“Maqnitski qanunu” – sənəd nəyi əhatə edir, kimlərə təhlükədir?

“Maqnitski qanunu” – sənəd nəyi əhatə edir, kimlərə təhlükədir? Son günlər Azərbaycanın gündəmində ən çox müzakirə olunan məsələlərdən biri də ABŞ Konqresinin qəbul elədiyi “Maqnitski qanunu”nun Azərbaycana qarşı tətbiq olunma ehtimalıdır. Deputatların, dövlət rəsmilərinin tez-tez müzakirə etdiyi bu məsələ ilk növbədə ictimai rəydə də narahatlıq doğurur.

Bəs nədir bu akt? “Yeni Müsavat” Rusiyanın kabusuna çevrilən bu sənədlə bağlı bilinməyən detalları açır.

2016-cı il dekabrın 9-da ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (“Global Magnitsky Human Rights Accountability Act”) qəbul edib. Yeni qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsini qloballaşdırır. Başqa sözlə, 2012-ci il tarixli qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilərdisə, dekabrın 9-da qəbul edilmiş qanun onun təsir dairəsini potensial olaraq hər bir ölkəyə yayır. Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir. Qanun habelə kimlərə sanksiyalar qoyulması barədə qərar qəbul edərkən prezidenti QHT-lərin rəylərini nəzərə almağa yönəldir. Bu halda prezident sanksiyalarla hədəflənmiş fərdlərin adlarını açıqlamağa borcludur.

ABŞ-da mənzillənmiş “Freedom House” təşkilatı bu qanunun qəbulu ilə bağlı bəyanat verib. Təşkilatın prezident əvəzi Daniel Calingaert deyib ki, Birləşmiş Ştatların tarixində ilk dəfə olaraq insan haqları cinayətləri törədənlərdən haqq-hesab çəkən və gələcəkdə bu cür cinayətlərin törədilməsinin qarşısını ala biləcək qanunvericilik aktı qəbul edilib.

“Freedom House” Konqresi bu aktın qəbulu münasibətilə təbrik edib və prezidenti bu qanununu tez bir zamanda təsdiqləməyə çağırıb. Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununun həmtəşəbbüsçüləri olaraq senatorlar Con Makkeyn və Ben Kardinin, habelə konqresmen Kristofer Smitin adları çəkilir. Akta görə, Dövlət Departamentinə sanksiyalara məruz qalacaq xarici şəxslərlə bağlı təklifi dövlət katibinin Demokratiya, İnsan haqları və Əmək üzrə müavini təqdim edə bilər.

ABŞ prezidenti Konqres rəhbəri və müvafiq komitələrin yüksək çinli şəxsləri tərəfindən adları aldıqdan sonra həmin şəxslərin bu tipli işlərə cəlb olunub-olunmadığını araşdırmalı və sanksiya tətbiq edib-etməyəcəyi barədə qərarını siyahını təqdim edən tərəfə bildirməlidir.

ABŞ Senatı “Sergey Maqnitski aktı”nın Rusiya ilə yanaşı, digər ölkələrə də təsirini nəzərdə tutan qanun layihəsi qəbul edib. Bu barədə məlumat xarici işlər komitəsinin üzvü, təşəbbüsün müəllifi Ben Kardinin ofisindən verilib. Senatın dəstəklədiyi sənəd ABŞ prezidentinə korrupsiyada, məhkəmə hökmü olmadan edam həyata keçirməkdə, işgəncə verməkdə, hüquq müdafiəçilərinə və məmurların qanunsuz əməllərini ifşa edənlərə qarşı qanun pozuntularında günahkar olan şəxslərin siyahısını yeniləməyə və dərc etdirməyə səlahiyyət verir. Siyahıya düşən şəxslərə ABŞ vizası verilmir, bu şəxslər ABŞ ərazisində mülkə sahib ola bilməz, banklardakı hesabları isə dondurulacaq.
“Maqnitski aktı”nın hazırlanmasına səbəb 2009-cu ilin noyabr ayında Moskvada “BOZDUR” investisiya fondu və “Hermitage Capital Management”lə əməkdaşlıq etmiş və təşkilatdan vergi ödənişindən boyun qaçırmaqla yüzlərlə milyon rubl mənimsədiyi deyilən auditor Sergey Maqnitskinin ölümüdür. Auditorun ölümü Qərbdə də ictimai rezonans doğurub. Ardınca Amerika senatoru Bencamin Kardin “Maqnitski siyahısı”sını tətbiq edərək Rusiya məmurlarının adını bura daxil edib.

Xatırladaq ki, bir müddət öncə həmin qanunun müəlliflərindən biri olan ABŞ Helsinki Komissiyasının rəhbəri Kristofer Smit “Qlobal Maqnitski Aktı” qəbul ediləcəyi təqdirdə onun Azərbaycana tətbiqi məsələsini qaldıracaqlarını demişdi. Hələ 2014-cü ildə “Freedom House” təşkilatının rəhbəri Devid Kramer Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqinə çağırıb. Azərbaycanda 100-dən artıq siyasi məhbusun olduğunu iddia edən Kramer təklif edib ki, Rusiyaya qarşı qüvvədə olan “Maqnitski aktı” Azərbaycana da tətbiq edilməlidir.

“Qlobal Maqnitski” adlı məlum qanunun müəllifi amerikalı konqresmen olub. Bu qanun layihəsi ötən ilin sonlarında digər nüfuzlu konqresmen Kristofer Smit tərəfindən irəli sürülüb. Xatırladaq ki, “Azərbaycan Demokratiya Aktı” layihəsi insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. “Qlobal Maqnitski” qanunu isə bütün dünyada korrupsionerlərə və insan hüquqlarına pozanlara qarşı sanksiyaları, onların ABŞ-dakı mülkiyyətlərinin həbsini nəzərdə tutur.

Sevinc TELMANQIZI
Tarix: 13-09-2017, 08:40
Xəbəri paylaş





Xəbər lenti