Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını”adlı araşdırması hələ də ölkədə gündəmin başlıca mövzusudur. Xatırladaq ki, sözügedən araşdırmaya əsasən, Azərbaycanın hakim elitası avropalı siyasətçilərə ödənişlər etmək və lüks əşyalar almaq üçün iki il ərzində 2.8 milyard dollarlıq (4.76 milyard AZN) gizli fondu idarə edib. İddia olunur ki, Azərbaycan hakimiyyəti 2012 və 2014-cü illərdə məxfi çirkli pullar fondundan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq, pul yumaq və başqa vasitələrlə mənfəətləmək üçün istifadə edib.
Bildirilir ki, 2, 5 milyard avronun (2, 8 milyard dolların) tranş edildiyini göstərən bank sənədləri Danimarkanın “Berlingske” qəzetinə sızdırılıb və qəzet bu məlumatları OCCRP ilə paylaşıb. Bu iki media qurumu sonradan pulların hara getməsinə dair birgə araşdırma aparıb. Təhqiqatın nəticələrini cəmləşdirən yekun məqalə “Azərbaycanın pulyuyan maşını” adlandırılıb, çünki iri məbləğlər mənşələrinin gizlədilməsi üçün silsilə “balıqqulağı” şirkətlərdən keçirilib. Ətraflı bu linkdə: (https://www.amerikaninsesi.org/a/azerbaycan-pulyuyan-mashin/4015784.html)
Sensasion araşdırmadan sonra baş verənlər...
Bu araşdırmadan sonra - sentyabrın 5-də “BBC News” saytında “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı, “The Washington Post” və “The Guardian” qəzetlərində isə bu məsələ ilə bağlı geniş məqalələr dərc olunub. Hansı ki, bu yazı Azərbaycan hakimiyyətinin etirazına səbəb olmaqla yanaşı, bir sıra Avropa ölkələrində də ciddi araşdırma predmetinə çevrilib. Təsadüfi deyil ki, bu yazıdan sonra bir sıra araşdırmalar başladı:
- Bolqarıstan Baş Prokurorluğu Azərbaycan hakimiyyəti ilə bağlı “pulyuyan maşın” jurnalist araşdırmasında adı keçən UNESCO prezidentinin əri Kalin Mitrev haqqında araşdırma başladıb.- Britaniya şirkətlərinin adının hallanması da Birləşmiş Krallığın Baş naziri Tereza Meyin narahatlığına səbəb olub. Meyin rəsmi sözçüsü İngiltərə Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin “The Guardian” və digər media orqanlarının dərc etdiyi bu məlumatları araşdıracağını bildirib.
- Ofşorlara bağlı iki şirkət Azərbaycandan gedib. Britaniyada, 2011-ci ilin dekabrında yaranmış iki şirkətin Bakıdakı nümayəndəlikləri sentyabrın 7-də bağlandıqları haqda borclularını xəbərdar edib. Eyni şirkətlərin təsisçiliyi ilə yaradılan bu şirkətlərə Azərbaycanda eyni şəxs rəhbərlik edirdi. Vergilər Nazirliyinin mətbu orqanı («Vergilər» qəzeti) açıqlayıb ki, «Interex Service Group LLP» və «Novacotek Transportation and Delivery Services LLP» şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri ləğv olunur. Bu nümayəndəliklər 2012-ci və 2014-cü illərdən fəaliyyət göstərirdi.
- “Pulyuyan maşın”dan faydalananlardan biri Cövdət Quliyev, bazar ertəsi İngilis-Azərbaycan Cəmiyyətində tutduğu vəzifədən istefa verib. Araşdırmalara görə, Quliyev 523 000 ABŞ dollarına yaxın pul alıb. Sabiq BP şirkətinin əməkdaşı Azərbaycan neft şirkətində işləyir.
- Azərbaycan hakimiyyətinin Avropadakı ən güclü lobbiçilərindən biri, Belçikanın keçmiş Xarici İşlər Naziri Marc Verwilghen Laundromat söhbətinə görə rəhbəri olduğu, birbaşa rəsmi Bakının maliyyələşdirdiyi təşkilatdan istefa verdiyini açıqladı.
- “Pulyuyan maşın”ın üzvlərindən Sloveniyalı siyasətçi Zmago Jelençiç Plemeniti artıq prezident seçkilərinə namizəd deyil. Partiya onu namizədlikdən kənarlaşdırdı.Azərbaycnda nə baş verdi?
Maraqlıdır ki, rüşvət almaqda ittiham olunan şəxslərlə bağlı operativ araşdırma aparılsa da, bu işdə “pulyuyan” qismində adları hallanan Azərbaycan məmurları ilə bağlı heç bir tədbir görülmədi. Halbuki, bu araşdırmada “baş rol”da daha çox iki məmurun - Baş nazirin birinci müabvini Yaqub Eyyubovun və və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin adı çəkilir. Məlum olur ki, hər iki məmur və ailə üzvləri pulların yuyulması sistemindən istifadə ediblər.
