Deputat Vahid Əhmədov Mehman Əliyevin azad olunmasına görə prezidentə təşəkkür etdi
“Mən o vaxt da demişdim, Mehman Əliyev kifayət qədər tanınmış bir jurnalistdir. Azərbaycanın müstəqilliyinin ilk illərində “Turan” İnformasiya Agentliyini yaradıb və bu agentlik normal fəaliyyət göstərirdi. Amma indi Vergilər Nazirliyinin xətti ilə guya yoxlamalarda müəyyən çatışmazlıqlarla əlaqədar Mehman Əliyev həbs olunmuşdu. Ancaq bu məsələ ilə bağlı müraciətlər həddən artıq çox oldu. Nüfuzlu ictimai xadimlər, deputatlarımız da müraciət imzaladılar. Mən də cənab prezidentə bununla əlaqədar müraciət etdim. Yaxşı oldu ki, cənab prezident çox müsbət reaksiya verdi və Mehman Əliyev azadlığa buraxıldı. Mən buna görə cənab prezidentə təşəkkür edirəm”. Milli Məclisin deputatı Vahid Əhmədov bu fikirləri “
Yeni Müsavat”a açıqlamasında bildirdi. V.Əhmədov dedi ki, blogger Lapşinlə əlaqədar dövlət başçısının əfv qərarı verməsi də siyasi baxımdan çox önəmli addım oldu: “Bu, Azərbaycan-Rusiya münasibətlərinə təsir edən bir amil idi. Həmçinin Nardaran hadisələri ilə əlaqədar 14 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edildi. Yəni cənab prezident belə bir humanist addım ataraq faktiki olaraq barışıq mövqeyi nümayiş etdirdi. Yəni bu addımların çox böyük əhəmiyyəti var”.
Deputat qeyd etdi ki, ölkə rəhbəri xüsusilə M.Əliyevə bir jurnalist kimi böyük hörmətinin olduğunu göstərdi və “Turan”ın direktoru ailəsinə qovuşdu: “Mən azadlığa çıxması ilə əlaqədar olaraq Mehman Əliyevi təbrik edirəm. ”
V.Əhmədov bildirdi ki, M.Əliyevin azadlığı ilə bağlı müraciət edənlər cəmiyyətin tarazlığını qorumaq istəyən, cəmiyyətdə sabitliyin mövcudluğunda maraqlı olan, ölkədə kifayət qədər nüfuzu olan insanlar idi: “Bunun da çox böyük əhəmiyyəti oldu. Azərbaycanda belə bir addımın atılması, cənab prezident tərəfindən adları çəkilən şəxslərin azad edilməsi əlbəttə, çox müsbət addımdır. Mən belə hesab edirəm ki, bu, gələcəkdə cəmiyyətin daha da taraz fəaliyyət göstərməsinə, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, kənar qüvvələrin ölkəmizə müdaxiləsinin qarşısını almağa təsir edən çox böyük amillərdəndir. Bu, bir daha onu sübut etdi ki, biz bütün problemlərimizi daxildə həll edə bilərik. Yəni son hadisələr bir daha bunu göstərdi ki, nə qədər çətin, ağır olsa da, yaxşı olar ki, öz problemlərimizi özümüz həll edək, bu, bizim üçün çox vacibdir. Mehman Əliyevin azad olunması göstərdi ki, məsələləri daxildə həll etmək mümkündür, nəinki xaricdən kiminsə müdaxiləsi ilə. Bu da faktdır ki, Azərbaycanın dövlət başçısı müstəqil siyasət aparır, xaricdən olan təzyiqlərə diqqət verən deyil və daxildəki prosesləri dərindən izləyir”.
Deputat ölkə prezidentinin 10 fevral 2017-ci ildə imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamı da xatırlatdı: “Bu sərəncam çox mühüm əhəmiyyət kəsb edir. Çünki orada əsas məsələ alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsidir və bu, sərəncamda öz əksini tapıb. Onunla əlaqədar Milli Məclisə bir sıra sənədlər də göndərilib və baxılacaq. Yəni bu, çox böyük əhəmiyyətə malik məsələdir. Daha çox humanist tədbirlərə üstünlük verilir. Cəza çəkən insanlar daha çox ziyanlı deyillərsə, onların azadlığa buraxılması, onlarla bağlı humanist addımların atılması təqdirolunandır. 2018-ci il prezident seçkiləri ərəfəsində bu kimi humanist addımların davam etdirilməsi seçkilərin daha yaxşı ab-havada keçirilməsi baxımından əhəmiyyətli olar”.
Milli Məclisin deputatı bir məqama da diqqət çəkdir: “Ümumiyyətlə, bu günə qədər mənimçün qaranlıqdır ki, Mehman Əliyev nəyə görə həbs olunmuşdu, kim bu addımın arxasında dayanmışdı? Bunlar hələ araşdırılası məsələlərdir. Mən hesab edirəm ki, bu, olmamalıydı. Ola bilər ki, müəyyən qruplaşmalar var. Gələn il prezident seçkiləri keçiriləcək, şübhə yoxdur ki, maraqlı qüvvələr, xariclə əlaqəsi olan qüvvələr var. Ola bilər ki, onlar belə bir addım atıblar. Amma bu kimi addımlar heç vaxt Azərbaycana başıucalıq gətirmir. Bir daha xüsusi vurğulamaq istəyirəm: 2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir və bu gün ölkədə sabitliyin qorunmasında İlham Əliyevin xüsusi rolu var. Bunu heç kim dana bilməz. Məhz onun yürütdüyü xarici siyasət Azərbaycanda stabilliyin qorunub-saxlanmasına imkan verir. Mənə elə gəlir ki, elə 2018-ci il prezident seçkilərində də elə favorit məhz İlham Əliyev olacaq və İlham Əliyev də yenidən Azərbaycan Respublikasının prezidenti seçiləcək. Çünki indiki siyasi vəziyyət bunu tələb edir. Digər tərəfdən dövlət başçısı iqtisadi islahatlara start verib, müəyyən struktur, institusional dəyişiklikləri aparır. Bütün bunları davam etdirib axıra çatdırmaq üçün əlbəttə, İlham Əliyev dövlətə, ölkəyə lazımdır”.
V.Əhmədov inanır ki, həm siyasi, həm iqtisadi islahatların davamı olacaq: “Çünki dünya dəyişir, Azərbaycan dövləti daha da təkmilləşir, daha çox müstəqilliyini qoruyub saxlamaq üçün addımlar atır, bu, çox vacibdir. İqtisadi cəhətdən müəyyən problemlərimiz var, bu problemləri biz mütəmadi olaraq mətbuatda və parlamentdə işıqlandırırıq. Amma bütün bunlara baxmayaraq, çətinliklərimiz də var. Müstəqil dövləti qoruyub-saxlamaq o qədər də asan deyil. Biz çox önəmli bölgədə yaşayırıq. Həm bəzi qonşu ölkələr, həm Qərb, həm Şimal tərəfdən marağı olan dövlətlər Azərbaycana həmişə təsir etmək imkanlarına malik olurlar. İndi də buna çalışırlar. Amma mən hesab edirəm ki, biz indi daxildəki məsələləri belə yüksək səviyyədə, operativ şəkildə həll edəcəyiksə, Azərbaycanda ciddi problemlər olmayacaq. Cənab prezidentin imzaladığı Strateji Yol Xəritəsinə uyğun olaraq, iqtisadi islahatlar daha sürətlə aparılmalıdır ki, Azərbaycan öz müstəqilliyini qoruyub-saxlasın”.
E.PAŞASOY
Tarix: 13-09-2017, 23:03