niyyətindədir və istəmir ki, gələcəyi ayrı bir ölkədən asılı olsun. Son günlər Qərb mətbuatında Azərbaycanla bağlı dərc olunan tənqidlər Azərbaycana təzyiq kimi dəyərləndirilə bilər.
Anaxeber.Az-ın Siyasət Şöbəsi yazır ki, Qərb Bakıya həm İran məsələsində NATO ilə əməkdaşlıq, həm də Rusiya məsələsində birmənalı qərbpərəst mövqe tələb edir.
M.Əliyevin azad edilməsi də, Lapşinin əfvi də məhz Qərbin diktəsi ilə reallaşdı. Qazaxıstan səfərindən dönər-dönməz verilən bu qərarlar göstərdi ki, hakimiyyət Moskva-Vaşinqton arasında qalmışdı.
Və təzyiqlər hansı tərəfdən gücləndikcə rəsmi Bakı digərindən müvəqqəti imtina etməli olur.
ABŞ mətbuatının son tənqidi yazıları Azərbaycana birmənalı Qərbyönlü diplomatiyaya üstünlük verməsinə çağırış kimi də dəyərləndirilə bilər.
Sanki rəsmi Bakıya belə bir mesaj verilir ki, əks təqdirdə, daha müdhiş məlumatlar ictimaiyyətin müzakirəsinə verilə bilər və müzakirələr zamanı ABŞ əsas katalizator rolunu oynaya bilər. Nümunə kimi Yaxın Şərqdəki proseslər göstərilir.
Elə buna görə də dərhal tələblər yerinə yetirildi. Əks halda həmin tənqidi materialların davamı gələcəkdi, sanksiyalar reallaşa bilərdi.
Hakimiyyət məsələni dərinləşdirmək istəmədi. Halbuki, iqtidar ABŞ-dan bu mövqeni gözləmirdi. Çünki Tramp ölkələrin daxili işlərinə qarışmayacağını bəyan etmişdi. Hakimiyyət mediası toy-bayram edərək bu bəyanatı xüsusi vurğulayırdılar ki. Obama kimi Tramp dövlətlərin daxili siyasətinə müdaxilə etməyəcək.
Ancaq ABŞ Konqresi Trampla kəllə-kəlləyə gəldi və xarici siyasətə ayrılan maliyyə artırıldı. Az keçmədi ki, Qərbdən tənqidlər eşidildi.
Trampın vədi iqtidar qəzetlərində sabun köpüyü oldu. Artıq Azərbaycan hakimiyyəti yeni strategiya ilə getməlidir.
2018 seçkilərindən sonra hökumətin xarici və daxili siyasətində açılım olmasa, ağır fəsadlar verəcəyi istisna edilmir. Görünür ki, seçkidə qalib klanın yürüdəcəyi siyasət də çox şey deyəcək...
Tarix: 12-09-2017, 08:59