Daha 130 milyon dolların böyük əczaçılıq şirkəti olan “AvroMed”ə getdiyi bildirilir. Bu şirkətin həmtəsisçisi Azərbaycan parlamentində Avropa İttifaqı siyasətçiləri ilə əlaqələrə cavabdeh olan millət vəkili Cavanşir Feyziyevdir.
Hakimiyyətin reaksiyası və gecikməyən cavab...
Sözügedən məmurlar barədə bir qədər sonra. Hələlik isə onu qeyd edək ki, Azərbaycan hakimiyyətinin bu yazıya reaksiyası çox sərt olsa da, hətta bu işin arxasında Corc Soros və erməni lobbisinin durduğu iddia edilsə də, araşdırma müəlliflərinin cavabı gecikmədi. Belə ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsinin nümayəndəsi İlya Lozovski “Amerikanın Səsi”nə müsahibəsində (Link) bu deyilənlərə və araşdırmanın tammailə “uydurma faktlar”a söykəndiyi haqda iddiaları alt-üst etdi: “Azərbaycan rejimi belə araşdırmaları heç sevmir. Çünki onlar özlərini beynəlxalq ictimaiyyətin tam hüquqlu, normal üzvü kimi göstərmək istəyir... Onlar artıq təşklilatı və Guardian qəzetində başqa jurnalistləri qaralamağa başlayıb. Bizim bir sıra ölkələrdə tərəfdaşlarımız var. Azərbaycan hökuməti gizli motivləri qeyd edir. Onlar bizi və jurnalistləri rejim əleyhinə çalışan gizli agentlər kimi təsvir etməyə çalışır. Elə araşdırmanın dərc olunmasından dərhal sonra bizim OCCRP-nin səhifəsi Azərbaycanda bloklandı. Bu da onu göstərir ki, onlar öz vətəndaşlarını qaranlıqda saxlayaraq, milyonlarla dollar məbləğində pulların gizli transaksiyalar vasitəsilə ölkədən çıxarıldığını öyrənməsini istəmir”.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti bu araşdırmadan ciddi narahat olub və burada heç bir qərəzdən söhbət getmir. Sadəcə, belə aydın olur ki, hakimiyyətin milyardları hər zaman karına gəlmir...
Araşdırma “qəhrəmanları” olan məmurlarBizi daha çox düşündürən odur ki, “Azərbaycanın pulyuyan maşını”adlı araşdırmada bir sıra Azərbaycan məmurlarının adı çəkilsə də, hökumətyönlü media nə üçün hədəfi başqa səmtə yönəldir?! İstər televiziyalar, istər də qəzet və saytlar günlərdir cəmiyyətdə belə bir rəy formalaşdırmağa çalışırlar ki, sanki bu yazıda ölkə başçısı hədəf alınıb, başqa kimsənin adı çəkilmir. Halbuki, burada Baş nazirin müavini Yaqub Eyyubovun fəaliyyəti daha qabarıq görünür. Əslində, məlum araşdırma ilə bağlı Prezident Administrasiyasının açıqlaması da dediklərimizi təsdiq edir: "Nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır". Göründüyü kimi, Prezident Administrasiyasının bəyanatında hansısa məmurun müdafiəsindən söhbət getmir. Bu isə bir daha onu deməyə əsas verir ki, yazıda adları qeyd olunan Azərbaycan məmurlarının “pulyuma əməliyyatı”nda iştirakı dolayısı ilə rəsmi şəkildə etiraf olunur.
Prezidenti hədəfə gətirənlər...Təbii ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin araşdırması Azərbaycan məmurlarının talançılıq fəaliyyətini bir daha göz önünə sərir. Lakin təəssüf ki, bu məmurlara “dur” deyən olmadığı üçün onların əməlləri istər ölkə başçısının, istər də dövlətimizin nüfuzunu zərbə altında qoymaqdadı. Və Yaqub Eyyubov kimi məmurlar xalqdan taladığı pulları ofşorlarda “yumağa” davam etdikcə, bunun ən böyük zərbəsinin kimə dəyəcəyi də bəllidir...
Ən maraqlısı isə odur ki, məlum araşdırmada qeyd olunan faktlar Prezident səviyyəsində təkzib olunsa da, barəsində çox ciddi ittihamlar irəli sürülən Yaqub Eyyubov bu məsələdə susqunluq nümayiş etdirir. Nəzərə alsaq ki, susmaq razılıq əlamətidir, deməli, baş nazirin müavini öz qanunsuz əməllərini etiraf edir. Təbii ki, belə bir vəziyyətdə də ölkə başçısı ən azı özünün adını və nüfuzunu qorumaq üçün onu beynəlxaq səviyyədə hədəfə gətirən məmurlar barəsində ciddi qərar vermək məcburiyyətindədir...
Hürriyyət.orq
RƏŞAD
Tarix: 14-09-2017, 08:19